Ukrayna Rusiyaya nota verdi - - Yenilənir

ukrayna-rusiyaya-nota-verdi-
Oxunma sayı: 7165


Krım Muxtar Respublikasının parlament və Nazirlər Kabinetinin binasını naməlum şəxslər zəbt edib. 

“Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Krım Ali Radasının deputatı və yerli Tatar Məclisinin sədri Refat Çubarov verib. 

Onlar bildirib ki, xidməti geyimli naməlum şəxslər gecə saatlarında Krımın paytaxtı Simferapolda adıçəkilən dövlət binalarına hücum edərək, Ukraynanın bayrağını çıxardıblar. 

Onun yerinə Rusiyanın bayrağını qaldırıblar. Yerli media vasitələrinin verdiyi məlumatda isə bildirilib ki, binaya hücum edən şəxslər silahlı olub və adıçəkilən qurumları mühafizə edən mili əməkdaşlarını zərərsizləşdirmək üçün işıqlı qumbaradan istifadə ediblər. 

Hazırda Krımda vəziyyət gərgin olaraq qalır. Əraziyə vətəndaşların girişi qadağan edilib. Krım Tatar Məclisinin sədri Refat Çubarov isə tatar xalqına çağırış edərək, provokasiyalara uymamağa və stabilliyi təmin etməyə çağırıb: 

“Hər iki dövlət qurumunun binasının azad edilməsi hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətlərinə aiddir. Bu baxımdan təxribatlara yol vermək olmaz”. 

Ehtimal olunur ki, əməliyyatı keçirənlər Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.

***

Ukraynanın müvəqqəti prezidenti və spiker Aleksandr Turçinov bəyan edib ki, Rusiyanın Qara Dəniz Donanmasının Krıma istənilən hərəkəti  hərbi aqressiya hesab ediləcək. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Turçenov Ali Radanın iclasında Rusiya hökumətinə və qara Dəniz Donanması rəhbərliyinə müraciət edib və bildirib ki, bütün hərbiçilər qanunla nəzərdə tutulan sərhədləri keçməsinlər. Belə ki,  istənilən bir addım Rusiyanın Ukraynaya hərbi aqressiyası hesab ediləcək. 

***

Rusiya hərbi təyyarələri Rusiyanın qərb sərhəddində əmr gözləyir.

Avropa.info-nun xarici mətbuata istinadən məlumatına görə, hərbi təyyarələr sərhəd boyu uçuşlar həyata keçirir. Rusiyanın müdafiə naziri də təyyarələrin sərhəddə uçduğunu və əmr gözlədiyini təsdiqləyib. 

Xatırladırıq ki, dünən Putin orduya hazırlıqlı olmağı əmr etmişdi.

***
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası verib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, etiraz notası Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkili Andrey Vorobyevə təqdim edilib. Nota iki ölkə arasındakı dostluq, əməkdaşlıq və tərəfdaşlıqla bağlı müqavilənin müddəlarını pozduğu üçün qarşı tərəfə göndərilib. 


Bu dəqiqələrdə Ukrayna Parlamenti təcili müzakirələrə başlayıb.