Müharibəni başlamaq məqamıdır! – II yazı

muharibeni-baslamaq-meqamidir-ii-yazi
Oxunma sayı: 653

Bu, ilk növbədə Azərbaycanın daxili imkanları ilə bağlıdır. Ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ordu Azərbaycanda, həmçinin Türkiyə və digər xarici ölkələrdə təhsil almış hazırlıqlı zabitlərlə təmin edilib. Əsgərlərin fiziki, hərbi, mənəvi hazırlığına xüsusi diqqət yetirilir. Orduda, bəzi istisnalar nəzərə alınmazsa (bu cür istisnalar dünyanın istənilən ordusunda ola bilər), ciddi nizam-intizam yaradılıb. Silah-sursat, hərbi texnika cəhətdən Azərbaycanın üstünlüyü şəksizdir. Bunu xarici ekspertlər, beynəlxalq statistika qurumları da təsdiq edirlər. Hərbi xərclər görünməmiş həddə çatdırılıb, son 3 ildə rəsmi hərbi xərclər 10 milyard dollardan artıq olub. Qeyri-rəsmi xərclərin olduğu istisna edilmir. Hərbi əməliyyatların başlayacağı təqdirdə hərbi xərclərin ən azından 10 dəfə artırılması imkanları var. Müharibənin başlanması üçün beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. BMT Nizamnaməsinin 51-ci maddəsi bu hüququ Azərbaycana verir. Müharibə variantı üçün daxildə 2 xoşagəlməz məqam qeyd oluna bilər. Onlardan biri regionda müharibənin başlanmasını istəməyən iri dövlətlərin ölkədaxili bəzi siyasi qüvvələrdən istifadə etmək ehtimalı ilə bağlıdır. Bu cür siyasi qüvvələrin mövcudluğu istisna edilmir. Lakin onların neytrallaşdırılması mümkündür. Digər xoşagəlməz hal hakimiyyətin müharibə qərarına gələ bilməməsi, tərəddüd etməsi ilə bağlıdır. Mən bunu daha çox xarici təzyiqlərlə əlaqələndirirəm. Hakimiyyət xarici təzyiqlərin təsirinin azaldılması yollarını tapmalıdır.
Ermənistan yeni müharibəyə hazır deyil və hər cəhdlə hərbi əməliyyatların yenidən başlanması perspektivindən qaçmağa çalışır. Ermənistan Azərbaycanla silahlanma yarışına davam gətirmək iqtidarında deyil, maliyyə və insan resursları çox aşağı səviyyədədir. Dağlıq Qarabağda və Ermənistanda əhalinin, o cümlədən orduya çağırışçılarının sayı durmadan azalır. Ermənistanda valideyinlər övladlarının hərbi xidmət keçmək üçün Dağlıq Qarabağa və Azərbaycanla sərhəd bölgələrinə getmələrinin qarşısını bütün vasitələrlə alırlar. Real müharibə təhlükəsi qarşısında bu proseslərin kütləvi hal alacağı şübhə doğurmur. İşğalçı Ermənistan ordusundan fərarilik halları artıq geniş miqyas alıb. Rusiyanın bütün dəstəyinə və imtiyazlı satış qiymətlərinə baxmayaraq, Ermənistan ordusu özünü yeni silah və texnika ilə təmin edə bilmir. Onların Ermənistandakı Rusiya hərbi bazalarına ümidləri də optimist olmalarına əsas vermir. Müxtəlif hərbi mənbələrin bildirdiyinə görə, Rusiyanın Ermənistandakı hərbi bazaları köhnə və o qədər də yararlı olmayan “az sayda silah, sursat anbarından” başqa bir şey deyildir. Bu şəraitdə Ermənistan yenidən müharibənin başlanmasını istəmir və bunun üçün beynəlxalq təşkilatların, böyük dövlətlərin dəstəyini qazanmağa çalışır. Ermənistan beynəlxalq rəydə belə bir fikri formalaşdırmağa çalışır ki, artıq müharibə qurtarıb, geriyə, müharibəyə qayıdış yolverilməzdir, müharibədən sonrakı vəziyyətin nizama salınması ilə məşğul olmaq lazımdır. Ermənilər özləri üçün isə hesab edirlər ki, Qarabağ münaqişəsinin birinci, qaynar, hərbi mərhələsini başa çatdırıblar, qələbə qazanıblar, indi münaqişənin ikinci mərhələsində qaynar fazanın bərpasına imkan verməməli və əldə etdiklərini, birinci fazanın nəticələrini müxtəlif vasitələrlə möhkəmləndirməli, prosesin geri dönməzliyini təmin etməlidirlər. Ermənilərin bu məqsədlə istifadə etdikləri ən müxtəlif vasitələri ümumi adla “xalq diplomatiyası” adlandırmaq olar. Buraya Azərbaycanda keçirilən beynəlxalq və regional tədbirlərdə erməni nümayəndələrinin iştirakı, Azərbaycanlıların Ermənistandakı tədbirlərə dəvət olunması, müxtəlif xarici ölkələrdə iki ölkənin nümayəndələrinin görüş və müzakirələrinin keçirilməsi, icmalararası görüşlərin təşkil olunması, beynəlxalq mərkəzlərin, fondların, ayrı-ayrı səfirliklərin və digər qurumların maliyyələşdirdikləri müştərək layihələrdə iştirakın təmin edilməsi və sair vasitələri daxil etmək olar. Ermənilər yaxşı bilirlər ki, hər belə tədbir Azərbaycan cəmiyyətində yumuşalmaya, barış əhvalına, mövcud reallıqla hesablaşmaq istəyinə, müharibə variantından imtina meyllərinə yol açır, Ermənistanda isə tam qələbəyə inamı artırır. Bu prosesin ən təhlükəli cəhəti ondan ibarətdir ki, ermənilər öz planlarını həyata keçirmək üçün xarici donorların vasitəsi ilə Azərbaycanda da özlərinə müttəfiqlər tapa bilirlər. Lakin Azərbaycanda bu prosesin əleyhdarları daha çox olduğuna görə ermənilərin və onların havadarlarının öz məqsədlərinə çatacaqları real deyil. İstənilən halda bu prosesin qarşısını almaq üçün ən təsirli vasitə müharibədir.