“Xalxın uşaqları”na görə intihar edən abituriyentlər..

xalxin-usaqlarina-gore-intihar-eden-abituriyentler
Oxunma sayı: 5551

 İnsan birinci ölür, sonra intihar edir. Yəni  özünü dənizə atmış, kəndirdən asmış, relslərə sarılmış adam, o su boğazına dolmamış, kətil ayağının altından qaçmamış, qatarın təkərləri ilə boynu bir-birinə qovuşmamış artıq ölmüş olur. 

Bu abzası  beş ay əvvəl gənc şair Məlik intihar edəndə yazmışdım. Bir neçə gün içində dörd intihar xəbəri ilə sarsıtmışdı mətbuat  bizi. Dünən  olduğu kimi, onda da düşünürdüm ki, ölmək qərarı vermiş adamla artıq ölmüş adamın heç bir fərqi yoxdur.

Bu səhər qəbul imtahanında yaxşı bal toplaya bilmədiyi üçün Sumqayıtda özünü yaşadığı evin pəncərəsindən  boşluğa buraxmış gənc haqqında oxuyanda içimdən qəribə bir üşütmə keçdi. Birincinin təsirindən çıxmamış ikinci intihar xəbərini görəndə isə bu yazını yazmaq qərarına gəldim.

Məni bu yaşıma qədər ən çox sarsıdan intihar Mövludun intiharı olub. Həmin gün onun özünü göydələnin ən uca yerindən üzüaşağı buraxdığı anda nələr hiss etdiyini təxmin etmək üçün  saysız-hesabsız intihar videoları izləmişdim. Mehmet Pişkin adlı bir gəncin “sağollaşma” videosunda dayandım. Bütün intiharların səbəbini bu gəncin bir cümləsi ilə çözdüm sanki. Üzündə xəfif  bir gülümsəmə ilə “Çok uzun zamandır mutsuzum” demişdi, Mehmet. “Həyatımda hamı və hər şey çox gözəldir, amma mən uzun zamadır mutsuzam...” Və düşünmüşdüm, getmək istəməsini, davam etmək istəməməsini belə bəzək-düzəksiz, fəlsəfəsiz, belə əmin izah edən adam(lar)ı  necə geri döndərmək olar? O gün bu gün tez-tez həmin videoya baxıram. Və indiyə qədər bir dəfə də olsun bu intihara  görə intellektual, nə istədiyini və nəyi istəmədiyini bilən adama getdiyi üçün qəzəblənə bilmirəm. Çünki o, yenə də deyirəm, nə istədiyini və nəyi istəmədiyini biləcək yaşda və başda idi...

  Bu gün isə,həyatının ilk imtahanından kəsildiyi üçün həyatla vidalaşan iki gəncə görə saçımdan dırnağıma qədər məyusam, oxucu dost. Çünki ölüm onların öz seçimi deyildi. Çünki onları o pəncərədən iradələri, ya da iradəsizlikləri itələmədi heçliyə. Onları çıxdıqları o hündürlükdən üzü aşağı azərbaycanlı valideynlərin ən amansız və kəskin silahı olan “xalxın uşaqları” müqayisəsi itələdi.Ona  görə öldülər ki, “xalxın uşaqları” 600 bal yığarkən   onlar keçid balını keçə bilməmişdi, “xalxın uşaqları” valideynlərinin qürur yeri olarkən onlar ola bilməmişdi... Bizə məğlub olmağı,  ikinci dəfə cəhd etməyi, dirənməyi öyrətmir valideynlərimiz. Universitetə qəbul olmağı   şərəf, vicdan borcuna çevirib boynumuza yükləyirlər. “Heyif çəkdiyim əziyyətdən” deyirlər, “Heyif  müəllimlərə tökdüyüm puldan” deyirlər. Heyif deyirlər, heyif...

 Yaşının on yeddisində, həyatının ən xaoslu dövründə  atdığı ilk addımda büdrəyən adama “Heyif” deməzlər axı. “Möhkəm ol”, deyərlər... 

Uşaqlarınızdan möhkəm yapışın, analar. Uğurlarına sevindiyiniz kimi, uğursuzluqlarında da yanlarında olun, atalar... Siz ki, bilirsiz, həyatın hələ qarşıda olduğunu, yaşamaq, işləmək üçün hamımıza lazım olan o kağız parçasının iş mutluluğa gələndə heç bir işə yaramadığını...

Yenə deyirəm, uşaqlarımız yaşamadan ölməsinlər. Böyüsünlər, adam olsunlar, şəxsiyyət olsunlar, özləri, öz ixtiyarları ilə qərar verə biləcək gücə çatsınlar. Sonrası isə... Sonrası öz seçimləri olsun...