Londonda Beynəlxalq Bankın xarici kreditorları ilə görüş keçirilib

londonda-beynelxalq-bankin-xarici-kreditorlari-ile-gorus-kecirilib
Oxunma sayı: 736

Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun da iştirak etdiyi toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Görüşdə bildirilib ki, ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün həyata keçirilən xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə aid olacaq: 

1. Ticarət yönümlü təminatsız borclar; 
2. Üstün hüquqa malik təminatsız borclar; 
3. Subordinasiya krediti. 
Bu öhdəliklərin ümumi məbləği 3.3 milyard ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək. Xarici kreditorlara təqdim olunan restruktizasiya planına dair təqdimatla bu link vasitəsilə tanış olmaq mümkündür: 

https://www.ibar. az/en/investors/investor-presentation.

Görüşdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanının icrası çərçivəsində bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir. 
2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməlləri və manatın əsas xarici valyutalara qarşı devalvasiyası nəticəsində ABB-nin maliyyə mövqeyinin zəiflədiyi və öhdəliklərin könüllü restrukturizasiyası tədbirinin zəruri olduğu bildirilib. Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.

Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir.
“Bankın uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması və gələcəkdə özəlləşdirilməsinə hazırlıq üzrə aparılmış sistemli qiymətləndirmələr göstərdi ki, bankın təkcə aktivlərinin deyil, öhdəliklərinin də könüllü restrukturizasiyası vacibdir. Əminik ki, bu ədalətli niyyətimiz restrukturizasiya planının əhatə etdiyi bütün xarici kreditorlarımız tərəfindən razılıqla qarşılanacaq və onlar bank üçün dəyişikliklər dövründə uzunmüddətli həllərin tapılması üçün dəstək göstərəcəklər. Bir daha qeyd edirəm ki, xarici öhdəliklərin restrukturizasiyası prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur” – deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Könüllü restrukturizasiya planının xarici kreditorların 13 iyul 2017-ci il tarixinə planlaşdırılan yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur. Kreditorların toplantısı barədə bildiriş ABB tərəfindən restrukturizasiya planının əks olunduğu informasiya memorandumu və səsvermə proseduru ilə birgə 14 iyun tarixində yayımlanacaq.