Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun “Qafqazinfo”ya müsahibəsi:
- Azərbaycanda son zamanlar hüquq müdafiəçiliyi sistemi inkişaf etməyə başlayıb. Demək olar ki, peşəyə çevrilməkdədir. Bu prosesi şərh etməyinizi istərdik.
- Bu gün əlinə qələm keçən hər insan deyir ki, mən hüquq müdafiəçisiyəm. Bir dənə də özünə siyasi məhbus tapır. Kimdir bəs siyasi məhbus? Hansı kriteriyalara əsasən siyasi məhbusdur? Onu müdafiə etməyə başlayır. Müdafiə etməyin çox növləri var. Hüquq müdafiəçisi olmaqdan ötrü biz dərslər keçmişik. Bizdə əvvəllər siyasi məhbus anlayışı da yox idi. 93-cü illərin axırlarında Xalq Cəbhəsinin uşaqlarını həbs etməyə başladılar. O zaman Amnesty İnternational Azərbaycana gəlmişdi. Bizə dedilər ki, siz onların sadəcə siyahılarını çıxardın. Bir də anketdə onlar haqqında bütün bilgiləri yığmağımızı dedilər. Biz həbsxanaya Əzizə xanımı, Natella Bayramovunu göndərirdik. Onlar gizli şəkildə anketləri doldurub bizə gətirirdilər. O vaxt kompyuter də yox idi. Bir dənə Eldar Zeynalovun kompyuteri var idi. Eldar Zeynalov da həmin anketləri düzəldib Amnesty İnternation təşkilatına göndərirdi. O zaman bunlar bizim ilk addımlarımız idi. O vaxt biz bunları müdafiə etməyə başladıq. Biz qadın hüquqları müdafiə cəmiyyəti olduğumuz üçün qadınların məhkəmələrdə müdafiəsini təmin edə bilirdik. Amma kişilərin hüquqlarını 93-cü ildən müdafiə etməyə başladıq. Buna baxmayaraq, kriteriyaları bilmirdik. Deyirdik ki, bu uşaqlar siyasi mübarizəsinə görə tutulublar və siyasi məhbusdurlar. O zaman biz Avropa Şurasına 716 siyasi məhbus siyahısı göndərmişdik. Böyük bir qrup idik. Öyrən- öyrənə bu günə gəldik və böyük bir qrup olduq. O zaman Səidə, Leyla, Səadət, Arzu xanım bizim sıralarımıza qoşuldu. O vaxt Avropa Şurasının da üzvü də deyildik. Bizə Amerika səfirliyində bir hüquq evi düzəltdilər. Orada birinci siyahı tərtib olundu. O zaman bizim aramızda çoxlu münaqişələr olurdu. Məsələn, mən istəmirdim ki, Əlikram Hümbətov, Sürət Hüseynov siyasi məhbus siyahısına düşsün.
- Niyə istəmirdiniz?
- Baxmayaraq ki, onlar da o siyahıya düşürdü. O insanlar mənim xoşuma gəlmirdi. Amma məcbur idim qol çəkməyə. Hər ikisi Azərbaycanın demokratik dövlətinin çevrilməsində iştirak etmişdilər. Elə insanlar var idi ki, siyasi məhbus kriteriyalarına düşürdülər, amma mənim bir sıra insanların da xoşuna gəlmirdi. Azərbaycan Avropa Şurasına daxil olandan sonra siyasi məhbus məsələsi daha da aktuallaşmağa başladı. Heydər Əliyevin zamanında böyük bir yığıncaq oldu. Ondan sonra 716 nəfəri birdən azadlığa buraxdılar. 114 nəfər isə hələ də həbsdə qalmışdı. Siyasi məhbus məsələsi çox həssas məsələdir. Bizə deyirdilər ki, bir insanı siyasi məhbus siyahısına salmaq üçün beş yerdən icazə almalısan. Məhkəmə, vəkil, konvensiyalara uyğunluq və s.
- O çətin günlərdən bu günə gəlib çıxdınız. Siz hesab edirsinizmi ki, ölkəmizdə bu peşəyə maraq get-gedə artmaqdadır?
- Ölkəmizdə insanlar tez-tez hüquqlarının pozulmasına məruz qalır. Bu hakimiyyət və ən çox da məmurlar tərəfindən pozulur. Onların hüquqları pozulursa, biz onları müdafiə etməliyik. Çox təəsüflər olsun ki,hüquq müdafiəçilərinin çoxusu özlərinin fəaliyyətlərini siyasi məhbus məsələsinə yönəldiblər.
- Niyə sizcə ?
- Avropaya çıxmaq, beynəlxalq təşkilatlarla əlaqə yaratmaq və tanınmaq üçün. Amma Azərbaycanda məmur və məhkəmə tərəfindən hüquqları pozulan insanlar çoxdur. Monitorinq qrupunda bununla bağlı yüzə yaxın ərizə vardır. Bunlar siyasi məhbusdurlar?
