Çox vaxt hədiyyə axtaran zaman “nə yeyilir, nə də geyilir” deyib gül dükanlarının yanından düz keçirik. Gülə xərclənən məbləğin elə də az olmadığını nəzərə alsaq, hardasa bu fikirlə razılaşmaq olar. Ancaq artıq zaman keçdikcə daha kreativ və maraqlı ideyalar ortaya qoyan floristlər bizi gül mağazalarının kandarına bir addım da yaxınlaşdırır. Onlardan biri də müsahibim florist-dizayner Mehdi Şərifdir...
Mehdi Şərif Azərbaycanda öz sahəsi üzrə yenilik gətirməyi bacaranlardandır. Belə ki, meyvə və tərəvəzlərdən hazırladığı buketlər tez bir zamanda hamının marağına səbəb olub. Sevdiyi yeganə gül kaktus olan biri kimi müsahibimin bu addımı mənim də diqqətimdən yayına bilməzdi. Odur ki, "Qafqazinfo" olaraq bu dəfə gənc floristlə söhbətləşmək qərarına gəldik.
Müsahibə zamanı çəkilişin olacağını güman etmədiyi üçün Mehdi qabaqcadan hər hansı bir tədbir görməmişdi. Bizim ekspront ziyarətimiz səbəbindən o, əlində olan çox az məhsulla dekorativ bir iş ərsəyə gətirməyə çalışdı və biz onun əl qabiliyyətinə bir daha əmin olduq.
İlkin olaraq həmsöhbətimdən bu sahəyə marağın necə formalaşdığını soruşuram. Çox sahələrdə özünü sınadığını deyən Mehdi sonunda floristikanı özünə yaxın bilib:
“Ofis işindən tutmuş, restoran, parfumeriyaya kimi bütün sahələri sınadım. Ancaq nəsə bu sahələrdə özümü tapa bilmirdim. Hər zaman yenilik etmək, sevdiyim bir sahənin öncüllərindən olmaq istəmişəm. Odur ki, təsadüfən bir gül mağazasında işləməyə başladım. Əvvəlcə standart buketlər yığırdım, sonradan gördüm ki, yox, bu, mənə kifayət etmir. Və yavaş-yavaş fərqli dizaynlar fikirləşməyə başladım. Birincidə alınmadı, ikincidə alınmadı, ancaq üçüncüdə gördüm ki, istədiyimə artıq yaxınlaşıram. Zaman keçdikcə hər şeyə dizayn gözü ilə baxmağa başladım və ölkəmizdə ilk dəfə olaraq meyvə buketləri hazırladım.
Düzü, gələcəkdə bu sahədə çalışacağım yatsam, yuxuma da girməzdi. Qohumlarımız əvvəllər bu bizneslə məşğul olub və mən uşaq olanda güllərin arasında vaxt keçirməyi çox sevirdim. Ancaq ağlıma gəlməzdi ki, neçə il sonra özüm də bu sahəni seçəcəm. Eyniliyi sevmirəm. 10 buket hazırlayıramsa, 10-u da bir-birindən fərqlənməlidir. Nəinki buket, elə art-obyeklər olsun, yığıncaqların bəzədilməsi. Çalışıram ki, təzə nəsə edim. Bu, sadəcə mənim yox, sifarişçinin də çox xoşuna gəlir. Belə deyək, mən sahəmə sənət kimi baxıram, sırf biznes kimi yox”.

- İşlərinizlə daha çox sosial şəbəkələrdə qarşılaşırıq və gələn şərhlərdən, paylaşımlardan elə nəticə çıxarmaq olar ki, yeni nəslin nəbzini tuta bilmisiniz.
- Hazırda daha çox internet üzərindən fəaliyyət göstəririk. Onsuz da, Bakıda hər yerdə gül dükanı var və hər yerdə gül satılır. Ona görə də, mən meyvə ilə gülün qarışığından buketlər hazırlamağa başladım. Əvvəlcə bir neçəsini hazırladım, sonradan gördüm ki, böyük istək var və gözlədiyim kimi maraqla qarşılanır. Nə qədər qızılgül buketi etmək olar, hərdən eynilikdən çıxmaq lazımdır. Hardasa 6-7 ay olar ki, meyvə buketləri hazırlayıram. İndi-indi görürəm ki, artıq həmkarlarım da meyvə buketləri etməyə başlayıb. Ümumiyyətlə, bizdə təkrarçılıq çoxdur. Çalışırlar eynisindən alınsın, amma düzgün etmədikləri üçün vizual baxımdan yaxşı alınmır. Yığdığım buketlərin videolarını paylaşanda çox diqqət edirəm. İki gün sonra baxıram ki, eynisini hazırlayıblar. Məsələn, indi tez-tələsik nə edə bilərəm deyə fikirləşdim, ağlıma bu kağızlar gəldi.
- Son illər restoran və tədbir təşkilatçılığına ölkəmizdə maraq artıb. Bazarda rəqabət necədir?
- Əslində bu, gözəl haldır. Rəqabət artdıqca, yenilik də artır. Biz artıq standartlardan çıxmalıyıq. Bizdə çox vaxt toy kompazisiyalarında şablonlardan istifadə edirlər. Çalışıram, mən bu şablonlardan çıxım, stereotipləri qırım. Hazırda toy təşkilatçıları 3 variant verir və bu variantlardan birinin seçilməli olduğunu deyir. Müştəri də məcburdur ki, bu 3 kompazisiyadan birini seçsin. Beləliklə də, gözümüzü mazol edən eyniliklər ortaya çıxır. Biz, demək olar ki, şablon sifarişlər götürmürük. Daha çox dekarativ işlərə üstünlü veririk. Floristika buket və toylarla bitmir, hər yerdə istifadə oluna və gözəllik yarada bilər. Burada əsas iş biz floristlərin üzərinə düşür. Asanlıqdan qaçıb müştəriyə xeyli sayda ezkiz göstərmək lazımdır.
- Dekorativ işi bəyəndirmək bir az qəliz məsələdir. Elə olub ki, maraqlı bir buket və yaxud tədbir dizayn hazırlamısız, ancaq müştəri baxıb deyib ki, bu nədir, dəyişin bunu?
- Əlbəttə olub, onda çalışırıq ki, işlərimizi müştərinin zövqü ilə uyğunlaşdıraq. Elə müştərilər var ki, konkret istəklə gəlirlər və bu zaman sənin fantaziyanı işə salmağın əbəs yerədir.
- Bəs qiymətlər necədir?
- Qiymətlərdən danışmağı heç sevmirəm, sadəcə onu deyə bilərəm ki, buketi brilliantdan da yığa bilərik, çobanyastığından da. Axı ikisinə eyni qiyməti demək uyğun olmur. Əsas müştərini razı salmaqdır, qalan hər şeyi həll etmək olar.
- İl ərzində müxtəlif layihələr hazırlayırsınız və bu da böyük maraqla qarşılanır. Bildiyim qədər, həmin layihələrə kifayət qədər büdcə tələb olunur.

- Artıq mediaya 3 layihə təqdim etmişəm, gələn il üçün də növbəti layihəyə hazırlıq işləri gedir. İşimi çox sevirəm və çalışıram ki, hər zaman yeniliklər edim. Bəli, az məbləğ getmir, ancaq insanlara floristikanın nə olduğunu göstərmək üçün buna ehtiyac var. Florist 3 gülü yanaşı qoyub buket hazırlayanlar deyil, bunu hamı bacarar. Gərək sən fərqli nəsə hazırlayasan. Ən əsası güllə necə davranmaq lazım olduğunu biləsən. Elə floristlər var ki, 7-8 ildir ki, bu işin içindədirlər, ancaq hələ də nə etmək lazım olduğunu bilmirlər.
