“Kim Çen İr, cəhənnəmdə yan!” - Aksiya

kim-cen-ir-cehennemde-yan-aksiya
Oxunma sayı: 903

“Media forum” saytı xəbər verir ki, aksiyada iki qrupdan – Azad Şimali Koreya Uğrunda Mübarizlər və Şimali Koreya Azadlıq Cəbhəsindən 50 nəfər iştirak edib.

Şimali Koreyanın Pxacu sərhəd şəhəri ərazisindən göyə buraxılan on minlərlə vərəqədə Pxenyan rejiminə və hakimiyyətin Kim Çen İrin oğlu Kim Çen Una ötürülməsinə qarşı üsyana qalxmağa çağırışlar yazılıb. Məlumata görə, aksiyaçılar köpürdülmüş şarlara “Kim Çen İr, cəhənnəmdə yan!” və “Kim Çen Un, sən məhkumsan” şüarlarını da yapışdırıblar.

Ərəb ölkələrindəki xalq hərəkatlarından sonra Şimali Koreyada belə aksiyaların tez-tez keçirildiyi bildirilir. Sonuncu aksiyanın Kim Çen İrin ölüm xəbərindən iki gün sonra – dekabrın 21-də keçirildiyi vurğulanır.

1994-cü ildən ölkənin lideri olmuş Kim Çen İr dekabrın 17-də ürək tutmasından ölüb. 1994-cü ilə qədər Şimali Koreyanı onun atası Kim İr Sen idarə edib.

Ölkənin yeni rəhbəri, 1948-ci ildən davam edən sülalə hakimiyyətinin növbəti nümayəndəsi olan Kim Çen Un 1982-ci il yanvarın 8-də anadan olub. Anası Kim Çen İrin qeyri-qanuni arvadı Ko Yon Xidir.

Kim Çen Un Berndə (İsveçrə) Beynəlxalq Məktəbi bitirib, sonra təhsilini vətəninin paytaxtı Pxenyanda, Kim İr Sen adına Hərbi Universitetdə davam etdirib.

2009-cu ildə Kim Çen İrin Koreya Fəhlə Partiyasının rəhbərlərinə göstəriş verərək Kim Çen Unu özünün varisi elan etməsi haqda məlumatlar dərc olunub. 2010-cu ilin yanvarında Şimali Koreya hökuməti yanvarın 8-ni - Kim Çen Unun doğum gününü milli bayram elan edib.

2010-cu ilin sentyabrında Kim Çen Una general rütbəsi verilib.

2010-cu il sentyabrın 29-da Kim Çen Unun hakim Fəhlə Partiyasının Mərkəzi Komitəsinə üzv olduğu və Mərkəzi Hərbi Komissiyanın sədr müavini təyin edildiyi bildirilib.

Atasının ölümündən az sonra Kim Çen Un rəsmən varis, ölkənin yeni rəhbəri, Silahlı Qüvvələrin ali baş komandanı elan edilib.