- Bu qədər ölkə daxilində hüquqları pozulan insanlar var. Amma onlar Avropada tanınmaq istəyirlər?
- Onun üçün də biz ardıcıl olaraq belə insanların hüquqlarını müdafiə etmək üçün məhkəməyə, DİN-yə, Prezident Aparatına məktub yazırıq. Doğurdan da belə insanlar heç nədən tutulublar. “Muray” MMC məsələsi var idi. İnsanlardan pulu almışdılar, amma evlə təmin etməmişdilər. Onların mitinqinə getdik, məktub yazdıq Fuad Ələsgərova. Yanına getdik, vətəndaşların ərizələrini verdik. Onların hamısını evlə təmin etdilər. Yəni hüquq müdafiəçiliyi bir dənə siyasi məhbus deyilən anlayışla ortalığa çıxmamalıdır. Jurnalistin hüqüqlarını müdafiə edən bir qrup yaradılıb. Məsələn, jurnalist rüşvət götürüb. Onu tuturlar. Çıxardırlar, qoyurlar ortalığa ki, siyasi məhbusdur.
- Nə etmək lazımdır?
- Gənc hüquq müdafiəçilərinə seminarlar keçirik. Monitorinq qrupunun 10 belə mərkəzi var. Orada biz hüquq müdafiəçiləri yetişdiririk. Rayonlarda maarifləndirmə işləri aparırıq. Onun üçün də sağdan- soldan bizi vursalar da, biz ən güclü qrupuq.
- Rayonlara getməyən hüquq müdafiəçiləri kimlərdir?
- Mən heç kimin adını çəkməyəcəm. Bir-ikisi gedir yalnız. Qalanları ancaq burada işləyir. Biz həm maarifləndirmə işləri aparırıq. Həm də rayonlarda görüşlər keçiririk. Kimin nə ərizələri varsa, onlarla tanış oluruq. Biz məktub yazanda bizə prokurorun birinci müavini, DİN-nin müavinləri cavab verir. Hüquq müdafiəçiliyinin birinci vacib şərti düzgün informasiya verməkdir. Yalan informasiya verdinsə, qanın getdi. Heç kəs sənə inanmayacaq. Biz çalışmışıq ki, hər zaman düzgün informasiya verək.
- Bir neçə yaşlı nəslin hüquq müadfiəçilərini yeni nəsl əvəz edir. Onların fəaliyyəti sizi qane edirmi?
- Olsunlar. Biz heç kəsə mane olmuruq. Heç kəsin də işinə qarışmırıq. Yolları açıqdır. İşləsinlər. Mən şadam ki, cavan nəsil hüquq müdafiəçiləri var. Amma özümüz də hüquq müdafiəçisi hazırlayırıq. 4-5 aydan sonra sizə bir qrup ən gözəl hüquq müdafiəçisini cəmiyyətə təqdim edəcəyik. Onları özümüzlə Avropaya aparacağıq. Beynəlxalq təşkilatlarla tanış edəcəyik. Biz hazırlayırıq. Bacarsınlar, onlar da hazırlasınlar.
- Yəni proses gedir..
- Əlbəttə ki. Həmişə mən hüquq müdafiəçisi olmayacam ki. Mənim də öz işim var. Mənim qadın hüquqlarının müdafiə cəmiyyətində başımdan uca o qədər işlərim var idi ki. Çox gözəl də işlərimiz gedirdi. Biz 20 ildir ki, məhkəmələrdə qadınların hüquqlarını pulsuz müdafiə edirik. Nə qədər işi udmuşuq. Bizim işimiz həmişə var. Bizim hər yerdə deməyə yetərincə sözümüz də var. Qarabağ məsələsi ilə məşğuluq. Sülh yaratmaq məsələsi ilə məşğuluq. Bizdə müharibə istəyənlər də var. Onlara deyirik ki, siz öz işinizlə məşğul olun. Biz də öz işimizlə. Prosesdə iki tərəf də olmalıdır.
- Siz sülhün tərəfdarısınız?
- Mən bu gün anaların göz yaşının axmasının tərəfdarı deyiləm. Mən Qarabağ erməniləri, İrəvanda yaşayan ermənilərlə söhbət edəndə deyirəm ki, bu 20 ildə ən çox siz tərəfdən də, biz tərəfdən də ən çox ölən uşaqlar olub. Analar səs qaldırsın ki, bu uşaqları öldürməsinlər heç olmasa. Bunun nəyi pisdir? Atəşkəs var, amma sülh yoxdur axı. Jurnalist və bir insan kimi istəməzsən sülh olsun?
- Təbii ki istəyərəm. Amma 20 ildən çoxdur ki, biz torpaqlarımızı sülh yolu ilə qaytara bilmirik. Mümkün olacaqmı müharibə olmadan torpaqları qaytarmaq?
- Biz onlarla görüşəndə demirik ki, Qarabağ sənindir. Deyirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Amma siz istəsəniz də, istəməsəniz də bir yerdə yaşamalıyıq. Ona görə də o sülhü təmin etmək üçün sizlərlə işləyirik.
