Mehdi Hüseynzadənin abidəsi önündə anım tədbiri

mehdi-huseynzadenin-abidesi-onunde-anim-tedbiri
Oxunma sayı: 1065

Yasamal rayon İcra Hakimiyyəti Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə anım tədbiri keçirib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə icra başçısı Əziz Əzizov, aparatın kollektivi, Böyük Vətən Müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun idarə və müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin zabitləri, Mehdi Hüseynzadənin yaxınları iştirak ediblər. 

Əziz Əzizov veteranlarla görüşdə bildirdi ki, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. 

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatını təmin edib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Görüşdə çıxış edən veteranlar ölkə başçısı İlham Əliyevə veteranların problemlərinə xüsusi diqqət yetirdiyinə, onlara hərtərəfli qayğı ilə yanaşdığına və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atdığına görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur.