“Müğənnilərimiz daha cəsarətsiz oldu”

mugennilerimiz-daha-cesaretsiz-oldu
Oxunma sayı: 640

“Əziz, dəyərli dinləyici və tamaşaçılarım! Dostlar!

Adətən, ilin sonunda müəyyən yekunlar vurulur, gələcəyə planlar cızılır. Hər bir insan özü-özünə, ictimai xadim isə həm də cəmiyyət qarşısında gördüyü işlər barədə bir növ hesabat verir.

2012-nin son günləri (bəlkə də tək günləri deyil, demək olar ki, son ayları) o qədər gərgin iş rejimində keçdi ki, yalnız 2013-ün ilk günlərində fürsət tapıb, ötən ili, yaradıcılığımdakı fəaliyyəti nəzərdən keçirdib, olanları qiymətləndirə bildim.

2012 mənim üçün, heç şübhəsiz ki, 5 illik fasilədən sonra ölkənin Mərkəzi Konsert Salonu – Heydər Əliyev Sarayının səhnəsində verdiyim 4 günlük anşlaqlı “F.A VIDA” adlı solo-konsertim ilə səciyyələndi. 25 illik səhnə fəaliyyətimin “Ən məsuliyyətli addım”ı adlandırdığım və çağdaş estrada tariximizə parlaq səhifə kimi yazılacaq bu layihə, yaradıcılığımın növbəti zirvəsi hesab oluna bilər. Nə xoş, nə şərəf mənə!

Konsertdən sonra mənə gələn təbriklərdən birində yer alan “... Faiq bəy, təbrik edirəm! Siz növbəti rekorda imza atdınız. Sizə qədər heç bir müğənninin etmədiyini etdiniz, 4 günlük tam anşlaq ilə konsert keçirdiniz!...” - fikri doğrusu bir qədər təəccüblə qarşıladım. Təbrik edən şəxsə təşəkkür edib, daha əvvəl 2007-ci ildə “F.AetirA.F” adlı 5 günlük solo-konsert keçirtdiyimi xatırlatdım. Lakin, aldığım: “... o dövr başqa idi...” cavabı məni bu barədə dərindən düşünməyə sövq etdi.

Həqiqətən də, diqqət etsək, görərik ki, 90-ci illərin sonu, 2000-lərin əvvəlində bir çox müğənni və xanəndələrimiz konsert verib, ölkənin əsas konsert salonunda çıxış edirdi, minnətdar tamaşaçı da həvəs ilə konsert salonuna axın edirdi. Lakin, getdikcə tamaşaçı - daha tələbkar, müğənnilərimiz isə - daha ehtiyatlı və, bəlkə də, daha cəsarətsiz oldu.

Nəticədə, bu gün (nadir istisnalar olmaqla) demək olar ki, hər hansı bir müğənninin hətta 1 günlük solo konserti hadisə halına çevrilib. Və bu prizmadan yanaşsaq, 2012-də verdiyim 4 günlük silsilə konsertlər, bəlkə də 2007-də keçirilən 5 günlük konsertdən daha üstün sayıla bilər.

Bəli, Sizdən gələn müsbət, pozitiv enerji, doğmalıq, hərarət, dəstək, alqış və etina məni bu böyük uğura müvəffəq elədi! Səhnə həyatımın növbəti şanlı səhifəsinə imza atdım.

Əslində, 5 illik konsert fasiləsindən sonra, 2012-ci ilin 27-30 dekabr tarixlərində mən bütünlükdə 25 illik səhnə fəaliyyətimə görə qarşınızda hesabat verirdim. 4 günlük, anlşlaqlı, canlı HESABAT.

Bu məktub isə - Sizlərlə sonsuz təşəkkürümü bildirməyə növbəti bir imkan idi.

Var olun, əzizlərim! Növbəti qələbələrədək! Hörmətlə, Sizin 1oo%F.A”.

Aynur Babayeva