Rəsulzadəni “aşağılamaq” necə asanlaşdı?

resulzadeni-asagilamaq-nece-asanlasdi
Oxunma sayı: 2553

Fərid Hüseyn

Son dövrlər yaltaqlanmaq üçün “hündürə tullanmaq yarışı” daha geniş vüsət alıb. Yaltaqlığa biganəlik isə vəziyyəti anlaşılmaz edib. Bumeranq kimi qayıdır yaltaqlıq...

Gənc deputatın Məhəmməd Əmin Rəsulzadə barədə sərt “fikir”lərindən çoxları xəbərdardır deyə haqqında danışacağım məsələyə bir başa keçid alıram. Aydındır ki, deputat Naqif bəy, Rəsulzadəni aşağılamaqla özünü şirin satmaq istəyib. Ancaq alındıra bilməyib. Ah cavanlıq, cavanlıq... Məsələnin pis tərəfi, “ictimai qınağın əlində” faktlar var: Siyasi lider Heydər Əliyevin “youtube”də Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tarixi çıxışı, cənab prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncamı. Bu iki müstəsna fakt Naqif bəyi çıxılmaz vəziyyətdə qoydu. Bütün bunların olmasına bais isə siyasətlə məşğul olan birinin prezidentin fəaliyyətini izləməməsi, sərəncamlara diqqətsizlik və nəhayət siyasi savadsızlıqdır. Yarınmaq yolları aramaqdan vaxt qalmır axı, bir kitab üzü aça, yaxud diqqətlə siyasəti izləyə... Qəribədir, həm Rəsulzadə şəxsiyyətini dərk etmə, həm də bayrağın yanında boy-boy şəkil çəkdir...

Yuxarıda dediyim fikirləri qüvvətləndirmək, Məhəmməd Əmin Rəsulzadənin “axırına çıxmaq”la səadətə çatacağını ümid edən deputatın diqqətinə türk yazıçısı Orxan Kamalın “Nazim Hikmət üç il yarım həbsdə” kitabından bir parçanı çatdırmaq istəyirəm: “Həbsxananın ən yuxarı hissəsindəki təcridxanalardan birində, ayaqlarında zəncir, üç nəfər, - bunlar üç gün əvvəl həbsxanada narkotik alveri üstündə adam öldürdükləri üçün ayaqlarına zəncir vurulub təcridxanaya atmışdılar - Nazimə baxa-baxa aşağı-yuxarı belə danışıblar:

- Bunu görürsənmi, bunu? Bu adamın adı, vallah, tarixə düşəcək...”
- Əlbəttə düşəcək, kəlləli adamdı, oxuyub...
- Bilirsən nə düşünürəm, dəli şeytan deyir öldür bunu... Hə, nə deyirsən, adam öldürəndə də belə adam öldürəsən e... Yoxsa bizim kimi. Bir parabeyni öldürürük, ondan sonra yat yata bildikcə, ancaq bunu öldürsən, bütün dünya qəzetləri səndən yazar, adın tarixə düşər.
- Yox əşi, - üçüncü deyib – Nazim qardaşı adamın əli gələr vurmağa?

Bunu mənə o hissənin təmizliyinə baxan, cındırından cin ürkən bir məhbus dedi:
- Kamal qardaş, Nazim qardaşa de ki, ehtiyatlı olsun. Səfehlərin beyni çönüb, özün bilirsən də.
Bu hadisəni Nazim Hikmətə danışanda gülmüşdü: “Yox əşi? Adı tarixə düşsün deyə səfeh məni vuracaq... kaş düşə... tarixə düşmək üçün başqa iş görmək olmaz?”

Bax, məsələ budur, bu gün Rəsulzadəni aşağılamaqla “tarixə düşmək” istəyənlər tapılır. Sonda isə Rəsulzadənin qəddarlarına yuxarıda sitat gətirdiyim kitabdan həmin hadisənin davamını “göstərmək” istərdim:

“Bu üç adam bir neçə gün sonra Anadolunun müxtəlif həbsxanalarına sürgün olundular. Yaddaşıma yanılmıramsa, üçü də gedəndən bir neçə gün sonra bıçaqlanıb öldürüldülər... Bu xəbəri eşidəndə ən çox Nazim Hikmət pis olmuş, özünü itirmiş, həbsxanada xeyli var-gəl eləmişdi...”

Yəqin o müqəddəs ruhlar dünyasında gənc deputatın “səhv”inə bizdən daha çox, Məhəmməd Əmin Rəsulzadə acıyır...