Kamran Samir Piriyevlə bağlı hər şeyi açıqladı - Fotolar

Kamran Samir Piriyevlə bağlı hər şeyi açıqladı
Oxunma sayı: 4873

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənlinin arasındakı maliyyə məsələsi təxminən iki ildir istintaqda araşdırılır, mediada danışılır.

“Qafqazinfo” xəbər verir ki, ittiham edilən K.Həsənli və vəkili Türkel Süleymanlı mətbuat konfransı keçiriblər. Onlar istintaqın qərəzli aparıldığını və S.Piriyevin məqsədli şəkildə yalan danışdığını bildiriblər.

T.Süleymanlı çıxış edərək S.Piriyevin bu biznes işinə necə qarışdığını açıqlayıb: “Kamran Həsənli 2008-ci ildə anasını Türkiyəyə aparanda orada iş adamı Erhan Yılmazla tanış olub. Erhanın biznes təklifinə Kamran “hə” deyir. Nağd pulu olmadığı üçün evini satıb pulun hamısını biznesə yatırır. Kamran şou aləmindəki tanışları - Elariz Məmmədoğlu, Qismət Məmmədzadə, Ədalət Şükürov, Nadir Qafarzadə və digər şəxslərə də şərik olmağı təklif edir. Müğənni Samir Piriyev obyektin şəkillərinə baxır, sonra da gedib yerindəcə görür və könüllü olaraq razılıq verir. Şərt belə olur ki, Samir 250 min avro yatırım etdikdən sonra obyektin 10 faizinə şərik olacaq. Samir isə 115 min dollar verir, 135 min dollar qalır. Bu qalan pulu söz versə də, çatdırmır. Erhan Yılmaz da Samirin pulu verəcəyinə arxayın olduğu üçün tikinti işləri görməyə başlayır, amma Samir pulun qalanını vermədiyi üçün özü bankdan kredit götürərək işləri davam etdirir. 

Bir müddət sonra Samir Piriyev 115 min dolları geri istəyib. Ona təklif edilib ki, obyektdən gəlir gəlməsini gözləsin, çünki Erhanın da Kamranın da nağd pulu olmayıb. Sonra iqtisadi böhran nəticəsində obyektlərin dəyəri aşağı düşür. Kamran Həsənli də həmin obyektdən heç bir gəlir əldə edə bilməyib. Samir Piriyev yalvararaq Kamrandan pulunu istəyib. Onun xahişi ilə Erhan Yılmaz 15 min dollar Samirə göndərir. Sonra Samirin təklifi ilə onun tapdığı müştəriyə Kamranın maşını 20 min dollara satılır. Pulu da Samirə verilir. Bundan bir qədər sonra Samir Piriyev polisə şikayət edib”. 

Vəkil qeyd edib ki, şikayətdən sonra başladılan cinayət işində müstəntiq onlara qarşı qərəzli davranmağa başlayıb: “Biz cinayət işinə xitam verilməsi üçün vəsatət verdik, rədd edildi. Samir polisə ifadəsində deyib ki, 80 min dollar pulu 2009-cu ildə Heydər Əliyev Mərkəzinin yanında maşında Kamrana verib. Bu vaxt Kamran ona deyib ki, ola bilməz, çünki mərkəz 2012-ci ildə inşa edilib. Bundan sonra Samir ərizəsində ifadəsini dəyişərək görüş yeri kimi çay evi yazıb. 

O deyib ki, pulu “Gənclik” metrosunun yaxınlığındakı çay evinin kabinetində verib. Həmin obyektin sahibi istintaqa ifadəsində dedi ki, orada heç vaxt kabinet olmayıb. 

Samir Piriyevin şəxsi bərbəri saxta şahid kimi çıxış edir. İstintaqa deyib ki, Samirlə birgə çay evinə gedəndə obyektdə Kamrandan başqa heç kim olmayıb. Kamran da, Samir də guya pulu saymayıblar. 80 min dolları kim alanda ya verəndə saymaz?” 

T.Süleymanlı əlavə edib ki, Türkiyədəki biznesi quran Erhan Yılmazın etirafı da müstəntiqi razı salmayıb: “Erhan Yılmaz istintaqa məktub göndərib ki, Kamran Həsənliyə 300 min avro, Samir Piriyevə 80 min dollar borcu var. Sonra da Bakıya gəlib istintaqa da eyni ifadəni verdi. Samirlə üzləşmə zamanı da pulu özünün aldığını, Samir onla şərik olacağını dedi. Sonra da əlavə etdi ki, Samir Piriyevin verdiyi 115 min dollar beh sayıldığı üçün qaytarılmalı deyil. Sadəcə Kamranın xahişinə görə 15 min dollar geri verib. 

