Azərbaycanda Fonda qarşı “şapka” ittihamı

azerbaycanda-fonda-qarsi-sapka-ittihami-
Oxunma sayı: 792

Azərbaycanda 1992-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Əsasnaməsinin təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu. İqtisadi İnkişaf Nazirliyinin nəzdində 20 ildir fəaliyyət göstərən Fond bu istiqamətdə hansı göstəricilərə nail olur, üzərinə qoyulan öhdəliyi nə dərəcədə yerinə yetirə bilir, şəffaflığı qoruya bilirmi?

Əvvəla qeyd edək ki, SKMF-ya hər il büdcədən on milyonlarla manat vəsait ayrılır. Fond vasitəsilə ayrılan güzəştli kreditlər əsasən bu sahələrin inkişafına yönəldilir:

Kənd təsərrüfatı məhsullarının istehsalı;
Müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli və ixrac yönümlü yeyinti və digər sənayesi məhsullarının istehsalı;
Müasir soyuducu anbar kompleksinin yaradılması;
Kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı;

Rəsmi açıqlamalara görə, təkcə 2012-ci ilin ötən dövründə SKMF-nin vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2327 investisiya layihəsinin maliyyələşdirilməsinə 209 milyon manatdan çox güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8800-dək yeni iş yerinin yaradılmasına imkan verib.

Ötən il ərzində isə Fondun vəsaitləri hesabına sahibkarlara 100 milyon manatdan artıq güzəştli kreditlər verilib.

Xatırladaq ki, ayrılan güzəştli kreditlərin hesabına bu günədək yeni istehsal, emal və infrastruktur sahələri, çörək istehsalı zavodu, soyuducu anbarlar, müasir heyvandarlıq kompleksləri də yaradılıb. Bu isə minlərlə yeni iş yeri deməkdir. Güzəştli kreditlərin verilməsi üçün hazırda 43 müvəkkil kredit təşkilatı əsas rola malikdir.

Bunlar Fondun fəaliyyəti ilə bağlı rəsmi məlumatlardır. Bu açıqlamalarda hər şey gözəldir. Amma biz axı Azərbaycan reallığında yaşayırıq. Sən demə, bu krediti almaq heç də asan deyil və hər sahibkara qismət olmur. Qismət olanlar isə şərelərə əməl etməlidir. Bir çox sahibkar Fondun “şapka” şərtilə işlədiyini bildirir. “Qafqazinfo”ya müraciət edən həmin sahibkarlardan biri də böyük həcmdə güzəştli kreditdən yararlanmaq istəyənlərdən olub. Lakin almaq istədiyi yardımın müqabilində ona oxunan “şapka”nı (kreditin 25-35 faizi) eşidəndə fikrindən daşınıb. Yerdə qalan məbləğin sahibkarlıq fəaliyyəti üçün yetərli olmadığını düşünüb yeni işini ölkəmizdə deyil, Rusiyada qurmaq qərarına gəlib. O səbəbdən ki, orada sahibkarlar üşün yaradılan imkanlar buradakından daha rahat və əlverişlidir.

Sahibkarların dediklərindən belə məlum olur ki, bu "şapka" əməliyyatından SKMF-nin İcraçı direktoru Şirzad Abdullayevin də xəbəri var.

Diqqəti çəkən digər məqam isə prosesin nə dərəcədə şəffaf keçirilməsi, sahibkarlara kreditlərdən yararlana bilmək imkanlarının yaradılmasıdır. Fondun verdiyi kreditlər heç də bütün sahibkarlıq subyektləri üçün əlçatan deyil. Məlumatlara görə, SKMF məhdud dairədə, özünə yaxın iş adamlarına kredit verir. Fond baş verən bu neqativlikləri müvəkkil bankların ayağına yazmağa çalışsa da, banklar məsuliyyəti üzərilərinə götürmürlər.

“Ayrılan kreditlər büdcəyə əlavə vəsait qazandıra bilmir”


İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Məhəmməd Talıblı da deyir ki, SKMD-dan ayrılan vəsaitlərin yerlərə gedib çatmamasından, sahibkarlara yardımla bağlı yaranmış korrupsiya halları, sahibkarla məmur arasındakı münasibətlərin ziddiyyətinə dair onlarda da xeyli informasiyalar var: “Bunu hətta sahibkarlar da deyir. Biz düşünürük ki, bu, büdcədən SKMF-ya ayrılan vəsaitlərin üzərində nəzarət mexanizmlərinin zəif olması ilə bağlıdır. Konkret olaraq son illərdə SKMF-ya dövlət büdcəsindən 600 milyon manatdan artıq vəsait ayrılıb. Amma həmin vəsaitlərin özü əksər hallarda iri vəsaitlərdir, 500 min, 1 milyon, hətta 2 milyon manat həcmində də vəsaitlər ayrılır. Bu əslində ondan xəbər verir ki, belə tendensiya nəticə etibarı ilə regionlarda orta sahibkarlığın inkişafını stimullaşdırmalı idi. Eyni zamanda regionlarda əhalinin işlə təminatını yüksəltməli idi. Amma bizim araşdırmalarımız göstərdi ki, Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrılmış vəsaitlərin hər 26 min dollarına bir şəxsin işlə təmin olunması düşür. 110 min dollar həcmində ayrılmış vəsaitlər 4 nəfər şəxsin işlə təminatını həll etmiş olur. Azərbaycanda bu vəsaitlər bir çox hallarda həm rentabellik baxımından, həm də məşğul əhalinin işlə təmin olunması baxımından müəyyən indikator rolunu oynayır. Əvvəla o vəsaitlər üzərində şəffaflıq və səmərəlilik göstəricilərinə diqqət yetirmək lazımdır. Ayrılmış vəsaitlərin dəyərləndirilməsi aparılmalıdır. Gələn il də ayrılacaq vəsaitləri nəzərə alanda bu müddət ərzində 1 milyard manata yaxın Fond vasitəsilə vəsaitlər ayrılacaq”.

