Şabanın təkərli evi Bakıda - Reportaj

sabanin-tekerli-evi-bakida-reportaj
Oxunma sayı: 1921

““Müvəqqətidir”-dedik, əbədi bu təkərli daxmaya möhtac qaldıq. Neyləyə bilərik? Yoldaşım iş qabiliyyətini itirib, iki dəfə infarkt olub. Mənim isə xadimə maaşım nə ev almağa, nə də kirayə çıxmağa yetər. Əlimizdəkinin hamısını bu evin bünövrəsinə, yarıya qədər tikilməsinə verdik. Bu da belə. Söküləcək”, - deyir 37 yaşlı Kürdəxanı sakini Səbirə Quliyeva.

Qumlu, dar məhəllələr, hər iki sıra ilə düzülmüş bağ evləri, dənizdən qayıdan insanlar... Bu kənd şəhərdən düz bir saatlıq məsafədədir. Onların yaşadığı ev isə kəndin avtobus dayanacağından 20 dəqiqəlik piyada yoludur. Sakinlər deyir: “Kəndimiz yayda qələbəlik, qışda sakitlik olur”. Bunu isə bağ mövsümü ilə əlaqələndirirlər.

Kənddəki bir-birinə oxşar, səliqəli evlərin arasındakı yöndəmsiz, qara daxma diqqətimizi çəkdi. Qapı açılanda qəribə mənzərə ilə qarşılaşdıq. Evin arxası təkərli idi. Ev sahibəsi gülümsədi: “Hamı ilk dəfə görəndə belə baxır. Qorxmayın, təkərlər paslanıb, ev yerimir”, - dedi. Daxmanın hekayəsi ilə maraqlandıq. Ev sahibəsi ilə söhbətdən aydın oldu ki, evin üç sakini var. O, həyat yoldaşı və yeddinci sinifdə oxuyan oğlu Taleh.

Maşın kuzası, məktəb partaları - onların evi...

Ailə həyatı qurandan yaxşı gün görmədiyini deyən Səbirə, bu vəziyyətə düşməklərində cəmiyyətin də rolunun olduğunu deyir: “Problemlər yarımçıq qalan evimizi tikib bitirməyə imkan vermir. Elə bil hamısı həyatımı puç etmək üçün sözləşib. İşsizlik, xəstəlik, bələdiyyə, imkansızlıq... Ailə həyatı qurandan Bakıda yaşayırıq. O vaxtdan ailəmlə sağollaşıb, Ucarla vidalaşdım. Yoldaşım zavodda fəhlə işləyirdi. İlk ili zavod yaxınlığında kirayə qaldıq. Bir il sonra kirayə pulu vermək çətinləşdi. Övladımız dünyaya gəldi. Zabratda ev tutduq. Oranın da pulunu ödəyə bilməyəndə bura, Kürdəxanıya gəldik. O qədər çətinliklə yaşayırdıq ki, qonşuluqdakı yaşlı qadının yazığı gəldi, bizə 3 sot torpaq bağışladı. Gəldik. Quruca torpaq. Bilmədik neyləyək. Yoldaşım Zabratda birinin maşınının kuzasını satdığını öyrəndi. Alıb, gətirdi. Xadiməsi olduğum məktəb təmirə bağlananda direktor köhnə, atılmalı olan parta üstlərini mənə verdi. Kuzanın üstünə partaları vurub daxma elədik. Təkərlərini sökmədik ki, evimiz bir az hündür olsun. Evin içi də məktəb partalarıdır. Pəncərə yoxdur. Bunun özü də xəstəlikdir. Yağış yağanda kuzanın üstü su ilə dolur. Yuxarısının taxtasını bıçaqla deşib altına vedrə qoyuruq ki, su yuxarıda qalıb iylənməsin. Nəmişlikdir. Yaşayışımız budur. Əvvəlcə fikirləşirdik ki, imkan olduqca evimizi tikərik. Ancaq ona da imkan vermirlər. Əziyyətlə pul yığıb iki maşın daş alırsan, bələdiyyədən tökülüb gəlirlər ki, tikinti aparmaq olmaz. Deyirlər, daş-daş üstə qoysanız, verəcəyik məhkəməyə. Səbəb kimi də işıq transformatorunun yaxınlığında yerləşdiyimizi göstərirlər”.

