“Kapital Bank”ın Orxan Əliyev adlı müştərisi şikayət edərək bildirib ki, sahib olduğu “Visa Kart”dan hər dəfə 2 manat çıxaranda 1 manat onun hesabından silinir. Yəni tutulan komissiya haqqı onun çıxardığı pulun 50 %-ini təşkil edir.
Bank bu şikayətə rəsmən cavab verib. “Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinov “Qafqazinfo”ya açıqlamasında sözügedən məlumatı təsdiqləyib və qiymət, tariflərlə bağlı hər zaman müştərilərini məlumatlandırdığını bildirib:
“Ödəniş kartları üzrə tariflər bankın internet səhifəsində, həmçinin müştəriyə təqdim edilən müqavilədə öz əksini tapır. Misal üçün, “Kapital Bank”a məxsus məvacib, təqaüd və digər sosial kartlardan bankın bankomatlarından vəsait nağdılaşdıran zaman heç bir komissiya tutulmur. Müştərinin öz istəyi əsasında əldə olunan debet kartlarından nağdlaşdırma zamanı isə 1%, minimum 1 AZN komissiya tutulur (10 manata qədər 1 AZN, daha sonrakı məbləğlərdə 1 faiz). Odur ki, müştərilərdən xahiş olunur ki, hər hansı bir əməliyyat etməzdən əvvəl tariflərlə tanış olsunlar”.
Bank rəsmisi həmçinin təhlükəsizlik qaydalarına uyğun olaraq müştərilərə tövsiyə edib ki, kartlarını başqa şəxslərə verməsinlər:
“Çünki ödəniş kartına görə sahibi birbaşa məsuliyyət daşıyır. Kart sahibinin xəbəri olmadan müəyyən məqsədlərə çatmaq üçün onun etibarından sui-istifadə halları baş verə bilər”.
“Kapital Bank”ın ödəniş kartlarının tarifləri üzrə ətraflı məlumat- https://kapitalbank.az/useruploads/terms/tarifler_kartlar.pdf.
Son xəbərlər
Son Xəbərlər