- Ermənilər nə deyir bəs?
- Deyirlər ki, biz sizlə bir yerdə yaşamağa qorxuruq. Cavan uşaqlar müharibəni yaşamayıblar axı. Bizdə hamı ermənini düşmən kimi görür. Cavnlara da öyrətməliyik ki, o bizi öldürən ermənilərlə yox, o biri ermənilərlə danışmaq olar. Bir yerdə oturmaq olar. Bu o demək deyildir ki, sən erməninin vəhşiliyini yadından çıxardasan? Nə badə. Amma məcburiyyət qarşısında bir yerdə yaşamaq olar. Böyük dövlətlər özləri müharibə aparır. Amma kiçik dövlətlərə imkan vermir. Müharibə Rusiyaya lazımdır. Çünki böyük dövlətdir. Həm də bizdə demokratik dövlət yoxdur ki. Rus qoşunu gəlib burda oturub.
- Stenoqram olayından sonra cəmiyyət arasında belə bir fikir formalaşmağa başladı ki, hüquq müdafiəçiliyi sisteminində də bir iqtidar və müxalifət anlayışı var imiş. Nə dərəcədə doğrudur?
- Cəmiyyətdə belə bir fikir yaranmayıb. O bir insanın fikridir. O fikri də kim istəyibsə öz tərəfinə çevirə bilibdir. “Yeni Müsavat” qəzeti ona getmədi. Cəmiyyət bir “Azadlıq” qəzeti deyil ki? Bu gün məni suçlayan, mənə söz deyən qəzet İlham Əliyevin qabağında yox ey, Ziya Məmmədovunun oğlunun qabağında diz çökdü. İndi onun ixtiyarı varmı mənə söz desin? Məni günahlandıran insanlar uşaqları tutulanda tək mən yox, monitorinq qrupu polisə gedib onların uşaqlarını müdafiə edib, onlara yemək buraxdırıb. Biz həmin insanlarıq da. O mənim heç də borcum deyildi. Mən də Leyla xanım kimi oturub kompyuterdə qəzetlərdən materialları götürüb yazıb hər yerə göndərərdim. Özü də özümdən çıxarıb elə şeylər yazardım ki. Amma mənim 71 yaşım ola-ola polisin qabağında durmuşam. Digərlərinin 65, birinin 61 yaşı var. Hamımız gecə yarılarına kimi o qapıda dayanmışıq. Qadınları buraxdırmışıq. Həsən Kərimovu tutmuşdular. Dəli olmuşduq ki, onun ürəyi xəstədir. Orada bağrı çatdayacaq. Yaşar Əliyevi saat 12-də yorğan döşəyindən qaldırmışıq ki, Həsən Kərimov üçün təcili yardım gətirək. Onlar niyə yada düşmür? Əgər mən iqtidarın adamıyamsa, mənə zəng vurmasınlar da.
- Sizə qarşı bu qərəzin səbəbi nədir?
- Qısqanclıq. Onlar da istəyirlər ki, zəng vurmağı bacarsınlar, amma bacarmırlar. Bizə iqtidar normal münasibət bəsləyir. Ona görə ki, onlar bilirlər ki, biz həmişə bir mövqedə durmuşuq. Necə ki, Əbülfəz Elçibəyi biz satmadıq, hamı satdı. İndiyə qədər də Əbülfəz bəyin portreti mənim başımın üstündədir. Biz onun tələbəsiyik. Bəy satqın idi? Yox. Biz də satqın ola bilmərik. Əbülfəz bəy mənim ən yaxın dostum olub. Bu müxalifətin içində də onun ən yaxın dostu mən olmuşam. Biz ailəlikcə yaxın olmuşuq. Mən onun yolundan dönə bilərəmmi? Amma dialoq məsələsini indi də deyirəm. Mən hakimiyyətlə bir insanı qurtarmaqdan ötrü dialoqa girəcəyəm və danışacam da. Tək mən yox, bütün Monitorinq Qrupu bunu edəcək. Müşfiq Hüseynov jurnalist idi. Onu tutmuşdular. Xəstəxanada ölürdü. Fuad Ələsgərovdan xahiş etdik ki, onu buraxsınlar. Səhəri günü onu buraxdılar. Hətta ona arayış da verdilər ki, pulu yoxdur ala bilməyəcək. Bu azdırmı? Eləsinlər də. Leylası bunu eləsin. Görüm eləyə biləcəkmi? Əli çatmayan şeyə hamı deyir bəcidir. Hamı istəyir bunu eləsin. Mən deyəndə ki, biz polis akademiyasında tələbələrlə görüşmüşük. Orada çox gözəl uşaqlar var idi. Mən Avropa Şurasının nümayəndəsinə deyirəm ki, onlarla işləyin. Çünki onları əllərinə dubinka verib manqurt edib camaatın üstünə buraxırlar. Baxın tutursunuzsa, tutun. Amma döyməyin, qadına qadın kimi davranın. Mən bunu deyirəm, Leyla Yunus qayıdıb mənə deyir ki, nədir polisi müdafiə etməyə başladın? Dedim, bəli. O polis mənim oğlumdur. Mən onun manqurt olmağını istəmirəm. Bu Azərbaycan mənim dövlətimdir. Dedim ki, Leyla Yunusa səndən fərqli olaraq mən Azərbaycanı sevirəm, sən isə nifrət edirsən. Budur, onu yandıran. Dedim, mən hüquq müdafiəçiliyini edirəm pulsuz, amma sən hər şeyi pulla edirsən. Ondan sonra bu münaqişə ortalığa çıxdı. Avropa Şurasının nümayəndəsi mənə dedi ki, siz o qədər yaxşı işlər edirsiniz, amma Azərbaycan sizin qədrinizi bilmir. Amma Avropa Şurası sizin qədrinizi bilir, sizə çox sağolun deyirik. Onun hesabına Leyla Yunus dəli olmuşdu. Necə yəni, bunlara sağ ol deyirlər. Budur məsələ. Biz yeganə insanlarıq ki, Əbülfəz Elçibəyin vaxtında vəzifəyə getmədik. Amma bəy mənim dostum idi. İstədiyim vəzifədə işləyərdim. Amma Leyla Yunus getdi. Müdafiə Nazirliyində polkovnik idi. Onun nazirlikdə nə əməllər etdiyini biz çox qəşəng bilirik. Ağzımızı açdırmasın. Bizdə əxlaq onlardan çoxdur. Mən onları Allaha tapşırdım. Allah da hamısının qabağına gətirdi. Mənə hökumətlə iş birliyi qurur deyən adamın bu gün dizləri Ziya Məmmədovunun oğlunun qabağındadır. Diz çöküb üzr istədilər. Allah var yuxarıda. Mənim babalarım, dayım Şeyx Cabbar, Kərim ruhani olublar. Naxçıvanda məscidimiz var .
- Yəni qeyd edirsiniz ki, lazım olanda hakimiyyətlə dialoqa gedirsiniz..
- Bəli. Məsələn, Masallıdan bir qrup ziyalı bizə müraciət etmişdi ki , icra başçısı bizə rahat hərəkət etməyə qoymur, yerlərimizi əlimizdən alır. Biz onların məktubunu Fuad Ələsgərova vermişik. Fuad Ələsgərov onu oxuyandan sonra o icra başçısını ordan çıxartdılar, Astaraya təyin etdilər. İndi Astarada hazırda özünü yaxşı aparır. Onlar siyasi məhbus deyildilər ki. Adi insanlardır. Adi insanların hüququ 5 dəqiqədən bir pozulur. İmkan olanda özümüz edirik. Olmayanda Çingizə, Qüdrətə, Fazilə, Rəbiyyətə, yeri gələndə Əli Hüseynova , Səməd Seyidova deyirik. Bu hakimiyyətlə işləməkdirmi? Bu, insanların sözünü onlar çatdırmaqdır ki, bu Azərbaycana pislik gətirir, bunu düzəldin, sizə də söz gəlməsin, Azərbaycana da. Mən istəsəydim bu hakimiyyətlə iş birliyi qurum , 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə həm mənə, həm də həyat yoldaşıma iş təklif etdi. Üç dəfə yanıma adam göndərmişdilər. Mən bu gün oturardım PA-da, ya da parlamentdə. Özlərinki olacaqdım çünki. Yalan deyirəm? O cümlədən Səadət, Səidə də. Mən onlara yaxşı olardım da. Qadındırlar. Mən qadınlara heç vaxt söz demərəm. Mən naxçıvanlı idim də. Onların ciyəri idim də. İndi hər yerdə evim, maşınım olardı. Antalyada bəzi adamlar kimi evim olardı. Mənə o qəzetdə suçlayaraq “Novella kimdir?” dedilər. Mənim 71 yaşım var. Mən onlara bunu bağışlayarammı? Ya rəbbim, Allaha tapşırıram. Allah bağışlamayacaq onları. Hələ harasıdır, hələ qabağı var. Bu olay mənə o qədər pis təsir etdi ki, onları Allaha tapşırmışam. Həm cəddim, seyid qızıyam. Səidə Ordubadda Mir İsmayıl ağanın nəvələrindədir. Mən Seyid Ələviyə xanımın nəvəsiyəm. Sözsüz ki, hər bir insan kimi mənim də səhvlərim olub. Bəlkə rus dilliyəm deyə ayrı cürə başa düşüblər. Amma məni satqınlıqda ittiham edənlərin dilini kəsdirərəm.
- Bu qədər əzab əziyyətlərdən sonra bütün bu hadisələr sizə təsir göstərdi..