Bu vəsaitlərin ölkədə sosial inkişaf səviyyəsinə necə təsir etməsinə gəlincə, M. Talıblı vurğulayıb ki, baxmaq lazımdır, kiçik sahibkarlıq subyektləri artıb ya artmayıb, ölkədə məşğul əhalinin işlə təminatına nə qədər kömək edib, ölkənin idxaldan asılılığını nə qədər azalıb, həmin sahibkarlar ixracat potensialını nə qədər artıra biliblər: “Bir çox istiqamətlər üzrə onu dəyərləndirmək tələbi olmalıdır. Dəyərləndirmə tələbindən sonra növbəti illərdə SKMF-ya vəsaitlərin verilib-verilməməsilə bağlı siyasətə baxmaq lazımdır. Xaotik formada ayrılmış vəsaitlərin səmərəliliyi, nəticəliliyi qiymətləndirilmədiyi üçün həmin vəsaitlər büdcəyə əlavə vəsait qazandıra bilmir. Həmin vəsaitlər regionların payına düşür. Amma büdcə daxilolmalarında regionların cəmi payı 3,5% həcmindədir. Əslində, regionlara ayrılmış bu vəsaitlər büdcəyə əlavə dəyər qazandırmır. Bu istiqamətdə görülən işlər, tədqiqatlar və dəyərləndirmələr olmalıdır. Azərbaycanda belə bir dəyərləndirmə ilə hələ də tanış ola bilməmişik. Xüsusilə Sahibkarlığa Kömək Milli Fondu və İqtisadi İnkişaf Nazirliyi tərəfindən”.

“Bu, sırf korrupsiya faktıdır”


“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı-ekspert Qadir İbrahimli də hesab edir ki, SKMF-nin ayırdığı kreditlərdə şəffaflıq prosedurları pozulur. Hansı sahibkara, hansı kriteriyalar əsasında kreditlərin verilməsi məlum deyil. Bu vəsait büdcədən ayrılır və bütün bunlar açıqlanmalıdır: “Azərbaycanın bank sistemində “şapka” amili hələ də qalmaqdadır. Ümumiyyətlə müstəqillik illərində, hansı ki özəl banklar yaranmağa başlayanda ilkin təəssürat ondan ibarət idi ki, özəl banklarda “şapka”, “rüşvət” sistemi işləyə bilməz. Çünki bu özəl mülkiyyətdir. Hər bir sahibkar öz bankının daha dinamik fəaliyyətinə maraqlıdır. Çox təəssüf ki, Azərbaycanda təcrübə göstərdi ki, özəl banklarda da “şapka” sitemi mövcuddur. İş adamlarına verilən iri həcmli kreditlərin bir hissəsi nəğd şəkildə geri qaytarılır. Bu əslində rüşvətdir. Sadəcə ifadəni yüngülləşdirmək üçün “şapka” deyilir. Sırf korrupsiya faktıdır. Ümumilikdə Azərbaycanda fəaliyyət göstərən bankların 90 faizində bu “şapka” əməliyyatları var. Onsuz mümkün deyil. Bu əməliyyatlar da mərkəzləşib. Hər bir bankir hesablayır ki, il ərzində nə qədər kredit verəcək və buna görə “şapka” şəklində gəlir götürəcək. Bu çox acınacaqlı məqamdır. Bank prosesinin normal inkişafının qarşısını alan amillərdir. Problemli kreditlərin yaranmasının əsas səbəblərindəndir. Təəssüf ki, dövlət büdcəsi vasitəsilə verilən vəsaitlərdə də “şapka” amilinə rast gəlinir. Məsələn Mərkəzi Bankın ayırdığı ipoteka kreditlərinin verilməsində də belə faktlar olur. Bizim Mərkəzə də müraciətlər daxil olur ki, gənc ailə kimi sosial ipotekadan faydalanmaq istəyirik, lakin verdiyimiz kreditin 10%-ni nəğd şəkildə geri qaytarmalıyıq. Sahibkarlığın inkiğafı ilə bağlı verilən kreditlərdə də “şapka”nın olması faktı mümkündür. Praktika Azərbaycanın bank sistemində həm dövlət mənbələri, həm də özəl banklar tərəfindən verilən kreditlərdə özünü göstərirsə, çox güman ki, SKMF-nin fəaliyyətində də bu cür tendensiyalar var”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin ekspertlərinin fikrincə, Azərbaycana axan neft pullarının dolayı yolla xərclənməsində yardımçı qurumlardan biri SKMF-dir: “Aqrar sektorda dayanıqlı inkişafa nail olmaq üçün dövlət fermerlərin maraqlarının qorunması vacib şərtdir. Amma Azərbaycanda bu şərtə əməl olunmadığı hər məqamdan bəllidir. Məhsul istehsalçılarına edildiyi, onlara sərfəli şərtlərlə kredit götürmək imkanı yaradıldığı deyilsə də, fakt odur ki, bu kreditlərin hamısı sahibkarlara “şapka” ilə verilir”.
Deyilən ittihamlarla bağlı SKMF-nın İcraçı direktoru Şirzad Abdullayevlə də əlaqə saxladıq. Fond rəhbəri sualı eşidən kimi heç bir açıqlama verməyərək telefonunu söndürüb.

Mövzu ilə bağlı SKMF-nın mövqeyini dərc etməyə hazırıq.

Nigar Məmmədli