Milli Məclisin spikerinin adı qalmqalada

milli-meclisin-spikerinin-adi-qalmqalada
Oxunma sayı: 677

Milli Məclisin spikeri Oqtay Əsədovla xanımı Zemfira Əsədovanın adının hallandığı mülk qalmaqalının yeni təfərrüatları məlum olub. Xatırladaq ki, bu barədə ilk məlumatı “Azadlıq” qəzeti yayıb. Həmin məlumatda bildirilirdi ki, Oqtay Əsədovun kürəkəni Kamran Balayev xanımından boşanma mərhələsindədir. Bu isə Əsədovlar ailəsi ilə Kamran Balayev arasında mülk qalmaqalına səbəb olub. Əsədovlar ailəsi keçmiş kürəkəninin evini əlindən alıblar.

Hazırda bu iş məhkəmə müstəvisində çözülür. Həmçinin onu da bildirmişdik ki, Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzi olan Kamran Balayev Əsədovlar ailəsinin təzyiqi ilə üzləşərək ölkəni tərk edib. O, hazırda Ingiltərədədir. Kamran Balayevin vəkili Adəm Məmmədovun “Təzadlar” qəzetinə müsahibəsindən aydın olur ki, boşanma barədə iddia ilə məhkəməyə Kamran Balayevin həyat yoldaşı Nərminə xanım müraciət edib: “Boşanma haqqında məhkəməyə birinci Oktay Əsədovun qızı, Kamran müəllimin sabiq həyat yoldaşı Nərminə xanım müraciət edib. Ümumiyyətlə, bütün iddialar, həm mülk, həm də boşanma haqqında olan iddialar onlar tərəfindən verilib. Biz hələ heç bir iddia qaldırmamışıq. Lakin qaldırmaq niyyətindəyik... Artıq bütün hüquqi sənədlər hazırdır. Mülklə bağlı iddianı isə Oqtay Əsədovun xanımı Zemfira Əsədova qaldırıb. Onu deyə bilərəm ki, bu iddia çox absurd bir iddiadır. Heç bir əsası və kökü olmayan bir iddiadır. Iddiadan çıxan yeganə məntiq belədir ki, “Mən belə istəyirəm, belə də olmalıdır".

Adəm Məmmədovun sözlərinə görə, Zemfira Əsədova Kamran Balayevdən maddi təzminat da tələb edir. Vəkil daha sonra bildirib ki, onlar hələ ki, bu məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyirlər. Lakin bu baş verməsə, müəyyən faktları açıqlamalı olacaqlar: “Zemfira xanım, Oqtay müəllim və Kamran müəllimin sabiq həyat yoldaşı yaxşı bilirlər ki, bu məsələ nədən qaynaqlanıb və niyə məhkəmələrdə dava açıblar? Biz də öz növbəmizdə bu barədə xeyli düşünmüşük və lazımı versiyalarımız da var. Ancaq hələlik çox şeyi demək istəmirəm. Elə şeylər var ki, desəm cəmiyyətdə bir az ”bomba" effekti yaradacaq. Biz indiyə qədər çalışmışıq ki, məsələ çox şişməsin, ictimailəşməsin. Ancaq qarşı tərəfin atdığı bəzi qanunsuz addımlar bizi də məcbur etdi ki, müəyyən məsələləri ictimaiyyətə çatdıraq".