- Qızım, bunların heç birisi döyülməyib. Həmişə mitinqlərdə mən döyülmüşəm. Həbsə mən düşmüşəm. Hamısını mən çəkmişəm. Onun üçün deyirəm ki, istəsək də istəməsək də hakimiyyətlə dialoqa getmək lazımdır. Avropa Şurası hansı qərarı çıxardırsa çıxartsın, hakimiyyət bunu həll edəcək. O gün polislə bağlı bizim bir liderimizə sual verdilər. Dedilər ki, sən hakimiyyətə gəlsən, polisin hamısını işdən çıxaracaqsan? Dedi ki, yox. Yaxşılarını saxlayacam. Biz deyirik ki, yaxşılar ilə işləyək da. Bunların yaxşısı da var. Bunu deyəndə az qala bizi öldürsünlər ki, sən niyə polisə yaxşı dedin.
- Eləcə də hakimiyyətin daxilində də yaxşılar var..
- Deyəndə ki, onlarla işləmək lazımdır, deyirlər ki, hakimiyyətə satılıb. Parlamentdə olanların hamısıyla işləməliyik da. Talış məsələsi ortaya düşəndə gedib Hadı Rəcəbliyə deyirik ki, Hilal Məmmədovu tutublar. Sən də oralısan, köməklik et onu buraxsınlar. Niyə işləməyim mən onunla? Onların xoşuna gəlsə də gəlməsə də mənim xoşuma gəlir. Bu sözdür? Bu bolşevik təfəkkürünün buraxmaq lazımdır. Bir balaca qabağa gedin da. Mənim xoşuma gəlir bu hakimiyyətin işləri? Bu korrupsiya, insanları döymələri və.s. Əsla yox. Amma yaşayırıq da burda. Tənqid edirəm də bunları. Amma danışmağı da bacarıram.
- Sözünüzə həmişə cəmiyyətdə inam olub. Sizin həm də siyasi fəaliyyətiniz var. Niyə sizcə, Azərbaycan müxalifəti hələ də darmadağın şəkildə fəaliyyət göstərir?
- Müsavatı göz bəbəyi kimi qorumaq lazımdır. Çünki Müsavat Azərbaycan Demokratik Respublikasının bünövrəsini qoyan bir partiyadır. Bunu iqtidar da sevməlidir. Müsavatı əlinin içində saxlamalıdır. Dünən bir iclasda hakimiyyət nümayəndələri qeyd edir ki, Azərbaycanda demokratik dövlət olub. Qadınlara azadlıq verilib. Adını çəkmirlər ki, bunu Məmməd Əmin Rəsulzadə edib. Bunlar hamısı qısqanclıqdan irəli gəlir. Olsun da Məmməd Əmin Rəsulzadə Müsavatın, Heydər Əliyev də YAP-ın qurucusu. Bunun nəyi pisdir ki? Amma Məmməd Əmin demokratiyanı qoyub axı. Biz YAP-ın yaradıcısna bir söz demirik ki. Müsavatın davamçıları var. Türkiyədə yaşayırlar. Yığın onları buraya gətirin. 2-3 nəfər qalıb o müsavatçıların uşaqlarından. Türkiyədə məskunlaşıblar. Yaxşı, bu Müsavatı sevmirsiniz. Onda o biri müsavatçıları gətirin da. Ona görə də həmişə Müsavat Partiyasını qısqanacaqlar.
- Birləşə bilməmək tək qısqanclıqdanmı irəli gəlir?
- İctimai Palatada birləşiblər da.
- Axı İctimai Palatada onların fəaliyyəti birmənalı qarşılanmır..
- Mən istəyirdim ki, onların hamısı birləşsinlər. İqtidarın güclü rəqibi olmalıdır. Onla r rəqiblərini gücsüz edirlərsə, deməli özləri də gücsüzdür.
- Hazırda müxalifət hakimiyyətin dəyişilməsinə çalışır. Bəs müxalifətdə Azərbaycanı idarə edə biləcək elə bir lider varmı?
- Ölsün o millət ki, onun dəyişməyə lideri yoxdur. Deməli, vardır da. Ola bilməz ki, olmasın.
- Novella Cəfəroğlunun lideri kimdir?
- Ancaq İsa Qəmbər. İsa Qəmbər mənim bu gəldiyim yolda yeganə adamdır ki, suçsuz gəlib. Heç bir şeydə günahkar olmayıb. Mənim üçün Əbülfəz Elçibəy birinci idi, sonra da İsa Qəmbər oldu.
- Bəs niyə müxalifətə Azərbaycan cəmiyyətində inam yoxdur?
