“İtkin düşmüş şəxslər”in ailə üzvlərinə sığorta pulu ödənilmir

itkin-dusmus-sexslerin-aile-uzvlerine-sigorta-pulu-odenilmir
Oxunma sayı: 662

“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, “İtkin düşmüş şəxslər”in ailə üzvlərinin hüquqlarının müdafiəsinə ictimai dəstəyin təşkil edilməsi zərurəti yaranıb.

2008-2012-ci illər ərzində təşkilatımız tərəfindən aparılan araşdırmalar göstərir ki, “İtkin düşmüş şəxslər”in ailə üzvləri mənəvi və psixoloji təsirlərə məruz qalmaqla yanaşı, bir sıra sosial problemlər də qarşılaşırlar. Bunlardan mənzil, sosial sığorta, müalicə və s. problemləri sadalamaq olar. Amma bu heç də tam siyahı və ən vacib məsələlər deyil.

Ən vacib məsələ indiyədək “İtkin düşmüş şəxslər”in ailə üzvlərinə məcburi dövlət sığorta pulunun ödənilməməsi və Ermənistanın təcavüzü nəticəsində onlara dəymiş zərərin müəyyən edilməməsi ilə bağlıdır.

İndiyədək Ermənistanın təcavüzü nəticəsində “İtkin düşmüş şəxslər”in ailə üzvlərinə dəymiş zərərin müəyyən edilməməsi və dəymiş zərərin Ermənistan hökuməti tərəfindən ödənilməsinin tələb edilməməsi başa düşülən deyil.

Bütün yuxarıda göstərilənləri əsas tutaraq bəyan edirik:

1. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi bölgəsində 1991-1994-cü illər ərzində aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçulara və mülki şəxslərə və onların ailə üzvlərinə, yəni valideyinlərinə, arvadlarına (ərlərinə), övladlarına, bacı və qardaşlarına, varis hüququnu qazanmış digər qohumlarına müvafiq status verilməsi haqqında xüsusi qanun qəbul edilməlidir.

2. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi bölgəsində gedən döyüş əməliyyatları zamanı itkin düşmüş şəxslərin ailə üzvlərinin qarşılaşdığı sosial problemlərin araşdırılmasına, onlara münaqişə (Ermənistanın təcavüzü) nəticəsində dəymiş zərərin müəyyən edilməsi, dəymiş zərərin Ermənistan hökuməti tərəfindən ödənilməsinin təmin olunması, bu sosial qrupun hüquqlarının müdafiəsi sahəsində mövcud olan digər problemlərin aşkarlanması, onların aradan qaldırılması üzrə dövlət və hökumət tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.