“Gülər Əhmədovanın dərsində heç vaxt oturmazdım” - Müsahibə

-guler-ehmedovanin-dersinde-hec-vaxt-oturmazdim-musahibe
Oxunma sayı: 768

Bu dəfə “Qapı”nın qonağı Reportyorların Təhlükəsizlik və Azadlıq İnstitutunun sədri Emin Hüseynovdur. Qonağımızla jurnalistikadan hüquq müdafiəçisinə gedən yolda bütün qapıları açdıq. Hər qapıda dayanıb məsələləri, baş verən hadisələri elə yerindəcə öyrəndik.

Düzü, müsahibəyə qədər Emin Hüseynovu 3 gün, 3 gecə axtardım desəm, yəqin, yanılmaram. Emin bəyən ən mənfi xüsusiyyəti isə telefona gec və ya heç cavab verməməsi idi. Nəhayət, RATİ-nin ofisində onu tapdıq. İlk sualım da telefona niyə cavab verməməsi ilə bağlı idi, o isə “siz yenə də zəng vurmusuz?” cavabı ilə kifayətləndi.

- Neçə ildir Repartyorların Azadlığı və Təhlükəsizliyi İnsitutuna (RATİ) rəhbərlik edirsiz?
- 2006-cı ildən RATİ-nin rəhbəriyəm.

- Sizi xaricdən ən çox “qrant” alanlar sırasına aid edirlər. Niyə adınız o qara siyahıya düşüb? Doğurdan, belə çox “qrant” alırsız?
- QHT-lərin fəlsəfəsi odur ki, onlar hardansa qanuni yollarla pul alırlar. Bura Beynəlxalq və dövlətlərarası qurumlara məxsus olan fondlar aiddir. Bir dəfə Əli Həsənov bizə demişdi ki, siz bizi tənqid edəsiz deyə pul alırsız. Təbii ki, bu onun mövqeyidir. O, belə düşünürsə, qoy düşünsün. Bizim işimiz gördüyümüz nöqsanları deməkdir. Əslində hakimiyyətin bu sözündə pis bir şey görmürəm. Dövlət özü də bu gün “qrant” paylayır. Bizim fəaliyyətimiz şəffafdır. Bütün “qrant”larımız bank hesabına gəlir və hesablarımızın hamısı dövlət üçün açıqdır. Vergilərimizi də ödəyirik.

- RATİ-də işləyənlər tez-tez pulsuzluqdan şikayətlənir. Siz onların maaşını kəsirsiz? Yoxsa elə pulunuz buna çatır?
- Mən bilmirəm siz nəyi demək istəyirsiz? Konkret kimin maaşı kəsilib?

- Konkret kiminsə adını çəkmək doğru çıxmaz. Bəzi işçilərin RATİ-də pulun olmadığından şikayətçi olduğunu eşitmişəm. İndi sizdən öyrənmək istəyirəm ki, bu gün də vəziyyət elədir?
- Bu cür yönləndirici suallara və faktsız məsələlərə münasibət bildirməyi düzgün hesab etmirəm. İşə gəlincə isə bizimlə mütəmadi 20-yə yaxın şəxs əməkdaşlıq edir, bəziləri illərdir bizimlə bərabərdir. Əmək haqları da müxtəlifdir. Bir çoxlarının iş yeri ancaq buradır, yəqin, normal maaş alırlar ki, bizimlədirlər. Mən istəyərdim ki, siz konkret işçinin adını çəkəsiz ki, o şikayətçidir və ya hansısa qurum bu iddiadadır.Təbii ki, QHT-də çalışan insan, hansısa böyük şirkətdən az maaş alacaq. Bizdə də böhran vaxtları olub. Layihə bitib, işçiləri məcburən ixtisara salmışıq. Vaxt var idi, 30 nəfər çalışırdı, indi 15 nəfərə düşdük. Təşkilatda əvəzi ödənilməyən əmək sərf edən, yəni faktiki pulsuz işləyən könüllülər də var.

