Nazir 5 rayonun sakinləri ilə görüşdü

nazir-5-rayonun-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1061

Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayonunda vətəndaşlarla Zaqatalada görüş keçirib. Görüşdə Şəki, Zaqatala, Balakən, Qax və Oğuz sakinlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə iştirak edənlər regionlarda istehsal olunan sənətkarlıq nümunələrinin Bakıda satışının təşkil olunması, uşaq musiqi və incəsənət məktəblərində attestasiyaların keçirilməsi, tarixi ənənələr əsasında yeni milli geyim növlərinin, onların çeşidlərinin, elementlərinin hazırlanmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Zaqatala sakinlərinin müraciətləri kompüter proqramlarının öyrənilməsi məqsədilə kitabxanalarda çalışan multimedia mütəxəssislərinin hazırlıq və ixtisasartırma kurslarına cəlb olunması, Balakəndən qəbula yazılan vətəndaşlar tərəfindən rayonda rəsm qalereyasının yaradılması, əhalinin rəqsə marağını nəzərə alaraq bölgədə rəqs festivalının keçirilməsi, Qax sakinləri uşaq incəsənət məktəbi üçün yeni tədris binasının tikilməsi haqda müraciət ediblər. Oğuz sakinləri isə kitabxana fondlarının tibb və kənd təsərrüfatına aid ədəbiyyatlarla komplektləşdirilməsi, rayonda keçirilən “Şəfa” bayramının daha geniş şəkildə qeyd olunması, rayonda rəsm qalereyasının yaradılması barədə xahişlərini diqqətə çatdırıblar.

Nazir mediaya açıqlamasında tarixi abidələrin təmir-bərpa olunması məsələsinə toxunaraq vurğulayıb ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Bununla yanaşı, tarixi abidələrin qorunmasında ictimaiyyətin də yaxından iştirakı vacibdir.