- Qoyurlar ki... Məsəl var. Yazıq bir dənə alkoqol kişi metronun qabağına gəlir, amma onu içəriyə buraxmırlar. Soruşur ki, onun içərisində nə var? Deyirlər ki, indiyə qədər bilmirsən nə var? Cavab verir ki, qoyursunuzmu ki, gedim görüm nə var. İsa Qəmbəri qoyurlar ki, qol-qanad atsın. Pulsuz partiyadır. Nə onun, nə də Müsavatda olan insanların övladlarını işə götürmürlər. Güclü partiya odur ki, onlar işləyirlər. Tərkibində biznesmenlər var. Burada icaz vermirlər axı. Kılıçdaroğlunun partiyasında hamı biznesmendir. O cümlədən Bahçelinin də. Müsavatın içində hansı biznesmen var? Heç partiyalara da pul ayırmırlar. Buna baxmayaraq, neçə illərdir ki, Müsavat addım-addım üzvlük pullarının hesabına fəaliyyət göstərməkdədir.
- Əgər ölkə daxilində Müsavatın inkişafına imkan vermirlərsə, xaricdən dəstək lazımdırmı?
- Mən bilirəm ki, Müsavata xaricdən pul dəstəyi edilmir. Amma əməkdaşlıq həmişə olub. İsa bəy həmişə yığıncaqlarda iştirak edir. Amma yüz faiz bilirəm ki, Müsavata xaricdən pul gəlmir. Mən onların içindəyəm. Həm Avropa, həm də Amerikadan dəstək var.
- Müsavat Partiyasının Rusiyanın dəstəyi ilə hakimiyyətə gələ biləcəyini iddia edənlər var. Siz necə fikirləşirsiniz?
- Bizdə Rusiya amili yoxdur. Biz bütün dövlətlərlə çalışırıq ki, normal münasibət saxlayaq. Rusiya da böyük dövlətdir. Amma biz Avropa tərəfinə meyillik. Amma sözsüz ki, Rusiyanın da QHT-ləri, partiyaları ilə görüşürük. Demokratik insanların hamısı ilə görüşmək lazımdır.
- Sizcə bu dəfəki seçkilərdə nəsə dəyişəcəkmi?
- Vallah yox. Mən proqnoz verən deyiləm. Baxmayaraq ki, “Azadlıq” qəzeti mənə istehza ilə Vanqa nənə deyib. Amma vanqalıq etmişəm. Neçə dəfə demişəm. Sözlərim düz çıxıb. hakimiyyəti dəyişmək üçün böyük işlər, böyük qüvvələr lazımdır. Müsavat Partiyasının məqsədi hakimiyyətə gəlməkdir. Amma bu hakimiyyət də fikirləşməlidir ki, hakimiyyətdə qalmaqdan ötrü nəyisə dəyişmək lazımdır. Hakimiyyət fikirləşməlidir ki, məhkəmə sistemi belə qala bilməz. Rüşvətxorluğu aradan qaldırmaq lazımdır. Bir hakim ki, məlum videoda deyir ki, özləri 4-5 milyon alırlar, amma mənə heç nə çatmır. Ağır cinayərlərin hakimi bunu deyir. Deməli, bu hakimiyyət nəsə fikirləşməlidir. Dəyişiklik olmasa, nə qədər vaxta kimi qala biləcəklər ki? Yəni bu korrupsiya Azərbaycanda tüğyan edir. Nə vaxta qədər bunu belə saxlamaq olacaq ki? Bu da var axı. Deyirsiniz ki, Müsavatın gücü çatacaqmı hakimiyyətə keçməyə? Bəs hakimiyyətin gücü çatacaqmı hakimiyyətini saxlamağa. Həmişə güclə saxlamaq olmaz. Rus tanklarının üstünə bu millət əli yalın gedib. Bu millət dözümlü millətdir. Amma bir yerə qədər dözümlüdür.
- Hazırda Azərbaycan xalqı baş verənlərin sadəcə tamaşaçısıdır. Onun iştirakçısına çevrilə bilmir. Nə etmək lazımdır sizcə?
- Türk milləti həmişə yatan pələngə oxşayır. Birdən silkələndə onun qabağında heç kim dayana bilməz. Ən birinci qadınların üsyanı Azərbaycanda olub. Hər yanı dağıdıblar. Bunu heç kim yaddan çıxarmasın .
- Yatan pələngin oyanmasına az qalıb, yoxsa hələ var?
- Hələ var. Bu millətə insan kimi yanaşmaq lazımdır. Hər bir insanın dəyəri verilməlidir. Bu gün bu hakimiyyət hələ varsa, bu bizim hesabımızadır. Biz hələ səs qaldırmamışıq. Hökmümüzü göstərməmişik. Hakimiyyət dialoqa getməlidir. Müxalifəti çağırıb danışmalıdır ki, sən nə istəyirsən, nəyin çatmır? Sizin təklifiniz nədir? Onu eləməsələr, bu hakimiyyətin də gücü qalmayacaq. Tarix bunu göstərir. Əminəm.
- Niyə bəs aksiyalara az insanlar çıxır?
