“Rusiya ilə anlaşmaq daha ağır şərtlərlə müşaiyət olunacaq” – Şərh

rusiya-ile-anlasmaq-daha-agir-sertlerle-musaiyet-olunacaq-serh-
Oxunma sayı: 647

Rusiyanın Azərbaycan neftıni öz ərazisi ilə tranzitini dayandırması Azərbaycan siyasi dairələrində birmənalı qarşılanmadı. Bəzi politoloqlar bunu rəsmi Bakının yürütdüyü siyasətlə əlaqələndirdilər. Yəni, onların fikrincə, Azərbaycanın Rusiyanın istəklərinə zidd addımlar atması, yeni yaradılan AvroAsiya İttifaqına qoşulmamaq qərarı kimi bəzi məsələlər rəsmi Moskvanı qıcıqlandırıb. Bəziləri də bunu hasil olunan neftin kəməri doldurmaması ilə əlaqələndirdilər.

Rusiyanın Azərbaycan neftıni öz ərazisi ilə tranzitini dayandırmasının səbəblərini açıqlayan AXCP sədrinin müavini, politoloq Razi Nurullayev bildirib ki, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev 1996-cı ildən fəaliyyət göstərən Bakı-Novorossisyk boru kəmərinin fəaliyyətini dayandırmaq haqqında müvafiq sərəncamı mayın 5-də imzalayıb. Onun sözlərinə görə, Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə tranziti haqqında ikitərəfli Rusiya-Azərbaycan hökumətlərarası sazişi bir ton neftin tranziti üçün 15,67 dollar tarifi üzrə ildə beş milyon ton neftin nəql edilməsini nəzərdə tuturdu: “Amma Azərbaycan faktiki olaraq müqavilədə göstərilən il ərzində 5 milyon ton neft əvəzinə 2 milyon ton neft nəql edə bilib. Qanuna əsasən, gələn ilin yanvar ayının 1-dən müqavilə və neft nəqli dayandırılacaq və mənə belə gəlir ki, müqavilənin yenidən işlənməsi və tərəflərin maraqlarına uzlaşdırılması mümkün görünmür. Məsələ burasındadır ki, Azərbaycan 1996-ci ildə neftini xarici bazara çıxarmaq və eyni zamanda Rusiyanı sakitləşdirmək üçün Bakı-Novorossiysk kəmərinə ehtiyac duyurdu. Bakı-Ceyhan boru kəmərindən sonra buna ehtiyac qalmadı. Azərbaycan sadəcə, diversifikasiya və Rusiya ilə yaxşı münasibətləri saxlamaq xatirinə bu borunu saxlayırdı. Fakt isə ondan ibarətdir ki, Azərbaycan Bakı-Ceyhan kəmərini tam doldura bilmir”.

Politoloq qeyd etdi ki, Baki-Novorossiysk kəməri Azərbaycana lazım deyil: “Eyni zamanda bu artıq Rusiyaya da lazım deyil. Çünki, göndərilən illik iki milyon ton xırda rəqəmdir və ona görə də Rusiya Azərbaycanın minnətini və diversifikasiya oyununu qəbul etmək istəmir”.

Azərbaycan dövlət yetkililəri iki ölkə arasında hec bir problemin olmadığını desələr də, ixracatın dayandırılması bunun əksini göstərdi. Bunun Azərbaycana nə kimi təsir göstərəcəyi məsələsinə gəlincə, müsahibimiz belə fikir səsləndirdi ki, kəmərin fəaliyyətinin dayandırılması ola bilsin, "Transneft" şirkəti üçün kommersiya xarakteri daşısın, Kreml üçün isə birmənalı siyasi qərardır: “Aydındır ki, Rusiyanın baş nazirinin bu sərəncamı imzalaması Azərbaycanla bağlı ciddi narazılıqlarından irəli gəlib. Bu narazılıqların ardınca Rusiya digər addımlar da ata bilər. Hərçənd ki, Azərbaycanın müəyyən manevr imkanlarını Rusiya bu addımı ilə məhdudlaşdırdı. Azərbaycanla Rusiyanın iqtisadi və siyasi əlaqələri get-gedə daralır və manevrlər üçün imkanlar tükənir. Belə halda, Azərbaycanın Rusiya ilə anlaşması daha ağır şərtlərlə müşaiyət olunacaq. Ola bilsin ki, Rusiyanın sərt mövqeyi Dağlıq-Qarabağ münaqişənin həlli istiqamətində olan danışıqlarda da özünü biruzə versin. İstənilən halda, bu o deməkdir ki, iki ölkə arasında münasibətlər gərginləşmə paraleli üzrə getməkdədir”.

“Bir neçə gün öncə Ermənistanın "Qafqaz dairəsi" adı altında Rusiyaya birləşməsi ilə bağlı məlumatlar yayıldı. Əgər bu baş verərsə, Cənubi Qafqaz regionu üçün hansı problemlər çıxa bilər?” sualına cavab olaraq R.Nurullayev Ermənistanın heç zaman hüquqi olaraq Rusiyaya birləşməyəcəyini bildirdi. Fikrini də belə əsaslandırdı ki, erməni iddiası buna yol verməyəcək: “Amma, Ermənistan bu gün Rusiyanın vassalına çevrilib. Bu həqiqətdir. Ermənistanın Rusiyaya de-yure birləşməsi mümkün olmadığına görə, zənnimcə bu məqamın da Cənubi Qafqaz region üçün hansı problemlər də yarada biləcəyindən danışmaq da absurddur. Rusiya Ermənistanı silahlandırır və arxasında da dayanıb. Əsl təhlükəni törədən və Ermənistanın ayağınını altına daş qoyan bu məsələlərdir”. /Xəzərİnfo/