“Mossad”ın Lənkəran planı - - "Əlini uzatsan, İrana çatar"

mossadin-lenkeran-plani-
Oxunma sayı: 2039


İsrail tərəfi bu güclü təhlükəsizlik tədbirlərini Lənkəranın İrana yaxınlığı ilə əlaqələndirib. “Lənkərandan əlini uzatsan, İrana çatar” - deyə İsrail təhlükəsizlik əməkdaşı bildirib.

“Makkabi” ilə “Xəzər Lənkəran” arasında ilk oyun ötən həftə İsraildə keçirilib. Azərbaycan komandasının İsrailə səfəri ilə bağlı əvvəlcə problem yaranmışdı. Çünki İsraildə XİN əməkdaşlarının tətil etməsi və Bakıdakı İsrail konsulluğunun da bu tətilə qoşulması səbəbindən komanda üzvləri viza ala bilmirdi. Nəticədə “Makkabi” rəhbərliyi kömək üçün İsrail XİN-ə müraciət edib və nazirliyin yüksək ranqlı əməkdaşının işə qarışmasından sonra viza məsələsi həll olunub. İlk oyun “Makkabi”nin xeyrinə 2:0 hesabı ilə başa çatıb.

Xəbərdə bildirilir ki, İsrail tərəfi də cavab oyununa ciddi hazırlaşır və “Makkabi”nin Lənkərana səfəri “müstəsna təhlükəsizlik tədbirləri ilə” müşayiət olunacaq. “Makkabi” rəhbərliyi Lənkəranın İranla cəmi bir neçə kilometr məsafədə yerləşdiyini nəzərə alaraq təhlükəsizliklə bağlı riskə getmək istəmir. Ona görə də İsrail dövləti  “Makkabi”nin mühafizəsi üçün güclü mühafizə ayırıb, bu işə “Mossad” əməkdaşları da cəlb olunub.

Komandanın təhlükəsizliyi ilə bağlı Azərbaycan tərəfi də ciddi tədbirlər görür və oyunla bağlı yerli polis səfərbər olunur. Oyun iyulun 25-də keçiriləcək. Qeyd edək ki, İsrail dövləti bundan əvvəl də beynəlxalq yarışlarda iştirak edən idman komandalarını və ölkəni təmsil edən digər heyətləri mümkün terror təhlükəsinə qarşı güclü mühafizə edib. Bu heyətlərə xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup qoşulub.