Nazir məşğulluq orqanlarının fəaliyyətindən narazılıq etdi

nazir-mesgulluq-orqanlarinin-fealiyyetinden-naraziliq-etdi
Oxunma sayı: 1894

“Dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalı, özünüməşğulluq proqramı genişləndirilərək, bütün ölkə boyu icra olunmalıdır. Bu proqramın şəffaf və səmərəli icrası, onun əhatə edəcəyi aztəminatlı ailələrin sayının bu il 7 min nəfərə çatdırılması və gələcək illərdə isə daha da artırılması qarşıda duran vacib vəzifələrdəndir”.

“Qafqazinfo” xəbər verir ki, bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair keçirilən müşavirədə nazir Sahil Babayev deyib.

O, çıxışında məşğulluq orqanlarının fəaliyyətinin nəticələrinin, o cümlədən işsiz və işaxtaran kimi qeydə alınmış insanların məşğulluğunun təmin edilməsi göstəricilərinin qənaətbəxş olmadığını qeyd edib: “Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və s. vacib vəzifələrdəndir. Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır.

Nazir bu və digər müvafiq istiqamətlər üzrə hədəflərə nail olunması məqsədilə təkliflərin hazırlanması üçün nazirlikdə İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb. 

S.Babayev sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlar üçün kvota üzrə iş yerlərinin ayrılması sisteminin təkmilləşdirilməsinin, məşğulluq sahəsində vahid elektron məlumat bazasının, əmək bazarına dair monitorinq və proqnozlaşdırma sisteminin qurulmasının və s. vacib vəzifələrdən olduğunu, bununla əlaqədar da konkret təkliflərin hazırlanacağını bildirib.