Ölkənin “bicbala”ları

olkenin-bicbalalari
Oxunma sayı: 12035


İnkar etmək olmaz ki, cəmiyyətimizin bicbala, məşuq və məşuqə kimi  həqiqətləri var. “Filankəsin filanksəsdən uşağı varmış, “sən demə uşağın atası o imiş”, “filan kişinin başqasından uşağı da varmış” kimi deyimlər, şok xəbərlər də bizimkilərin həqiqətləri arasında yer alır. Bu həqiqətlər kimi üçün adi, kimi üçün “bomba”, kimi üçün də həyatı bahasına mövcuddur. 

Bicbala el arasında kimə deyilir, bunu hamımız yaxşı bilirik və bu, barəsində pıçıltı ilə danışdığımız mövzulardandır. Bicbala “qeyri-qanuni” şəkildə, nigahsız qadından  dünyaya gələn günahsız uşaqlara da deyilir. Bir də atası məlum olmayanlara da bu adı verirlər. Həmin uşaq dünyaya gəldikdən sonra cəmiyyətin qınaq obyektinə çevrilir, ona  “bicbala” statusu verilir. Axı uşağın bu adın ağır yükünü daşımağın günahı kimdir? Əlbəttə ki, çox halda kişilər. Bu yerdə razılaşmayanlar olacaq. Amma hələ də cəmiyyətimizdə davam edən bir düşüncə tərzi  ya da düşüncəsizlik var. “Kişinin bir arvadı olmaz” deyimi və dəvəti, yaxud kişi arada “ağzının dadını dəyişməlidir”, ona başqasıyla (qadınla) gəzmək “halaldır”, ya da eyib deyil. Bu fikirlər müdafiə olunduğu müddətcə ailə xəyanətləri və bicbalalar da çox olacaq. Bu deyilənləri dünyəvi fikir kimi təsdiqləyənlər də var, kəskin qınayanlar da. Axı halalca qadını, həyat yoldaşı olanın başqa yerlərdə niyə gözü olmalıdır ki? Həyat yoldaşına xəyanət, belə göz olmaların nəticəsində həmin uşaqlar dünyaya gəlir. İllər sonra açılan həqiqətlər, gizlinlər ailə fərdlərinin həyatını alt-üstü edir ki, bu da yenə bizim ölkədə hərdən normal kimi qarşılanan vəziyyətdir. “İş-işdən keçib”, “bilməyiblər”, “uşağın nə günahı var” kimi təsəllilər də çox vaxt vəziyyətin təmirinə kömək etmir. Bu boyda kişi xəyanətinin, yalanların qarşısında biçarə qadından( xəyanətə uğramış) bağışlanmaq, hər şeyi “udmaq” və unutmaq tələb olunur. 

“Bicbala”  adının səslənməsi belə artıq təhqir qoxusu verir. Belə uşaqları dünyaya gətirmək də çoxu üçün alnıaçıqlıq deyil. Bəzən, dünyaya gəlməmiş  bicbaladan qabaqcadan qurtulurlar. Məgər, elə zibilliklərə atılan, küçələrə qoyulan uşaqlar onlardan deyilmi? Aldadılan və ya öz ağılsızlığı ucbatından ailəli və ya subay kişilərlə münasibət quran qadınlar ən asan yolu uşağından qurtulmaqda tapırlar. Bicbala övladını böyütmək və ətrafdan təqib olunmamaq addımı onu həyatının sonuna qədər vicdan əzabı çəkməyə məhkum edir və ya bəlkə də etmir.

Baş verənlər bizim üçün illərdir gözümüzün qarşısında davam edən böyük problemdir. İndi bu problemi hər kəsin öz fərdi davranışna buraxıblar. Fikrimcə, məsələlər bu vaxta qədər  cəmiyyətin əxlaqsızlığa uğraması kimi tam qiymətini  almayıb. 

Çoxları qadınına xəyanəti, növbəti qadınla  münasibəti də az qala islam dinin hökmləri arasına sırımağa çalışıblar. Çoxarvadlılığın şərtlərini dərindən bilmədən hər kəs özünə sərf edən kimi özünümüdafiəyə can atır. Ortalıqda qalan uşaqlar isə heçə alınır. Az qala uşaqları da “halal” və “haram” qrupuna bölələr. Axı islam aşkarlıq, doğruluq tərəfdarı kimi bir neçə qadınla ailə qurmağı vacib yox, uyğun göstərir. Amma bütün qadınlar bərabər və bir-birindən razılıq şəkilində yaşamalıdırlar. Dünyaya gələn uşaqlar da alnıaçıq olurlar. Hamı kəbin dediyimiz xeyir-dua ilə birgə yaşayırlar. Bütün hallarda bu “mehribançılığı” müasir qadın götürə bilmir və götürə bilməz, heç lazım da deyil. 

Bəli, indi varlı, pullunun içində kəbin kəsdirib amma hamıdan gizlədiyi ailəsi var. Ailəsi var deyirəm, çünki  belələri təkcə başqa qadınla yaşamağı az bilirlər, üstəlik uşaq da dünyaya gətizdirirlər. O biri toylu-büsatlı xanımı isə öz yerində qalır. “Pul artıq olan yerdə harasa xərclənməlidir də”, bu da bizimkilərin məşhur deyimlərindədir.

P.S. Bu arada qeyd edim ki, dünyada tibbin tərəqqisi “könüllü bicbala dünyaya gətirmək” xidmətini də göstərir. Ailə, kişi  istəməyən qadın  “kişi toxumu bankı”na müraciət edir və süni mayallanma ilə uşaq dünyaya gətirir. Uşaq istəyən belə qadınlar “uşağının atası” barədə yalnız məlumat oxuyurlar, ya da heç istəmirlər vəssalam. Doğulan uşaq da olur, “istəkli bicbala”. Nə isə. Bu artıq tibbin ağını çıxarmasıdır. Yaxşı ki, bizim də bəzi yazılmayan qanunlarımız var.