- Qoyurlar ki. Qoymurlar axı. Mitinqə çıxanı döyüb türməyə basırlar. Bu millət də yazıq gündə 5 manat qazanır ki, evinə çörək aparsın. İdeologiya dəyişməlidir. Bu millət bilirsən nə millətdir? Bu millətə qurban olum. Bunun bir toyu-tufanı vardır ki. Əbülfəz bəy həmişə deyərdi ki, türk millətinə bir dənə bayraq ver. De ki, get filan yerə basdır. Onu basdıracaq. Bu millət burdan Avropaya qədər əraziləri fəth edən millətdir.
- Yəni millət ayağa qalxmasa, hakimiyyət dəyişməyəcək
- Ona görə də deyirəm ki, bu hakimiyyət də rahat oturmasın. Reformalar etməsə, çətin olacaq.
- İsa Qəmbərdən sonra partiyaya rəhbərlik edəcək namizəd kimi görürsünüz?
- Çoxları var. Məsələn, Qubad İbadoğlu, Arif Hacılı, Arzu Səmədbəyli, Nüşabə Məmmədova və.s. Bu gün ki gündə isə axıra qədər İsa Qəmbər olmalıdır. Bu hakimiyyətin ağlı yoxdur. Qubad İbadoğlu kimi gözəl iqtisadiyyatçısı var. Avropada onun haqqında elə gözəl şeylər eşidirəm ki. Hələ onu qardaşı var, Vüqar Bayramov. Qubad incisə də, bunu deyəcəm. Vüqar ondan bir pillə də yuxarıdadır. Mən onlar haqqında beynəlxalq təşkilatlardan eşitdiyim sözləri deyirəm. Hakimiyyət götürsün qoysun birini baş nazir və.s. Azərbaycanı hər yerə zirvədə aparacaqlar.
- Müsavatla AXCP arasında mübnasibətlər necədir? Qarşıdurmaların olduğu hiss olunur.
- İndi bu saat bunlara dəyməyin. Qoy bir balaca birləşiblərsə axıra kimi getsinlər. Seçki vaxtı kimi istəyirlərsə, seçərlər. Hələ ki, media onlara dəyməsin. Qoyun, öz işlərini özləri görsünlər. Mən bu konuya, türklər demişkən girmirəm. Sevinirəm ki, hələ ki bir yerdədirlər.
- Bu hakimiyyətin yürütdüyü hansısa siyasəti bəyənirsinizmi?
- Bunların hakimiyyətinin apardığı xarici siyasət xoşuma gəlir. Azərbaycanı stabil saxlaya biliblər. Heç kimin güdazına getmir. Xarici siyasətdə Azərbaycan üçün önəmli bir siyasət aparır. Hərdən bir lazım olmayan sözlər deyirlər. Bu hər ölkədə var. Amma xoşuma gəlir. Rusiya, İran, İsrail , Amerika ilə stabil siyasət aparır. Bilir ki ,kim kimdir. Hakimiyyətin içərisində Rusiyaya işləyənlər də var axı. Amma Rusiyaya da qucağını açmır. Xoşlarına gəlsə gəlməsə də mən bunu deməliyəm. Qalan məsələlərdə fikirləşməlidir ki, çox şey Azərbaycanı uçuruma apara bilər.
- Uçurumun ən pik nöqtəsi nə olacaq?
- Korrupsiya. Korrupsiya Azərbaycanı yıxır.
- Sosial şəbəkələrdə yoxsunuz..
- Yoxam. Mənim vaxtım yoxdur. Mənim doğurdan da çox işim olur. Mən ümumiyyətlə üzbəüz ünsiyyəti daha çox sevirəm, nəinki telefonla danışmağı. Məsələn, sənin üzünü, təbəssümünü görürəm. Daha yaxınsan mənə. Telefonla quru alınır. İnsanlarla görüşüb danışmağa daha çox üstünlük verirəm, nəinki şəbəkədə. Şəbəkə birincisi, cavanların işidir. Şəbəkədə o qədər əxalqsız şeylər yazırlar ki. Bir iki dəfə oxumuşam. Sosial şəbəkəyə nə hörmətim vardır, nə də orada dünyasında olmaram. Mən cavanların yerinə olsaydım orada bir mövzunu qoyardım. Məsələn , demokratiya nədir? Necə başa düşürsən onu? Gənclər müzakirə edərdilər. Həm onlar üçün dərs olardı, həm də fikirlərini ifadə etmək üçün şans olardı. Yaxud da hüquq müdafiəçisi. Bu söz haradan gəlib? Niyə siz istəyirsiniz ki, vəkil olasınız? Belə məsələləri qoyun. Başa düşürəm, cavanlıq edirlər. Amma mən istəyərdim ki, mənim cavanlarım hər şeydən qabaq intellektli olsunlar. Təhsili hamı alır. Təhsil almaq ziyalı olmaq deyil. Elçibəy ziyalıların ziyalısı idi. Çünki Əbülfəz Elçibəyin bildiyini hazırda bir partiya lideri bilmir. Əbülfəz bəy hər sahəni dərindən bilirdi. Ədəbiyyatı, musiqini, tarixi, fəlsəfəni, kinonu dərindən bilirdi. Mən istəyirəm ki, cavanlarımız belə olsun. Yoxsa “o Novella kimdir, mən onun haqqında danışım” deməsinlər. Bunu deyən cavanların lideridir. Halbuki oni 5-6 dəfə mən türmədən əlimi atıb çıxartmışam. Burda heç ziyalılıq , təhsil də yoxdur. Məni ən çox narahat edən bu gün gənclərin içərisində iki təbəqənin yaranmasıdır. Biri çox kitab oxuyan, dil bilən, digəri də çox radikal bolşevik təfəkkürü ilə onlara pis baxan. Bunların ortası yoxdur. Bu məni narahat edir.