- Siz zamanında çox aktiv jurnalist olmusuz, amma bu gün passiv görünürsüz. Bunun səbəbi RATİ-yə rəhbərlik etməyiniz, təşkilatçılıq, ofis işləri ilə məşğul olmanızdır, yoxsa zaman dəyişib?
- Mən jurnalistikaya 2002-ci ildən “Turan” agentliyi ilə gəldim. Təxminən 2 il yarım orada işlədim, sonra Gənclər Təşkilatı işi ilə məşğul oldum. 2 il də təşkilatda qalandan sonra peşəkər jurnalistikaya qayıtmayıb, hüquq müdafəçisi oldum. Düşündüm ki, burda özümü daha çox təsdiq edib həmkarlarıma töhfə verə bilərəm. Təbii ki, o illərlə müqayisədə bugünkü fəaliyyətim bir deyil, onda daha aktiv jurnalistika ilə məşğul idim. İqtisadi araşdırmalarım çox olurdu, xüsusilə də maliyyə, bank sektoru sahəsində işləyirdim. Mən də foto çəkmək xobbisi var idi və çəkdiyim fotoları “Turan”a təmənnasız verirdim. 2006-cı ildən RATİ-ni yaradanda foto və video çəkilişlərin köməkliyi ilə ifadə azadlığının ağır durumu ilə bağlı ictimai vəkillik missiyasını daha effektiv həyata keçirmək əsas məqsədlərdən biri olmuşdu. Mən heç vaxt fikirləşməmişəm ki, təşkilat rəhbəriyəm şəkil çəkə bilmərəm. İndi də aksiyalar olanda özümlə video-kamera, fotoaparat gəzdirirəm və gördüklərimi qeydə alıram, ya saytımız, ya da Obyektiv TV vasitəsi ilə yayırıq.

- Situasiya belə gətirdi ki, siz daha çox passiv olduz?
- Məsələ budur ki, mən təşkilatın idarə işləri ilə məşğulam. Yuxarıda qeyd etdiyim kimi biz Mehman Əliyevlə birgə Obyektiv Tv-ni yaratmışıq. Onun idarə olunması, vəsaitlərin tapılması vaxt aparan işdir. Mediada maliyyə mütləq olmalıdır. İşi pulsuz görə bilmərik və biz bu işi “qrant”larla görürük.

- Mitinqlərdə çox olmusuz və döyülmüsüz də. Aradan illər keçib. Bu gün isə döyülənlərə bir az fərqli baxılır, hətta “bilərəkdən döyülmək istədi, xaricə getmək və ya pul almaq üçün” və s fikirlər səsləndirilir. Sizin üçün o aksiyalarla bugünkülər arasında nə fərq var?
- Mən ilk dəfə 2003-cü il oktyabrın 16-da prezident seçkilərindən bir gün sonra “Azadlıq” meydanında keçirilən mitinqdə möhkəm xəsarət almışam. Orda elə döyülmüşdüm ki, bir neçə il intensiv müalicə aldım. Səhətimdəki problemlər bu günə qədər də qalır. Əlilliyim də var. Fərqə gəlincə isə indi jurnalistlər özünü daha çox sığortalaya bilər. Onlar üçün hüquqlarını öyrənmək və təhlükəsizliklərini qorumaq üçün treyninqlər keçirilir. Bu o zaman olsaydı, mən bu qədər sadəlövh olmazdım. Mitinqdə gəlib dayanırdım və düşünürdüm ki, polis heç vaxt jurnalisti döyməz. Elə bilirdim 4-cü hakimiyyət olmaq kifayətdir. İndi də mənim kimi düşünən jurnalistlər var, əynində gödəkcə geyib, boynuna press-kard asıb bir az da jurnalistikaya romantik baxaraq mitinqlərə gedirlər. On mitinqə gedib polis tərəfindən döyülməsə də, sonuncu mitinqdə isə yaxşı döyülürlər. İndi bilirəm ki, polisdən hər şey gözləmək mümkündür. O illər olsaydı çalışardım ki, daha ehtiyatlı davranım. Bu gün Azərbaycan polisi arasında cəzasızlıq ab-havası 2003-2005-ci illəri geridə qoyur. Həmin illərdə kimsə nədənsə çəkinirdi, tutaq ki, 5-6 jurnalisti bir yerdə görəndə nədənsə ehtiyat edirdilər. Polis jurnalistə qarşı zorakılıq göstərəndə dərhal bəyanat verib onu işdən uzaqlaşdırırdılar, ən azı söz də uzaqlaşırdı. İndi polis əmindir ki, heç nə olmayacaq, ona heç nə etməyəklər. Mövcud siyasi azadlıqlar daha möhkəm çərçivəyə salınıb və daha da sərtləşib. O vaxt polis o qədər maaş da almırdı, kimisə vurmağa enerjisi də yox idi, indi polisin hər seçki qabağı maaşını artırırlar. Deyirlər ki, sən vur, biz isə maaşı artırarıq. Bilirəm ki, Azərbaycanda istənilən jurnalisti öldürə bilərlər və bilinməyəcək ki, bunu kim edib? Elmar Hüseynov və Rafiq Tağı buna sübutdur..Buna görə də ehtiyatlı olmaq lazımdır. Ən əsası isə səhhətinizi qorumalısız. Jurnalist bütün texniki avadanlığı yenidən bərpa edə bilər, amma səhhətini düzəldə bilmir.

