Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

konstitusiya-mehkemesi-ali-mehkemenin-qerarini-legv-etdi
Oxunma sayı: 2480

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, iclasda M.Əzizovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2017-ci il 30 may tarixli qərarının Konstitusiyaya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cəfər Əzizovun Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və s. iddia tələbinə dair mülki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 30 may tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Məcəllənin 1243.3-cü maddəsinə,  Mülki Prosessual Məcəllənin 416-cı, 417.1.3-cü, 418.1-ci və 418.3-cü maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.