Yaşayış binasının zirzəmisi yandı

yasayis-binasinin-zirzemisi-yandi
Oxunma sayı: 648

Anspress xəbər verir ki, gecə saatlarında Bakının Səbail rayonunda yanğın baş verib. Hadisə rayonun Bünyad Sərdarov küçəsi 4 ünvanında yerləşən binanın zirzəmisində qeydə alınıb. Qeyd edək ki, həmin zirzəmidə dərzi sexi, ev alqı-satqı ofisi və məişət texnikası təmiri emalatxanası fəaliyyət göstərirmiş. Yanğın da məhz həmin emalatxanadan başlayıb.

Hadisə barədə ilk xəbər tutan binanın sakinləri olub. Onlar yanğın nəticəsində meydana gələn tüstünü görən kimi yanğından mühafizə xidmətinə məlumat veriblər və hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub. Təxminən 50 kvadrat metr ərazini əhatə edən yanğın zamanı hər hansı xəsarət halı müəyyən edilməsə də, güclü alov emalatxanaya ciddi ziyan vurub. Məlumata görə, alov təmir emalatxanasını bürüdüyü bir vaxtda içəridə gözətçi də olub.

Yanğının dəqiq baş verməsi səbəbləri Fövqəladə Hallar nazirliyinin təhqiqat qrupu tərəfindən araşdırılır. İlkin ehtimala görə, hadisə məişət texnikası təmiri emalatxanasını elektriklə təmin edən naqillərdəki nasazlıq səbəbilə meydana gəlib. Bununla belə, araşdırmalar davam edir.