- Bəlkə, sizin üçün dördüncü hakimiyyət obrazı, xəyalı çökəndən sonra hüquq müdafiəçisi olmaq istədiz?
- Hesab edirdim ki, jurnalistlərin təhlükəsizliyi ilə bağlı boşluq var və buna görə də hüquq müdafiəçisi oldum. Bu boşluğu doldurmğa çalışıram. Uzunmüddətli müalicələrdən sonra iqtisadi araşdırmalara qayıtmaq maraqsız idi. Çünki Azərbaycanda azad iqtisadiyyat yoxdur və iqtisadi qanunlar işləmir. Gərək kiminsə bankı olasan ki, inkişaf edəsən. Arxanda adam yoxdursa, şirkətivi bir gün içərisində əlindən ala bilərlər. İqtisadi sahə mənim üçün artıq tükənmişdir. İnsan haqları və ifadə azadlığı isə mənim üçün yeni idi. Təəssüf ki, insan haqları ilə bağlı xəbərlər heç yerdə maraqlı deyil. Biz artıq kifayət qədər böyük video-arxiv yaratmışıq. Buna görə də biz xəbərləri ingilis dilində çatdırırıq ki, dünya izləyə bilsin və Azərbaycanla bağlı hər hansı bilgi almaq istəyəndə AzTV-nin ingilis dilinə oxşar “Xəbərlər”indən deyil, məhz onu bizdən oxusun. Halbuki buna xəbər demək olmaz sırf təbliğat xarakteri daşıyır. Bu səbəbdən İctimai kanal ingilis dilində verilişləri bağladı ki, Avropada biabırçılığımızı görməsinlər. Azərbaycanla maraqlananlar bizim xəbərləri izləyir, görür, lazım gələndə hökumətdən tələb də edirlər.

- Həbs olunmusuz?
- Mən bir neçə dəfə saxlanılmışam.

- Niyə bizdə həbsdən sonra hüquq müdafiəçilərin sayı artır. Bu sahədə boşluq var? Həbsdən çıxan kimi hamı hüquq müdafiəçisi olur. Bunun bir neçə nümunəsi də var.
- Mən başa düşdüm, siz sualı hansı tərəfə yönəldirsiz? Amma mən hüquq müdafiəçisi olandan sonra saxlanılmışam. 2006-cı ildə bu sektora gəlmişəm, 2008-ci ildəki isə həbslərə etiraz etdiyim üçün 5 saat polis bölməsində saxlanılmışam. Hətta polisi tələblərimlə özündən çıxartdığım üçün silahı ilə boynumun arxasından vurdular. Ondan sonra xəstəxnaya düşdüm və bir qulağım 80 faiz eşidir, 20 faiz eşitmə qabiliyyətini itirmişəm.Yəni bu mənə aid deyil, tutulub, həbsdən çıxıb hüquq müdafiəçisi olanlardan deyiləm.

- Bəs həbs olunandan sonra bu sahə ilə məşğul olanlara necə baxırsız? Yuxarıda dediyim kimi bu sahədə boşluq var? Yoxsa hüquq müdafiəçisi olmaq çox asandır?
- Mən kiminsə həbsdən çıxıb insan haqları ilə məşğul olmasına pis baxmıram. Təki düzgün məşğul olsunlar. Hüquq müdafiəçisi olmaq asan olmasa da, təşkilat yaradıb qeydiyyatdan keçmək asandır. İnsan əgər özünü hüquq müdafiəçisi elan edirsə, müstəqil olmalıdır. Müstəqil olmaq üçün müstəqil maliyyən olmalıdır. Hüquq müdafiəçisindən soruşanda ki, sən bu ofisi nə ilə saxlayırsan, işçilərinə necə pul ödəyirsən və ya maşını necə almısan? Bu sualların həmişə cavab olmalıdır. Siz maaşı belə soruşsanız, bu kommersiya sirri deyil, mən bunu deməliyəm.

-Yeri gəlmişkən, nə qədər maaş alırsınız?
- Maaşım layihələrdən asılıdır və onlara uyğun da dəyişir. Aylıq gəlirim, yəni əmək haqqım, media ekspert qismində aldığım qonorarlar orta hesabla 1600 AZN təşkil edir. Jurnalistikada mən bu pulun yarısını qazana bilərdim. QHT-də ilk illər çətin olur. Mən bir il pulsuz işləmişəm, həyat yoldaşım mənə kömək edib. Ofisim olmayıb, “Turan” agentliyində oturmuşam. Birinci “qrant”ı alan kimi özümə balaca bir ofis də tutdum, sonra da yavaş-yavaş böyütdük.

