“Heydər Əliyev, şübhəsiz ki, böyük tarixi şəxsiyyətdir” - Erkin Qədirli

heyder-eliyev-subhesiz-ki-boyuk-tarixi-sexsiyyetdir
Oxunma sayı: 5009

“ReAl” partiyasının xarici əlaqələr katibi Erkin Qədirli mərhum prezident Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ildönümü ərəfəsində bununla bağlı öz feysbuk hesabında status paylaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Qədirli qeyd edib ki, insanlar, bir qayda olaraq, müasirləri olduqları, içində yaşadıqları gedişatlara, öz gözlərilə gördükləri hadisələrə üzgörənliksiz, qərəzsiz yanaşa bilmirlər: 

“Bunu hamıdan yaxşı hüquqşünaslar bilirlər, ona görə də şahidlərin ifadələrini nəinki özlüyündə yetərli sübut saymırlar, əksinə, şahidlərin ifadələrinə şübhə ilə yanaşırlar, çünki şahidlərin öz maraqları olur, onlar hadisələri öz faydalarına görə yoza bilirlər.

Eyni zamanda həm hüquqşünas, həm siyasətçi olmağın çətinliklərindən biri də buradan qaynaqlanır. Bir qayda olaraq, bu iki peşədən biri o birinə qurban verilir. Çətin seçimdir. Maks Veberin siyasəti bir məslək və bir peşə kimi iki yönə ayırması da kara gəlmir.

Siyasət elm deyil, orada obyektiv olmaq olmur. Napoleon məşhur riyaziyyatçı alimi, Pyer Laplası, Fransanın Daxili İşlər naziri vəzifəsinə təyin etmişdi. Laplas, ona gələn əməliyyat məlumatlarının üzərində “riyazi baxımdan sübutu mümkün deyil” yazıb geri qaytarırdı. Napoleon onu bir neçə həftədən sonra vəzifədən çıxarmalı oldu.

Tarixi şəxsiyyətlərə olan münasibət də, hadisələrə olan münasibət kimi, dəyişə bilir. Heydər Əliyev, şübhəsiz ki, böyük tarixi şəxsiyyətlərimizdəndir. Bu, ona olan münasibətdən asılı olmayaraq belədir. Heydər Əliyevin hakimiyyətə gəlməsi (1969-da və 1993-də) tarixi hadisələrdir. Bu hadisələrin müasirləri olduğumuzdan bir-birimizə heç nəyi sübut edə bilməyəcəyik, çünki bu günümüzlə bağlı mübahisələrdə keçmişəyönəlik arqumentlərə ehtiyacımız vardır, keçmişi isə bu gün yaşadığımız problemlərin işığında görürük. Praktik ağıl ancaq belə işləyə bilir”.