- Ortanı tapmağın formulu nədir?
- Bilirsiniz, bizdə ziyalılar da bu saat hərəsi özünə bir “polka” tapıblar. Orada oturublar. Bizdə ziyalının sözünə baxardı cəmiyyət. Ziyalılar həm hökuməti, həm də müxalifəti bir yerə yığb hər iksi ilə danışmalıdır. Əgər ziyalı da müxalifətə çevrilirsə, o zaman o ziyalılıqdan da qurtarır. Ziyalı təbəqəsi həm iqtidar, həm müxalifət, həm də millətə dərs keçməlidir.
- Ziyalılardan söz düşmüşkən, Ziyalılar Forumununun fəaliyyəti sizi qane edirmi?
- Yox, qane tmir. Hamısına ayrı-ayrılıqda çox böyük hörmətim var. Amma hələ ki, onlar o düsturu yerinə yetirə bilməyiblər. Behrudinin bir şeiri var. Çox xoşuma gəlir. Deyir ki,
Bu nə insanlardır ki, öz haqqını istəmir .Torpaq da bizdən küsüb vətən olmaq istəmir.
Möhtəşəm sözlərdir ey. Azərbaycanın bu günki günü budur.
- Ailənizdə sizin yolunuzu davam etdirən insanlar varmı?
- Mənim övladlarım İsraildə yaşayır. Kiçik nəvəm bilirəm ki, mənim kimi olacaq. Çox aktiv qızdır.
- Neçə nəvəniz var?
- 6
- İsraildə hüquq müdafiəçisi olacaq?
- Bəli. Burada mən özüm o qədər hüquq müdaifiəçisi hazırlayıram ki. Kiçik nəvəm siyasəti də çox sevir. İsrail çox maraqlı dövlətdir. Orada gedib hər şeyi öyrənmək lazımdır. Bunlara orta məktəbdə sorğu keçirdiblər ki, siz hansı prezidenti istəyirsiniz? Soruşdum ki, nəvəmdən sən necə seçəsən bunların arasından prezidentini? 6-cı sinifdə oxuyurdu. Dedi ki, nənə, necə yəni? Hansı prezident bizim haqqımızda yazıbsa ki, uşaqlara, təhsilə necə yanaşacam, o bizim prezidentimiz olacaq. Mən istəyərdim ki, Azərbaycan da da elə bir institut olsun. Bütün prezidentlərin proqramı hazırlasınlar ki, hələ orta məktəbdə oxuyan şagirdlər də bilsinlər ki, hansı prezident seçilməlidir.
- Burada tək qalırsınız?
- Yox, tək deyiləm. Bacım, qardaşım və. s . Övladlarım öz vətənlərini seçiblər, mən də öz vətənimi. Həyat yoldaşım yəhudidir. Əbülfəz Elçibəyin ən yaxın dostu olub. Çox yaxşı kişidir. Övladlarımın da ikisi professordur, biri həkimdir. Təl-Əviv Universitetində biri dərs deyir. Biri də bir universitetdə prorektordur. Kiçik oğlum da həkimdir.
- Həyat yoldaşınız mübarizənizdə sizin yanınızda olubmu?
- Bəli . Hər zaman mənlə bir yerdə olub. Son hadisələr olanda oğlum mənə dedi ki, öldürdün özünü, bu qədər əzab çəkdin, gördün axırda nə elədilər sənə? Dedim ki, elə şeylər də olmalıdır.
- Deyirlər ki, gəl bizlə yaşa?
- Gedirəm ora tez-tez. Amma mən orada yaşaya bilmirəm ki. Mən orda bir ay qala bilirəm ən çox. Demişəm ki, onlara mən burda öləcəm, gəlib burda basdırarsınız məni. Siz oranı seçdiniz, mən buranı.
- Amma yəqin ki, istəyirsiniz ki, nəvələriniz yanınızda olsun..
- Əlbəttə ki. İmkanlar olsaydı, sözsüz ki, istəyərdim. Heç olmasa, bir oğlum gəlib mənlə qalardı. Üçü də Azərbaycandan didərgindirlər. Gəlinlərimin də ikisi azərbaycanlıdır, biri yəhudi. Azərbaycandan ötrü ölürlər. Normal vəziyyət olsa , gəlib burada yaşayarlar.
Söhbətləşdi: Günel Türksoy