- Aydındır. Emin bəy, niyə bu gün hüquq müdafiəçiləri cəbhələrə bölünüb bir-birlərini ittiham edirlər. Bəzən, hətta, söz döyüşünə çıxırlar. Siz hansı qrupdasız?
- Mən heç vaxt qruplarda olmamışam, hər hansı hüquq müdafiəçisinə də ictimai hücum etməmişəm. Heç vaxt heç kəsi də qınamamışam. Yalnız bir dəfə Çingiz Qənizadə ilə aramızda polemika olub. Mən demişdim ki, Çingiz Qənizadə AŞPA-nın tədbirinə hüquq müdafiəçisi kimi qatılırsa, bu düz deyil. O, ilk öncə dəqiqləşdirsin ki, Azərbaycan nümayəndə heyətinin üzvü kimi yoxsa, deputat kimi tədbirə gedir. Bu Çingiz müəllimin xətrinə dəymişdi. O dedi ki, Eminin bu barədə danışmağa haqqı yoxdur. Əslində burda elə bir problem görmürəm. Sabah mən də parlamentdə seçilə bilərəm. Məndən də soruşarlar ki, orada nəyi təmsil edirsən. Demirəm ki, hüquq müdafiəçilərinin hamısının fəaliyyətindən razıyam, amma heç kimə qarşı fikir söyləyə bilmərəm. Hətta “Qonqo”lar-hökümət yönümlü QHT-lər var. Amma mən bu şəxs iqtidaryönümlü və ya müxalifdir deyib ad çəkmək istmirəm. Bilirəm ki, “Eurovision” zamanı bizə qarşı müəyyən QHT-lər kampaniyaya başlamışdılar. Mən buna dözümlə yanaşıram, Azərbaycan reallığıdır. Onlar da asılı olduqları üçün məcburdurlar.

- Bəs Eynulla Fətullayevlə münasibətiniz necədir? O sizi Obyektiv Tv-də çıxışını kəsməkdə ittiham etmişdi. Hər şey bundan başlamışdı.
- Hazırda mənim Eynulla Fətullayevə qarşı münasibətim neytral xarakterlidir. Onun ittihamları şəxsən mən başa düşə bilmirəm. Obyektiv tv 2010-cu ilin may ayında yaradılıb. Eynulla Fətullayevin 2011-ci il mayın 26-na kimi həbsdə olduğu müddət ərzində onun barəsində və onunla bağlı bizim saytda 115 xəbər və veriliş yayımlanıb. Həbsdən çıxandan sonra ona aid bizdə 50, son bir ayda isə 4 video material efirə gedib. Cəmi iki il yarım müddətlik fəaliyyət dövründə obyektiv tv saytında 6291 material yerləşdirilib ki, o materialların 2 faizi E. Fətullayevə həsr olunub və həmin materiallar hələ də bizim saytdadırlar və tamaşaçılar istənilən vaxt həmin videolara baxa bilirlər. OTV də heç bir siyasi və ictimai xadimə və ya da siyasi partiyaya onun qədər vaxt ayrılmayıb . Odur ki, cəmiyyət bu statistik göstəriciləri nəzərdən keçirsə, Fətullayevin bizi ittiham etməkdə haqlı olub-olmadığını müəyyən etməkdə çətinlik çəkməyəcəklər.

- Yuxarıda söylədiz ki, bəlkə deputat oldum. Elə bir iddianız var? Seçkilərdə iştirak etmək istəyirsiz?
- Bir dəfə mən Bələdiyyə seçkilərində iştirak etdim, əməlli başlı kampaniyaya start verdim. Hətta seçki kampaniyama 5000 dollara yaxın pul da xərclədim. Gördüm seçkiləri elə kobud riyazi saxtalaşdırıblar ki, kortəbii rəqəmlər yazıblar. Təsəvvür edin ordan 16 nəfər keçə bildi, mən isə 17-ci idim. Qanunla 1700 səs toplamışdım, məndən qabaqda gedənlərin səsi 3000-dən başlayırdı. Bildim ki, seçkidə iştirak etməyin mənası yoxdur. Seçkidə iştirak etmək, pulu havaya üfürmək deməkdir.Hesab edirəm ki, indiki reallıqları nəzərə alaraq öz işimlə məşğul olsam cəmiyyətə daha böyük fayda verə bilərəm.

