Qanlı yanvarı urvatdan salanda…

qanli-yanvari-urvatdan-salanda
Oxunma sayı: 3314

Raminə Eyvazqızı

Neçə gündür, elə hey gözləyirəm ki, “Qanlı yanvar” filmi ilə bağlı peşəkarların tənqidi gəlsin, sakitlikdir. Ölkədə kinorejissorlar, kinomotoqrafların başı yamanca qarışıb. Tənqid etmək kiminsə əməyinə xor baxmaq, görülən işi alçaltmaq deyil axı. Yaxşısını, nöqsanlarını ortaya qoymaqdır. Tənqidə qapılarımız bağlı olan yerdə bundan şikayət etməyə də dəyməz. “Qanlı yanvar” filmi barədə pıçıltı ilə narazılıqlar duyulsa da, cəsarətli tənqid yoxdur. Bu səbəbdən qərara gəldim ki, peşəkar kinoşünasların haqqına sığınaraq bir neçə kəlmə deyim. Və deməliyəm də. Ona görə ki, səsimi çıxarmasam, Azadlıq hərəkatında günlərlə meydanlarda qışqırmaqdan səsi batan, ayaqüstə durmaqdan ayaqları şişənlərdən biri olan atama hörmətsizlik etmiş olaram. O atam ki, qanlı gecə evə əynini dəyişməyə gəlməsəydi, onu da itirmişdik. Bir də 1989-cu ildə Azadlıq meydanında qurulmuş çadırları, insan selini gözüylə görən şahid kimi hər kəsə haqsızlıq olardı. O insanlar filmdəki kimi qol götürüb oynamırdılar, öpüşmək, sevişmək üçün vaxt tapmırdılar.

Vahid bəy Mustafayev bir müsahibəsində demişdi ki, filmimi küçə uşaqları tənqid edəndə fikir vermirəm. Əvvəlcədən deyim ki, jurnalistikamızda “Televiziya tənqidi” adlı ilk elmi iş müəllifi kimi buna haqqım çatır. Baxmayaraq ki, peşəkar jurnalistimiz BDU-nun təhsilini bəyənmir, təmsil etdiyi teleşirkətdə akademiya açıb. Bir də unutmayaq ki, azadlığımız elə küçələrə cəm olmaqdan başlayıb.

Gələk filmə. Tarixi hadisə ilə milli faciə tamam ayrı məsələdir. Yəni, ölkədə baş verən vacib hadisələr tarixə keçir, amma faciələr tək bizim üçün yox, dünya tarixi üçün də əhəmiyyətlidir. Azərbaycanda hansı xanlıqların olmasını bir amerikalı, ingilisə əzbərlətməyimiz, siyasət üzərində qurulan milli faciələrdən daha əhəmiyyətsizdir. Bunu ona görə deyirəm ki,ölkə faciəsini təsvir edən film artıq sənədlidir, bizim üçün daha gərəklidir,onun hesablanması vacibdir. Hələ beynəlxalq aləmə acımızı çatdırmaq planda varsa. Əminəm ki, Vahid bəyin əzəli məqsədi də elə bu idi.

“Qanlı yanvar” heyəti deyir ki, film çox ölkədə xoş qarşılanıb. Ola bilər. Axı əcnəbi o gecənin müsibətini bizim qədər hiss edə, yaşaya bilməzdi ki, indi də həmin hisslərə qapıla. Əcnəbi üçün bizim faciəmiz, mətbəx nümunəmiz kimi bir şeydir. Nəyi, necə versək yeyəcək, amma ağız dadımızı əsla almayacaq. Bəlkə də filmin əvvəlinə “real hadisələrə əsaslanır” yazılmasaydı tamaşaçı reaksiyası başqa cür olardı. Axı “Qanlı yanvar” tənqidi, “Möhtəşəm 100 il” tarixi serialının məruz qaldığı tənqidlə eyni tərəziyə qoyula bilməz. Tək peşəkarlıq baxımından deyil, tarixi hadisələrin təhrif olunmasına görə də. Sultan Süleyman zamanı əsrlər əvvələ dayanan tarixdir, yanvar faciəsi isə 25 il-ə dayanır. Faciənin şahidləri saysızdır, onların yaraları hər Şəhidlər Xiyabanına gedəndə yenidən qanayır.

Filmdəki səhnələrin təhrifi o qədər zərərimizədir ki. Rusiya İmperiyasından azadlığını tələb edən hərəkat iştirakçılarının guya Molotov kokteyli “istehsal”ı, siyahı ilə tapançaya sarılması, sovet əsgərlərinin yerli əhali tərəfindən vəhşicəsinə öldürülməsi hadisə qəhrəmanları, şahidləri üçün hörmətsizlik deyilmi? Əliyalın camaatı, yarıac-yarıtox günlərcə Xəlil Rza kimi vətənpərvərləri dinləmək üçün meydana axın edənləri ən azı uşaqkən mən görmüşəm. Rayonlardan gələn ərzaq maşınları, həmrəylik nümayiş etdirən insanları unutmaq olmaz. Filmdə buna yaxın kadrlar belə yoxdur.

“Qanlı yanvar”da ən tənqid olunan məqam 13 yaşlı şəhid Larisa obrazıdır ki, onun prototipi tamam başqa cür təsvir olunur. Ekran işinə görə yetkin yaşdakı Larisa azərbaycanlı Mehdidən hamilədir, amma hələ toyları olmayıb. Ssenarist Vahid bəyin həmin obraza Sveta, Olqa yox, məhz Larisa adını verməsi şəhidin ailəsi tərəfindən haqlı olaraq pis qarşılanıb. Üstəlik filmin ssenarisinə görə, Larisa rus əsgərləri tərəfindən zorlanır da... Ola bilsin bu səhnə rus əsgərlərinin vəhşiliklərini qabartmaq üçündür, amma yenə də yanlış təxəyyüldür.

Filmdə 25 il əvvəlin geyimlərindən (misal üçün, o zaman dəri gödəkçələr nadir adamda vardı, filmdə isə az qala bütün kişilər geiyinib) doğru istifadə olunmaması, tatuaj qaşlı aktrisanın yer alması, qrim, saç düzümlərinin o zamanla heç uyğunlaşmaması, ekran titrlərindəkı səhvlər və sair peşəkarlar üçün tənqid obyektində ola bilər. Amma hələlik əsas məsələ real tarixi həqiqətdən fərqli filmdə saysız rus əsgərinin öldürülməsidir ki, bu da həmin gecə üçün düşmən dəyirmanına su tökmək effektini verir. Sovet azərbaycanlısı bezsə də, o cür vəhşilik törədə bilməzdi. Bir də xalqın səsini kəsməyə gələnlər xüsusi hazırlıq keçmiş rus əsgərlərı idi, filmdəki kimi arıq gənclər deyildi. Şəxsən mən o əsgərlərin gözündəki cəllad, vəhşi ifadəni heç vaxt unuda bilmərəm.

Desək ki, filmdə uğursuz məqamlar yoxdur, doğru olmazdı. Misal üçün, Mehdinin Larisanın meyitini tapması səhnəsi uğurlu səhnə sayıla bilər.

Bir sözlə, tarixi faciəmizi ekran əsərinə döndərmək üçün təxəyyüldən sərfəli istifadə etmək gərəkdir. Ən azı çəkilən zəhmət var. Etiraf edək ki, biz faciələrimizi səssizcə yaşayırıq, onları təsvir etmək əlilliyimiz var.