Amma istintaqın mövqeyi belədir ki, Kamran Həsənli pulu burada alaraq xərcləyib. Samir Piriyev qanunsuz olaraq Kamranla söhbətini “zapis” edib və kəsərək istintaqa verib. Amma tam versiyasında deyir ki, bir neçə dəfə obyektə baxmaq üçün Türkiyəyə gedib. Əgər özünün dediyi kimi orada obyekt yox imişsə, niyə 6 il ərzində şikayət etməyib?

Samir Piriyevin Kamran Həsənliyə böhtan atmasına görə şikayət etmişik, istintaqın yekunlaşmasını gözləyirik”. 

Bundan sonra Kamran Həsənli də başına gələnlərdə bağlı danışıb. O bildirib ki, cinayət işinin istintaqının aparıldığı Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Pərviz Məmmədov şahidi həbs etməklə hədələyib: “Erhan Yılmaz istintaqda Samirin əlini Qurana basıb dedi and iç ki, mənlə şərik olmamısan. Samir dayandı, orda yalan deyə bilmədi və Erhanla şərik olduğunu etiraf etdi. Erhan Yılmaz gəlmədən öncə müstəntiq Pərviz Məmmədov ona zəng edərək Azərbaycana gələrsə, onu həbs edəcəyini deyib. Bu barədə Erhan nazir Ramil Usubova müraciətində qeyd edib. İki ildir yalan üzərində cinayət işi başladıblar, indi də istədikləri kimi alınmadığı üçün bağlaya da bilmirlər. İki ildən sonra indi özlərindən uydurublar ki, Samirin bərbəri də pul veriləndə həmin çay evində olub. Bəs 2 ildir bu şahid harda idi?

O çayxanada dəfələrlə Röya, Ədalət, Nadir, Elariz, Eyyubla bir yerdə oturmuşuq. Biz istintaqa 8 şahid təqdim etdik. Onlar – çayxananın sahibi Elariz Məmmədoğlu, iş adamı İmran Haqverdiyev, musiqiçi Akif Məmmədov, jurnalist Afət xanım idi. Əvvəlcə müstəntiq bu şahidləri dindirməkdən imtina etdi, sonra mən Bakı şəhər prokurorluğuna müraciət etdikdən sonra həmin adamlar dindirildi. Mən şahid olduğum halda qanunsuz olaraq ölkədən çıxışıma qadağa qoyulub və Pərviz Məmmədov istintaq sirrini pozaraq qarşı tərəfə bu barədə məlumat verib. Onlar da çıxıb bunu mətbuata açıqlayıblar. 

Əvvəl mənə deyirdilər belə müstəntiqlər var, inanmırdım. 5-10 manata görə insanların həyatını məhv edən müstəntiqlər var. Biz müraciət edirik ki, müstəntiq Pərviz Məmmədov dəyişdirilsin, iş başqasına verilsin”.  

Müğənni Elariz Məmmədoğlu da konfransda çıxış edərək K.Həsənlinin dələduz olmadığını deyib: “Mən internetdə məlumatı görəndə özüm şahid kimi ifadə verməyi Kamrana təklif etdim. Məsələ belə idi ki, bizim hamımıza Türkiyədə biznes qurmaq təklif edildi. Mən də razılaşdım, evimi satmaq istədim. Elan da verdim, bir müddət sonra müştəri tapdım. Kamrana zəng edib dedim ki, evə alıcı tapmışam. Kamran dedi evi satma, şirkət müflis oldu. Mən də, Samir də, şirkətin rəhbəri də ziyandadı. Bütün dünyada maliyyə böhranı başlamışdı. Buna görə evi satmadım. Sonra fikirləşdim ki, sağolsun Kamran Həsənli, qoymadı evi satam, indi kirayələrdə qalırdım. Kamran dələduz olsaydı, mənə də evi satdırıb pulu alardı. 

Samir özü də müsahibəsində demişdi ki, Türkiyədə biznesi var. O boşananda görüşdüm, barışdırmaq istədim. Buna görə niyə ayrıldığını soruşdum. Dedi ki, biznesimə görə tez-tez Türkiyəyə gedirəm. Bu səbəbdən ailəmdə soyuqluq yaranıb”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi