Ürəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcək

ureyi-geden-kim-qusu-yanan-kim
Oxunma sayı: 11058

- Bəs qəfəsdəki quş hanı?

- Dünən yanğında boğulub ölüb.

Balaca həmsöhbətimiz bu sözləri deyib kövrəldiyindən heç adını soruşmağa vaxt tapmamış dəhlizin qaranlığında gözdən itdi...

“Qafqazinfo” olaraq dünən səhər saatlarında yanğın baş vermiş Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasına yollandıq. Hadisə binanın üçüncü mərtəbəsində baş versə də, yanğın söndürülən zaman aşağı mərtəbələr də su olduğundan mənzillər hazırda yaşayış üçün yararsızdır. Odur ki, evində yaşaya bilməyən 46 məcburi köçkün ailəsi üçün binanın yaxınlığında 15 çadır qurulub. 

Qohumlarının köməyi ilə evində hadisədən sonra salamat qalmış bəzi əşyalarını çıxarmağa çalışan Badam Hacıyeva yanğının pilləkənlərin sağındakı ilk mənzildə başladığını deyir. Onun sözlərinə görə, ilkin səbəb kimi qısa qapanma göstərilib: 
  

“Səhər nəvələrimi geyindirib dərsə yola salırdıq. Hiss elədik ki, tüstü iyi gəlir. Dəsmalları isladıb ağzımıza tutub çıxdıq. Övladlarım, gəlinim və 5 nəvəmlə yaşayıram. Gecə də naqildə partlayış oldu. Uşaqlar qorxub, ona görə dünən qohumumuzgildə qaldıq, bu gün də gəlmişik əşyaları çıxarmağa. Televizor, kondisioner, gəlimin cehizləri yanıb tamam, qalanlar da artıq istifadəyə yayarsızdır. Dünəndən aidiyyatı qurumlar bizimlə maraqlanır, ev veriləcəyini də vəd ediblər. Qulluqdan narazı deyilik. Gözləyirik, görək başımıza nə gəlir”.

Qeyd etdiyimiz kimi, sakinlər üçün həyətdə çadırlar qurulsa da, yaxınlaşdığımız zaman hamısının boş olduğunu gördük. Çadırlarda qızdırıcı, 4 nəfərlik çarpayı yerləşdirilib. Ancaq buna baxmayaraq sakinlər gecəni yatmaq üçün yox, dincəlmək üçün nəzərdə tutulan çadırda keçiriblər. 

Zərərçəkmiş Rəfiqə Ələkbərovanın sözlərinə görə, buna səbəb çadırların soyuq və havasız olması olub: “Ürəyimiz darıxırdı. Gecə yenidən partlayış oldu, biz də elə burada oturduq. Bir-birimizə təsəlli, təskinlik veririk”. 

Hadisə yerində olan sakinlərin köçürülməsi ilə bağlı işlərə nəzarət edən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Təşkilat Nəzarət və Analitika şöbəsinin müdiri Namiq Kərimov bildirib ki, binada məskunlaşmış 103 ailə yanvar ayından yeni mənzillərlə təmin olunacaq:

“Burada 103 ailə məskunlaşıb.14 ailənin müvəqqəti yaşadığı evlər tam yararsız vəziyyətə düşüb, qalan evlərə isə qismən ziyan dəyib. Digərləri isə sonradan işıqla bağlı problem yaşayıb. Qərara alındı ki, bütün sakinlər müvəqqəti olaraq kirayəyə çıxarılacaq. Bu səbəbdən hər ailəyə bir aylıq 300 manat pul yardımı olunur. 

Kürdəxanı ərazisində Qaçqınlar və Məcburi Köçkünlər üçün müvəqqəti yaşayış qəsəbəsi tikilir. Dünən bu hadisədən sonra iclas oldu və qərara alındı ki, bu ailələr daha ön plana salınsın və ilkin olaraq oraya köçürülsün. Yəni 103 ailənin hamısı yanvar ayında orada evlə təmin olunacaq. 14 ailə evi tam yararsız olduğundan köçürülənə kimi hər ay kirayə haqqını bizdən alacaq. Ancaq digər ailələr yanğın söndürülən zaman evlərini su basdığı üçün bir aylıq ödəniş edilib kirayəyə çıxarılır. Daha sonra köçürülənə kimi burada yaşayacaqlar. 

Ailələrə kompensasiya verilməsi ilə bağlı da aidiyyatı orqanlar burada araşdırma aparır, yəqin ki kompensasiyalar veriləcək. Dəymiş ziyan hesablanır. Artıq kirayəyə köçənlər var”.

Hadisə yerində olduğumuz zaman müşahidə etdik ki, binanın birinci mərtəbəsində yerləşən Füzuli rayonu 45 nömrəli tam orta məktəbdə də artıq tədris bərpa olunub. Bu barədə məlumat verən məktəbin direktoru İlahə Novruzova bildirib ki, hadisə baş verən zaman məktəbdə sadəcə 5-6 pedoqoji kadr olub, onlar da FHN əməkdaşlarının xəbərdarlığına əsasən bayıra çıxarılıb:

“Uşaqların məktəb həyətinə belə daxil olmağı qadağan olundu. Üst qurumlardan rəsmi surətdə icazə alındı və məktəbdə tədrisə bir günlük fasilə verildi. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və tədris hazırda davam etdirilir, davamiyyət 90%-dir”.

Əlavə edək ki, çadırların qurulduğu ərazidə rəsmilərlə məcburi köçkünlər arasında narazılıqlar də yaranıb. Bir neçə ailə təklif edilən kirayə haqqının azlığından şikayətlənib, onların içərisində kirayədən imtina edərək birbaşa yeni evə köçmək istəyən də var. Yaranan gərgin şəraitdə hətta bir vətəndaş huşunu itirib, onun üçün təcili ticci yardım çağırılıb. 
 
Günel Hacı

Fotolar: Pərvin Zeynal