Tokioda Azərbaycan mədəniyyəti axşamı keçirildi

tokioda-azerbaycan-medeniyyeti-axsami-kecirildi
Oxunma sayı: 636

Tədbirdə Yaponiya parlamentinin üzvləri, Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Azərbaycan-Yaponiya əlaqələrinin tarixinə nəzər salmış, ötən dövrdə iki dost ölkə arasında formalaşmış əməkdaşlıq münasibətlərinin qarşılıqlı əhəmiyyətindən danışıb. Bu münasibətlərin yüksək səviyyədə olduğunu və ildən-ilə genişləndiyini, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edildiyi vurğulanıb. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında dönüş nöqtəsi olduğu, 2006-cı ildə Prezident İlham Əliyevin rəsmi səfərindən sonra dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğu diqqətə çatdırılıb.

Diplomat nadir coğrafi məkanda, qədim Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın zəngin tarixə malik olduğunu qeyd edib. Səfir, Azərbaycanın çoxəsrlik mədəniyyəti, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələri haqda danışmışdır. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi görkəmli şair və yazıçıları, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr etdiyini bildirib. Qonaqların nəzərinə çatdırılıb ki, Azərbaycan muğamı, Novruz bayramı, aşıq musiqisi, Qobustan muzey kompleksi UNESCO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilib. Müxtəlif zamanlarda Azərbaycanın el sənətkarlarının yaratdığı əl işləri, toxuduğu xalçalar dünyanın məşhur muzeylərində mühafizə olunur.

G.İsmayılzadə 2012-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ilinin tamam olduğunu və bu əlamətdar hadisə münasibətilə həm Azərbaycanda, həm də Yaponiyada bir sıra mədəni tədbirlərin, elmi simpozium və konfransların keçirilməsinin nəzərdə tutulduğunu söyləmişdir. Bu gün keçirilən tədbirin də məhz həmin silsilədən biri olduğu diqqətə çatdırılıb.

Səfir Azərbaycanın iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən layihələr, əldə olunmuş nailiyyətlər barədə də danışıb.

Görüşdə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu qeyd edilib, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanıb.

Səfir turizmin inkişafı üçün Azərbaycanda həyata keçirilən müxtəlif layihələr barədə də ətraflı məlumat verib.
Tokioda Azərbaycan mədəniyyəti axşamı keçirildi

Tədbirin formatına toxunan diplomat bildirib ki, məqsəd qonaqları mədəniyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan musiqisi və mətbəxi haqqında əyani məlumatlandırmaqdır. Tədbir iştirakçıları azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın və yaponiyalı cazmen Kiyoşi Ohiranın ifasında Azərbaycan bəstəkarlarının mahnılarına və xalq musiqisi nümunələrinə qulaq asacaq, səfirliyin əməkdaşlarının xanımları tərəfindən hazırlanmış Azərbaycan mətbəxinə məxsus ləziz təamlardan dadacaqlar.

Tədbirdə çıxış edən Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun həmsədri Akira Amari ötən 20 ildə iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan sıx dostluq münasibətlərinin formalaşdığını vurğulayıb. Sürətlə inkişaf edən Azərbaycanın uğurlarının dost ölkə kimi Yaponiyadan da maraqla izləndiyini qeyd edən A.Amari əmin olduğunu bildirib ki, Azərbaycan bundan sonra daha böyük nailiyyətlərə imza atacaq.

Tədbirdə çıxış edən Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun baş katibi Akihiro Ohata, deputatlar Kosaka Kenji, Haku Şinkun, Ubukata Yukio, Masao Işizu, Xarici İşlər Nazirliyinin Avropa Departamentinin baş direktorunun müavini, Yaponiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Toyohisa Kozuki, Nazirliyin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Masaki İkegami Azərbaycanın böyük potensiala malik gənc ölkə olduğunu qeyd etmiş, qısa müddət ərzində əldə olunmuş böyük nailiyyətlərin Azərbaycan rəhbərliyinin və xalqının gərgin zəhməti və əzmi sayəsində qazanıldığını vurğulayıblar.

Azərbaycan musiqisinin onları ecazkar aləmə saldığını, səfirliyin əməkdaşlarının xanımlarının xüsusi zövqlə hazırladığı milli mətbəx nümunələrinin onlarda Azərbaycan haqqında çox xoş təəssüratlar yaratdığını bildirən qonaqlar azərbaycanlıların qonaqpərvərliyinə heyran olduqlarını bildiriblər.

AzərTAc