Səfər Mehdiyev ABŞ səfiri ilə görüşüb

sefer-mehdiyev-abs-sefiri-ile-gorusub
Oxunma sayı: 1018

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Səfər Mehdiyev görüşdə iki ölkə arasındakı strateji əməkdaşlıqdan məmnunluqla bəhs edib, bütün sahələrdə işgüzar münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, o cümlədən gömrük sahəsində də səmərəli əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük işinin səmərəli təşkili istiqamətində son illərdə bir sıra innovativ islahatlar həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib.

Dövlət Gömrük Komitəsi ilə ABŞ gömrük orqanları arasında uzunmüddətli əlaqələr qurulduğunu qeyd edən Səfər Mehdiyev, gömrük nəzarəti prosesində tətbiq edilən texniki vasitələrlə təminat sahəsində Amerika təcrübəsindən faydalanıldığını diqqətə çatdırıb.

Səfər Mehdiyev son illərdə gömrük sistemində həyata keçirilən islahatlar barədə də səfirə məlumat verib və vurğulayıb ki, Azərbaycan gömrüyü hazırda kağızsız texnologiyalar əsasında fəaliyyət göstərir və informasiya texnologiyalarının geniş şəkildə tətbiq olunması bütün gömrük əməliyyatlarının tam elektron qaydada həyata keçirilməsini təmin edib.

DGK sədrinin bu gün növbəti görüşü Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə olub.

Dövlət Gömrük Komitəsinin dünyanın əksər ölkələrinin gömrük orqanları ilə səmərəli işgüzar münasibətlər qurduğunu bildirən Mehdiyev iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb, ticarət dövriyyəsinin daha da artırılması istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb və qarşılıqlı əlaqələrin gücləndiriləcəyinə əminliyini ifadə edib.

Serxio Osvaldo Perez Qunella səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərin, əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb. 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.