Söhbət əsnasında müsahibimi diqqətlə dinləsəm də, nəzərlərimi əllərindən ayıra bilmirəm. Həvəslə bükdüyü kağızlardan nə edəcəyini anlamadığımdan yenidən fikrimi söhbətimizə cəmləşdirirəm. Xahiş edirəm ki, bu dəfə bizə güllləri daha uzun müddət saxlamağın asan yollarından danışsın:
"Deyirlər ki, suda qoyduğumuz halda, gül 3-4 günə solur. Məsələn, baxıram ki, bu gülü uzun müddət necə yaşatmaq olar? Yerini dəyişirəm, sərin yerə qoyuram, 5 gün qalır, ancaq mənə lazımdır ki, 1 həftə qalsın. Onda hər gün suyunu dəyişirəm. Sonra hər gün altını kəsirik, bu dəfə 10 gün qalır. Ad çəkməyəcəm. Məşhur gül mağazaları qızılgüllər daha qəşəng görünsün deyə, yanlardakı ləçəkləri qopardırlar. Ancaq gülü saxlayan elə o ləçəklərdir. Bu səbəbdən də, alınan gül tez solur. Hazırda tələbələrim var və bildiyim hər bir şeyi onlara öyrədirəm".
- 8 Mart, Sevgililər günü (maşallah, bizdə 2 sevgililər günü var) kimi mərasimlər ən çox gül mağazalarına sərf edir. Həmin günlərdə güllərin qiymətləri də kəllə-çarxda olur.
- Əfsuslar olsun ki, bizim bəylərimiz xanımına gül vermək üçün hər hansı bir özəl günün gəlməsini gözləyirlər. Daha düşünmürlər ki, adi günlərdə alınan gül daha çox sevinc verər, nəinki hər hansı bir bayramda. Ancaq elə müştərilərimiz də var ki, məsələn, hər gün, hər həftə xanımına gül göndərilməsini istəyir. İndiyə kimi sevdiyi xanıma ən böyük gül sifarişi 501 qızılgül olub. O ki qaldı qiymətlərin qaldırılmasına, güllərin qiyməti hər gün dəyişir, valyuta kimi oynayır. Bildiyimiz kimi, bizə gül xaricdən gəlir və şirkətlər auksionlarda hər dəfə fərqli qiymətə ala bilirlər. Sezondan asılı olaraq bir qızılgülün qiyməti 3 manata da ola bilər, 5-6 manata da.
- Xüsusi işlədiyiniz böyük şirkətlər var?
- Əməkdaşlıq etdiyimiz şirkətlər çoxdur. Biz hamı ilə əməkdaşlıq edə bilərik, ancaq bəzi tələblərimiz yerinə yetirilməlidir. Məsələn, burada bizim adımız gedir deyə istəyirik hər şey yüksək səviyyədə və kreativ olsun. Bəzən buna imkan vermirlər və biz o müştəri ilə əməkdaşlığımızı sonlandırmaq məcburiyyətində qalırıq.
- Gülləri rənginə görə çeşidləndirirlər, sarı gül nifrət, qırmızı sevgi, çəhrayı gül zəriflik rəmzi imiş. Hətta bir ara mavi qızılgüllər dəbə minmişdi.
- Hə, bizdə sarı gül ayrılıq rəmzidirsə, xaricdə dostluq rəmzidir. Bundan başqa, keçmiş MDB ölkələrində cüt gül vermək olmaz. Hər yerin öz adət-ənənəsi var. O ki qaldı, mavi qızılgüllərə, onlar rənglənir. Hətta gülün hər ləçəyini müxtəlif rənglərə boyamaq da olur. Əslində gülün rənginin və qiymətinin elə bir önəmi yoxdur. Bəylərimizə məsləhət görərdim ki, gül almaq üçün hər hansı bir özəl günü gözləməsinlər. Bəzən adi bir çobanyastığının bəxş etdiyi xoşbəxtliyi heç bir bahalı hədiyyə əvəz edə bilmir.
Günel Hacı
Fotolar və video Nuran Məmmədov



