Şöhlət Əfşar “Gənclərin Dostu” elan edildi

sohlet-efsar-genclerin-dostu-elan-edildi
Oxunma sayı: 1523

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Premier Expo” otelində istedadlı yazıçı-şair Şöhlət Əfşarın rayon gəncləri görüşü keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarına Şöhlət Əfşarın həyat və yaradıcılığından qısa məlumat verib, şairin əsərlərindəki vətənpərvərlik ruhundan, gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyətə malik olan yurd, torpaq sevgisindən danışıb.

Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qurban Bayramov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Miri Həsənov, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rza və digər qonaqlar Şöhlət Əfşarın yaradıcılığını, keçdiyi ömür yolunu, gənclərlə görüşə gəlməyini yüksək dəyərləndirib ona yaradıcılıq uğurları arzulayıb.

Sonra yazıçı-şair Şöhlət Əfşar tədbirə görə təşkilatçılara və rayon gənclərinə təşəkkürünü bildirib. Tədbir iştirakçılarının arzusu ilə qələmə aldığı şeirlərindən bir neçəsini səsləndirib.

Tədbirdə şairin sözlərinə yazılmış mahnılar dinlənilib, hazırlanmış “Şuşanın şikəstəsi”, “Ey nər igidlər”, “Üç rəngli Bayrağım” kliplər nümayiş etdirilib.

Sonda Şöhlət Əfşar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən əsərlərində dövlət atributlarının, gənclər arasında vətənpərvərlik hisslərinin fəal təbliğinə və gənc nəslin milli-mənəvi tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə “Gənclərin Dostu” adına layiq görülüb.