“İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi İstanbulda nümayiş edilib

irevan-gizledilmis-heqiqetler-senedli-filmi-istanbulda-numayis-edilib
Oxunma sayı: 1624

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə dekabrın 10-da Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində konfrans və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov, “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycanın İstanbul şəhərindəki vitse-konsulu Ramiz Hacızadə, sənədli filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı Prof. Dr. Fatih Sancaktar, İstanbul Universiteti Tarix Bölümü Öyrətim Üyəsi Prof. Dr. Hilal Bal və başqaları iştirak ediblər.        

İstanbul Universitesi Edebiyat Fakültesi Kurul salonunda baş tutan nümayiş öncəsində çıxış edən Fatih Sancaktar Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərinin əhəmiyyətini vurğulayıb.

Deputat Şahin İsmayılov çıxışında erməni yalanlarının bütün dünyada ifşa edilməsi istiqamətində hər iki ölkənin müvafiq qurumlarının, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və gənclər təşkilatlarının səylərini birləşdirməli olduğunu diqqətə çatdırıb. 

Nurəddin Mehdiyev bildirib ki, Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi erməni yalanlarını ifşa etmək, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması, bu şəhərin türk – müsəlman irsinin tamamilə məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Sonra “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi türk dilində nümayiş olunub. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk – müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyəti, İrəvanda Azərbaycan türklərinin mədəni irsinin məhv edilməsi, İrəvandan Azərbaycan türklərinin köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir. 

Film türk dililə yanaşı, Azərbaycan, ingilis və rus dillərində istehsal olunaraq nümayiş etdirilib. Filmin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq olunub.

Filmin ideya müəllifi və layihənin rəhbəri Nurəddin Mehdiyev, baş məsləhətçi AMEA  A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA - nın həqiqi üzvü Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, qurluşçu rejissoru Teymur Nəcəfzadədir.