Qeyri-hökumət təşkilatlarının qeydiyyat problemi nə vaxt həll olunacaq?

qeyri-hokumet-teskilatlarinin-qeydiyyat-problemi-ne-vaxt-hell-olunacaq
Oxunma sayı: 956

Dövlət qeydiyyatına alınma Azərbaycanda qeyri-hökumət təşkilatlarının(QHT) ən böyük problemlərindən biri olaraq qalmaqdadır. İllər boyu davam edən bu problem nəinki həll olunub, əksinə, daha da kəskin xarakter alıb. Belə ki, 2006-cı ildən başlayaraq qeydiyyata alınan QHT-lərin sayı azalır: 2006-cı ildə 548, 2007-ci ildə 361, 2008-ci ildə 246, 2009-cu ildə 162, 2010-cu ildə 124 QHT qeydiyyata alınıb. 2011-ci ildə bu rəqəmdə cüzi artım (144 QHT) olsa da, qeydiyyata alınmayan təşkilatların sayı böyük sürətlə artmaqdadır.

İctimai Təşəbbüslər Mərkəzinin Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisi və Almaniyanın Marşall Fondunun birgə maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi(Yazı bu layihə çərçivəsində hazırlanıb –red.) çərçivəsində apardığı araşdırma göstərir ki, ölkədə vətəndaş cəmiyyəti institutunun inkişafına nail olmaq üçün bu problemin ən qısa müddətdə həll olunması ciddi bir zərurətə çevrilib. Buna görə də Mərkəz bu istiqamətdə dəyişikliyə nail olunması üçün tövsiyələr hazırlayıb. Mərkəzin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dəstək məqsədilə təşkil etdiyi 1-ci Vətəndaş Cəmiyyəti Forumunun qəbul etdiyi“Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” adlı Tövsiyələr Paketində QHT-lərin qeydiyyatı sahəsində problemlərin aradan qaldırılması üçün ilk öncə prosesin sadələşdirilməsi və vahid pəncərə sisteminin tətbiq olunması təklif olunur. Eyni zamanda mövcud qanunvericilikdə müvafiq dəyişikliklər edilməklə QHT birliklərinin (Koalisiyalar, Alyanslar, Şəbəkələr, Assosiasiyalar və Forumlar) qeydiyyatı üçün sadələşdirilmiş hüquqi bazanın yaradılması,QHT-lərin öz nizamnamələrində sonradan etdikləri, adlarına və məqsədlərinə təsir göstərməyən dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməsınin tələb olunmaması, qrant müqavilələri haqqında məlumatların Ədliyyə Nazirliyinə on-line rejimdə təqdim olunması, QHT-lərin elektron dövlət reyestrinin yaradılması və bu məlumat bazasında on-line rejimdə dəyişikliklərin aparılması üçün elektron xidmətlərin tətbiq edilməsi də Milli Gündəlikdə əksini tapan təkliflərdəndir.

Azərbaycanda QHT-lərin qeydiyyat problemləri ilə davamlı şəkildə məşğul olan mütəxəssis, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev hesab edir ki, bu sahədəki problemlərin kökündə Azərbaycanda vətəndaşların birləşmə azadlığının məhdudlaşdırılması niyyəti dayanır: “Azərbaycanda demorkatiyanin inkişafını əngəlləyən əsas problemlərdən biri insanların birləşmək hüquqlarının tanınmamasıdır. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Bu Konvensiyanın əsas tələblərindən biri vətəndaşların yıgıncaqlar və birləşmək azadlığıdır. Bu gun Azərbycanda bu hüquqlar tanınmır. Bundan da ən çox əziyyət çəkən QHT-lərdir. Elə QHT-lər var ki, 7-8 dəfə ardıcıl olaraq qeydiyyat üçün müraciət edir, hər dəfə də rədd cavabı alır.” Mütəxəssisin sözlərinə görə, Ədliyyə Nazirliyi ən müxtəlif bəhanələrlə QHT-lərin qeydiyyatına əngəl olmağa çalışır: “Bu zaman vətəndaşların faktiki olaraq Ədliyyə Nazirliyindən asılı olan yerli məhkəmələrdə öz hüquqlarını bərpa etməsi əksər hallarda mümkün olmur. Qanunvericilikdəki boşluqlar bu quruma meydan verib və onlar müraciətləri demək olar ki, hüquqi əsası olmadan geri qaytarmaqla məşğuldular. Həmin boşluqların aradan qaldırılması barədə səslənən təkliflər isə qəbul olunmur. Bu baxımdan, hesab edirəm ki, ayrı-ayrı QHT-lər üçün qeydiyyatla bağlı problemi həll etməyin ən optimal yolu Avropa İnsan Hüquqları Mərhkəməsinə müraciət etməkdir. İndiyədək Azərbaycandan bu məsələ ilə bağlı qaldırılan bütün iddialar təmin olunub. Buna görə də vətəndaşları bir qədər uzun çəkməsinə rəğmən, öz birləşmək hüquqlarını bu instansiya vasitəsilə bərpa etməyə çağırıram.”

