Tatarıstanlı qonaqlar Dövlət Komitəsində - Fotolar

tataristanli-qonaqlar-dovlet-komitesinde
Oxunma sayı: 2765

Diasporla İş üzrə Dövlət Komitəsində Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Dövlət Şurasının deputatı İrek Şaripov ilə görüş keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Tatarıstandakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qonaqlara Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Rusiya Federasiyasında yaşayan soydaşlarımızla, diaspor təşkilatları ilə iş qurumun xüsusi diqqətindədir. Hazırda Rusiyada rəsmi rəqəmlərə görə, 700 minə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 3 milyonadək azərbaycanlı yaşayır. Onların arasında olan yüzlərlə alim, ziyalı, iş adamı öz fəaliyyəti ilə yaşadıqları ölkənin elminə, iqtisadiyyatına töhfə verməkdədir. 

İrek Şaripov isə öz növbəsində Tatarıstanda müxtəlif xalqların diaspor təşkilatları üçün yaradılan imkanlardan bəhs edib. Qeyd edib ki, Azərbaycan diasporunun təşəbbüsü ilə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərminovun adı Kazan şəhərinin küçələrindən birinə verilib və büstü qoyulub. Bundan başqa, Kazan Universitetində işləmiş azərbaycanlı tarixçi-alim Mirzə Kazımbəyin xatirəsi əbədiləşdirilib.