Telefonun ekranından oxuduğum roman

telefonun-ekranindan-oxudugum-roman
Oxunma sayı: 1611

Şəbnəm Bəkirzadə Karslı

Mübarizə aparmaq, siyasi meydanlarda olmaq və ya ədəbiyyata davam etmək arasında qalmışdım. Sıfırdan başladığım bir ölkədə siyasətə də, ədəbiyyata da sıfırdan başlayacaqdım. Sevimli Can Dündar tək bir cümlə ilə yol göstərdi o zaman, “Sana bir sır vereyim, edebiyyat güçlüdür siyasetten” - dedi.

Telefonumun kiçik ekranından (əslində böyük ekranlı telefonlardandır, lakin roman oxumaq üçün kiçik sayılır) Şərif Ağayarın “Gülüstan” romanını oxuduqca beynimdə o cümlə fırlandı, durdu. Qaçqınlığın, müharibə sonrası travmaların, psixoloji gərginlik içərisində sinir müharibəsi yaşayan və hər kəsin ümumi faciəsi olmasına baxmayaraq ayrılıqda şəxslərin öz faciələrini qəbul etməyin saldırganlaşmasını ancaq edebiyyat çatdıra bilərdi bizə. Həm də Şərif kimi bir istedadlı qələm sahibinin dilindən. Bu gün Şərif köçkün ədəbiyyatının Azərbaycanda ən iddialı nümayəndəsidir.

Nədir bu köçkün ədəbiyyatı?

Müharibə bineyi qədimdən ədəbiyyat üçün ən çox istifadə olunan mövzulardan biridir.
Antik dövr miflərindən bu günə qədər müharibə dəfələrlə, həm də mükəmməlcəsinə təsvir edilib. Müharibə sonrası ədəbiyyat da XVIII əsrdən sonra boy göstərir və soyuq müharibə illərində öz zirvə dövrünü yaşayır. Ama köçkün ədəbiyyatı dünyada az nümunələri olan bir cərəyandır. Alman yazar, şair Brecht köçkünlüyü izah edərkən deyir, “qaçqın düşmək vətənsiz, hüquqsuz, torpaqsız qalmaqdır kimi görünsə də, ən betər nüans təhtəlşüura yerləşmiş özünü qoruma instinkti ilə mübarizə aparmaqdır”.

Köçkün psixologiyasına yerləşmiş daima özünü qoruma instinkti ədəbiyyata təsadüfən nüfuz edə bilmişdir. İnsanlar müharibəni gözləri önündə canlandıra bilirlər, aclığı, səfaləti, kimsəsizliyi, kədəri, sevgini, haqsızlığı, acizliyi, qəhrəmanlığı və s. hisləri yaşamadan da “empati yapa” bilirlər, lakin köçkünlük təsəvvürün üstündə bir hadisədir. Bir anın içində özünü heç kim hiss etmək, var olduğun hər şeyin əlindən alınması, oyuncağını oyun dostları ilə qısqanclıqla paylaşan və ya paylaşmayan uşağın oyuncağının əlindən alınması, qadınların mətbəxsiz, evsiz, kişilərin torpaqsız, hətta kişilik qürurundan olması, öyrəşilmiş sistemin çökməsi, dünyaya yenidən, ama bugünkü haliylə heç nə ilə gəlməkdir. Getdiyi yerdə ikili həyat yaşamaq məcburiyyəti, gəldiyi yerin şivəsindən tutun, adətləri, həyat tərzinə qədər hər şeyi ikili yaşamaq məcburiyyəti, ən dəhşətlisi, üzü qızara qızara utanmaq hissi var olduğu halda bu hissə önəm vermədən yaşamağa davam etməkdir köçkünlük. Bu günə qədər köçkün ədəbiyyatı ona görə də sadəcə və sadəcə köçkünlüyü yaşamış ədəbiyyat xadimləri tərəfindən yazıla bildi ancaq.

Köçkün ədəbiyyatı ifadəsinə literaturda ilk dəfə İkinci Dünya Müharibəsindən sonra rast gəlinir, o zamana qədər də fərqli nümunələr var idi, lakin bu qədər toplu deyildi, dağınıqdı. “Emigrantenliteratur“ adı verdikləri bu ədəbiyyat Almanyanın işğal dövründə evini-eşiyini tərk edib fərqli ölkələrə sığınmış alman əsilli yazıçıların yarattıqlarını özündə birləşdirirdi. Müharibənin geniş coğrafiyanı əhatə etməsi bu yazarları cərəyanlaşdıra bildi. Alman köçkün ədəbiyyatı xaricində antalogiyalaşdırılmış başqa qrup hələ ki yoxdur.

Elə Azərbaycanda da köçkün ədəbiyyatı geniş yayıla bilmədi. Hələlik ilkin hekayələrindən bu yana Şərif öz təhtəlşüuruna sığdırdığı ağrıların və xatirələrin ədəbiyyatlaşdırılması ilə bizlərə yeni xətt qazandırır. „Gülüstan“ isə dövrə fərqli aspektlərdən baxışdır. Burada həm siyasi-ictimai hadisələr, həm insan yaşantısı, həm də sevgi var. Həyat var, həyatda qovuşmayacağı sevgisinin ardından getməyən, bu qədər acı realistcəsinə Həyatını həyatın ümidinə buraxmış Adəm var. Ən əsası, bu romanda insana şillə kimi dəyən reallıqlar var, məişətimiz qədər bəsit biganəliyimiz var.

Şərif hekayələrində olduğu kimi “Gülüstan” romanında da axıcı dil istifadə edib, hadisələr rahat, oxunaqlı və maraqlı hekayələşdirilmişdir. Romanı bitirmədən yarımçıq buraxmaq mümkün deyil, bu da onun daha çox kütləviləşməsi, daha çox oxucu kütləsinə çatmasına xidmət edəcəkdir.