“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin qeydiyyata alınmaqla bağlı müraciəti rədd edilən 7 QHT ilə bağlı apardığı araşdırma göstərib ki, Ədliyyə Nazirliyinin QHT-lərin qeydiyyatından imtina üçün gətirdiyi əsaslarım böyük əksəriyyəti mahiyyəti etibarilə qeydiyyatdan imtina üçün əsas olmayıb daha çox təsis sənədlərindəki çatışmazlıqlar hesab edilə bilər. Birliyin hesabatında qeyd olunur ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3–cü maddəsinə əsasən(Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir.) belə çatışmazlıqlar eyni vaxtda müəyyən edilməli və aradan qaldırılmalıdır: “Lakin nazirlik bu tələbə əməl etməyərək, çatışmazlıqları bir-bir əsas tutaraq, heç bir halda onların aradan qaldırılması üçün əlavə müddət təyin etmək imkanından istifadə etməmişdir. Beləliklə də «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 8.3–cü maddəsinin tələbləri ciddi şəkildə pozulmuşdur. Qeydiyyat idarəsi cüzi istisnalarla bütün hallarda adıçəkilən qanunun 11.3.1. maddəsinə(Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınmasından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda qeydiyyatdan imtina edilə bilər.) istinad edərək qeydiyyatdan imtina haqqında qərar çıxarıb. Qeydiyyat idarəsi təsis sənədlərindəki bütün növ çatışmazlıq və hətta texniki qüsurları belə qanuna zidd kimi qiymətləndirib.”

Hesabatda həmçinin qeyd olunur ki, praktika QHT-lərin qeydiyyatında problemlərin yalnız qanunvericilikdən deyil, həm də qeydiyyat orqanının niyyət və iradəsindən qaynaqlandığını göstərir: “Qeydiyyat probleminin olmaması üçün Qeydiyyat idarəsinin xoş niyyəti kifayət edərdi. Lakin davranışda nəinki bu niyyət müşahidə olunmur, əksinə bütün səylərin qeydiyyata alınmamasına yönəldiyi aşkar şəkildə görünür.”

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin rəhbəri Fərasət Qurbanov bildirir ki, QHT-lərin qeydiyyat məsələsi 1999-2000-ci illərdən – bu sektor yenicə formalaşmağa başladığı dövrdən bəri müzakirə olunur: “Ötən mnüddət ərzində QHT-lərin qeydiyyatı prosesinin sadələşdirilməsi üçün qanunvericiliyə bir sıra mütərəqqi dəyişikliklər olunub. Hazırda konkret hüquqi problemlər olmasa da, qeydiyyatdan keçə bilməyən bəzi təşkilatlar prosesin özündə ciddi problemlərin olduğunu deyirlər. Onlar hansı problemlərdir - əvvəllər qeydiyyat üçün tələb edilən sənədlərin sayının çoxluğu idi. Sonradan qanunvericiliyə dəyişiklik edilərək onların sayı minimuma endirildi. Qeydiyyatın yalnız Bakı şəhərində Ədliyyə Nazirliyi tərəfindən aparılması, qeydiyyat prosedurlarında müddətlərin uzun olması kimi məsələlər də QHT-ləri narahat edir. Ona görə də QHT-lərə yardım etmək üçün biz bir neçə dəfə məsələni onların özləri ilə müzakirə etdik. İyul ayında bir qrup aparıcı QHT rəhbərlərinin Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşündə də bu məsələlər qaldırıldı. QHT-lərin qeydiyyatının daha da sadələşdirilməsi, bir pəncərə sisteminin tətbiq olunması kimi təkliflər səsləndirildi. Daha sonra həmin təkliflər toplanaraq Şura tərəfindən dövlətə təqdim olundu. Təkliflər yalnız qeydiyyatla bağlı deyildi. QHT-lərin fəaliyyəti ilə bağlı 30-a yaxın təklif idi. Onların arasında ən çox müzakirə olunan, əlbəttə, qeydiyyat məsələsidir. Biz də tərəfdarıyıq ki, qeydiyyat prosesi sadələşdirilsin, regionlarda yaradılmış QHT-lərin qeydiyyatını Ədliyyə Nazirliyinin regional şöbələri həyata keçirsin. Hazırda göndərdiyimiz təkliflərin müzakirəsi gedir. Biz əminik ki, onlar qəbul olunacaq və bu sahədə bir dəyişiklik olacaq. Bununla kifayətlənmirik, MDB və Şərqi Avropa ölkələrindəki qeydiyyat sistemlərini öyrənirik, araşdırmalar aparırıq. İstərdik ki, Azərbaycanda qeydiyyatla bağlı problem olmasın.”


Şura koalisiya, alyans və şəbəkələrin rəsmi qeydiyyatının hüquqi əsasının yaradılması məsələsinə də önəm verir: “Göndərdiyimiz təkliflər arasında bununla bağlı olanı da var. Yəqin ki, qəbul olunsa, mütəxəssislər bunun hüquqi mexanizmini də hazırlayacaqlar.”