“12 ildir bələdiyyə hara baxırdı?”

Səbirə Quliyeva 2000-ci il mayın 28-dən burda yaşayır. Bu vaxt ərzində qonşularla birləşib evə işıq, qaz, su çəkdiyini, buna görə çoxlu xərcinin çıxdığını deyir: “Bu 12 ildə bələdiyyə hara baxırdı? Niyə demirdi ki, işıq dirəyinin altındasınız? Niyə qoyurdu bu qədər pul töküb ev tikək, su, qaz, işıq çəkək? Əvvəldən deyərdi, biz də işimizi bilərdik. Vaxtında tikməyə qoymadılar, indi də imkanımız yoxdur. Yaşayışımızı da görürsünüz də, qalmışıq bu daxmaya möhtac. O da bizdən nə vaxt bezə, təkərləri hərəkətə gələ, çıxıb gedə...”

Bələdiyyə deyir ki...

Məhəmmədli Bələdiyyəsinin baş tikinti müfəttişi İlqar Məmmədov Kürdəxanı ərazisindəki tikililəri gecəqondu adlandırdı: “Həmin əraziyə xüsusi nəzarət edirik ki, qanunsuz tikililər olmasın. Buna baxmayaraq, çoxlu sayda gecəqondu tikilib. Səhər açılır görürsən yeni evlər peyda olub. Prezidentin sərəncamı var. Qaz və su xətləri, işıq dirəkləri yaxınlığında yerləşən ərazilərdə ev tikmək qadağandır. Hansı ki, həmin ərazilər yaşayış torpaqları üçün nəzərdə tutulmayıb. Bəzilərinə xəbərdarlıq etmişik tikintini dayandırıb, bəzilərinə isə gücümüz çatmayıb. Ya İcra Hakimiyyətindən tapşırıblar, ya da digər yüksək orqanlardan. Deməyə sözümüz olmayıb. Bundan əlavə, prezidentin sərəncamında o da var ki, 67 min ev sökülməlidir. Kürdəxanıdakı evlər də 67 minin içindədir”.

“Vətəndaşın evə mülkiyyət hüququ var”

Hüquqşünas Fariz Namazov təyinatından asılı olmayaraq torpaq üzərində uzun müddət ev tikib yaşayan vətəndaşın torpağa yox, evə, tikinti materialına mülkiyyət hüququ olduğunu deyir: “Çünki yerli qurumlar vətəndaşlara kommunal xidmətlər göstərir, bu da vətəndaşa ümid verir ki, onun tikdiyi ev qanunidir. Əslində isə sənəd yoxdursa, Azərbaycan qanunvericiliyi tikilini özbaşına hesab edir. Ancaq bir məsələdə var ki, vətəndaş uzun müddət həmin ərazidə ev tikib yaşayıbsa, mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət edə bilər”.

Azərbaycanın beynəlxalq öhdəlikləri isə deyir ki...

Azərbaycan 13 avqust 1992-ci il tarixdə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Konvensiyasına ratifikasiya edib. Ölkə həm də 15 aprel 2002-ci il tarixindən “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında” konvensiyanın iştirakçısı kimi Avropa Məhkəməsinin yurisdiksiyası altında məcburi köçürülməni və evlərin zorla dağıdılmasını qadağan edən beynəlxalq öhdəliklərə sahibdir. Konvensiyanın 46-cı maddəsinə görə, Avropa Məhkəməsinin qərarları, bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir

Dövlət 4 il ərzində qanunsuz tikili ilə bağlı heç bir irad bildirilməyibsə...

1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı gecəqondu sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub.
“Önər Yıldız Türkiyəyə qarşı” məhkəmə işində Avropa Məhkəməsi onun dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirib. Dövlət üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsi qoyub: “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb. Dövlət susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək, ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanıyıb”.
“The Traktorer İsveçə qarşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür.
Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir.

Gülər Mehdizadə
Xüsusi olaraq “Qafqazinfo” üçün
Foto: Əli Əliyevindir