“Leviafan” bilirsiz nədir? – Qarşıqoyulmaz güc!
“İncil“dən götürülən motivlər dövlət – cəmiyyət münasibətlərinin üzərinə köçürülüb və ortaya “Leviafan” filmi çıxıb. Çox ağır filmdir.
Film Rusiyada hərcmərclik, rüşvətxorluq, dövlərtin mafia qaydaları ilə idarə olunması, həmçinin, alkoqolizm və dini köləlik kimi həll edilməsi mümkün görünməyən problemlərə işıq tutub.
Film “nahaq”ın “haqq” üzərində qələbəsini tərənnüm edir. İnsanları əzən hakimiyyətin ən böyük dayaqlarından biri dindir. Kilsədir. Nikolayın (əsas obraz) təkid etdiyi və buraxmaq istəmədiyi evini, iş yerini ona görə almaq istəyirlər ki, yerində kilsə tiksinlər. Buna imkan verməyən Kolya isə həm dövlətə, həm də kilsəyə qarşı çıxmış olur və cazalandırılır.
Filmdəki bir dialoq əslində bütün mahiyyəti ortaya qoyur: Arvadını itirən Kolya, din xadimindən bu haqsızlığın səbəbi soruşanda, o İncildən bir hekayəni xülasə edir. Həmin hekayənin qəhrəmanı tanrıya üsyan edən bir şəxsdir. O şəxs səhvini başa düşür, bağışlanır və 140 il yaşayır.
Nikolay isə inadından dönmür və bu tərslik ona baha başa gəlir. Onun cəzasını həm dövlət verir, həm də üsyan etdiyi dini dəyərlər. Hətta “tanrı”nın özü. Dövlət evini dağıdır, “tanrı” isə ailəsini.
O “tanrı” Leviafandır. Yer üzündəki “Leviafan” isə hakim gücdür. Ona üsyan etmək olmaz. Onun gücü qarşısında tab gətirmək mümkün deyil.
Amma filmin rejissoru Nikolaya da haqq qazandırmır. O da yaxşı adam deyil. Birinci növbədə içki aludəçisidir. Anormal içəndir. Demək olar ki, dostu tanışı yoxdur, ailəsinə, oğluna qarşı kobuddur. Qayğıkeşliyin nə olduğunu bilmir. Ən əsası, apardığı mübarizə sadəcə özü üçündür. Hətta, qalib gəlsə belə, həyatı qaydasında getməyəcəkdi.
Arvadının xəyanəti, oğlunun ondan uzaq qaçmasının səbəbi də budur. Kolya yalnız “mən belə istəyirəm!”, “mən burada qalacağam” kimi emosiyalara qul olan “insancıq”dır.
Bir statusumda da qeyd etmişdim, Aleksey Serebryakov (Алексей Серебряков) möhtəşəm aktyordur. Bu rolunu da möhtəşəm oynayıb. Ümumiyyətlə, aktyor - aktrisa heyəti qüsursuz çıxış edib. Həyat yoldaşı, şəhər meri, qonşu arvad və balaca oğlan... O qədər real oynayırlar ki, insan bu ailənin faciəsini, dərdini bölüşmək istəyir.
Film Rusiya Mədəniyyət nazirliyinin maliyyəsi hesabına çəkilib. Ona görə də Putin rejimini vurmağa hesablanmayıb. Sadəcə olaraq hamının bildiyi çirkinlikləri olduğu kimi tamaşaçının qarşısına qoyub.
“Oscar” kinomükafatına namizəddir (“Xarici dildə ən yaxşı film” nominasiyasında). Məncə, qalib də gələcək.
Azərbaycan kinotetrlarının siyahısından çıxarılmasının səbəbi də birmənalıdır. Film Azərbaycan tamaşaçısının xarakterinə uyğun deyil. Bizim tamaçaçısı sakit, monoton və hadisələrin dramatik inkişafını izləyə bilmir, buna səbri çatmır. Hətta kinonun yarısından durub zalı tərk edir.
Səbrli olun və filmi izləyin. Bəyənəcəksiniz.