- Gəlin bir az gənclərdən danışaq. Azərbaycan gəncinin düşüncəsi, savadı, davranışı, mübarizəsi, hər bir mənada sizi qane edirmi? Onları necə qiymətləndirirsiz?
- Azərbaycan gəncliyinin səviyyəsi kifayət qədər məni qane etsə də, durumu qane etmir. Düzü, bu gün internet gənclərə böyük imkanlar verib. İndi gənclər az enerji sərf edib, daha da qabağa gedə bilərlər.Hər sahədə. Amma Azərbaycanın ilk gənc fəalını Ruslan Bəşirlini təxribatla həbsə atanda başa düşdüm ki, hökumət gənclərin gücünü, gənclərin təhlükəli qüvvə olduğunu anladı. Düşündü ki, gəncləri sözlə başa salmaq olmayacaq, ara-sıra türməyə atmaq lazımdır.

- Bu gün yaşlı nəsil “gənclərimizin mədəniyyəti avropalaşdı və gənclər əldən getdi” deyirlər. Sizin üçün mədəniyyət deməkdir?
- Mədəniyyət mənim üçün düzgün ali dəyərdir. Əgər kimsə mədəni adamam deyib, yalan danışırsa, ölkəsinin iyrənc korrupsiya prosesində iştirak edirsə, həmin şəxslər səmimi deyil. Bu gün internet sərhədləri pozub. Amma bizim gənclik pozulubdur fikri ilə razıyam. Sanki Azərbaycan gəncliyi yuxudadır və oyanmq istəmir, vətənin taleyinə biganədir. Tələbələrin 50 faizi oxumamaq üçün pul verir. Düzdür, gənclər arasında sərbəst fikirlərini ifadə edənlər də var. Dünyanın heç bir yerində bu cür durum yoxdur. Gənclik soruşmur ki, ay ata, sən məni hansı pulla saxlayırsan? Biz də gənclər səmimi deyil, onlar bir sənədi imzalayıb, beyinlərində isə başqa şey düşünürlər. Tutaq ki, xaricdə tələbə rektoru bəyənmirsə, bunu açıq şəkildə ifadə edir. Amma bizdə isə tələbələr Abel Məhərrəmovu görəndə elə əl çalırlar ki... Axı Abel Məhərrəmov universitetdə böyük nailiyyət əldə etməyib ki, “şak-şak” ona əl çalırlar. Hamı bilir ki, BDU-da da korrupsiya var. Elə bu yaxınlarda universitetin hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasının müəllimi, hüquq elmləri doktoru, eləcə də Abel Məhərrəmovun həmyerlisi Məhəmməd İmanlını tutdular. Normal ölkədə rektor elə o an istefa verməli idi. Tələbələr rektordan hesabat tələb etməli idi.

- Ona qalsa Gülər Əhmədova da BDU-da psixologiyadan dərs deyir
- Axı necə ola bilər? Hamı bilir ki, Gülər Əhmədova “bazar alverçisi” kimi parlamentdə dəllallıq edib yer satırdı. Sonra gedib utanmaz-utanmaz universitetdə psixologiyadan dərs deyir. Mən şəxsən tüpürərdim hər şeyə, həmin auditoriyada, Gülər Əhmədovanın dərsində heç vaxt oturmazdım. O boyda universitetdə heç kəs bu məsələyə görə səsini çıxartmadı. Tələbələr deyə bilərdi ki, bu adamın bizə dərs deməyə mənəvi haqqı yoxdur, ancaq bir-iki müxalif gənc sosial şəbəkələrdə etiraz etdi, qalanları isə susub Əhmədovanın dəyərli mühazirələrini dinlədilər.

- Ailədə vəziyyət necədir?
- Həyat yoldaşım işimdən razıdır. Hesab edirəm ki, o, mənə dayaqdır, çətin vaxtlarımda həmişə mənə kömək edib.

- Bildiyimizə görə əcnəbi xanım ilə ailə qurmusuz
- Hə amerikandır.

- Bəlkə sadaladığınız müsbət xüsusiyyətlər əcnəbi olmasından irəli gəlir?
- Bəlkə də qərb nümayəndəsi olduğu üçün məni başa düşmək ona asandır. O, bu azadlıqları doğulduğu gündən görüb, başa düşür ki, biz nəyə görə mübarizə aparırıq. Amma valideynlərim məni başa düşmürdü. İndi də anam deyir ki, sən nə edirsən, nə istəyirsən? İşivi yaxşılaşdıra bilərsən, niyə qabağa çıxmırsan? Hökümətlə hökümətlik edirsən? Mən başa düşürəm anam ömrümün 40 yaşını Sovetlər Birliyində yaşayıb. Gördüyü Stalin, Lenin olub, sonra da Heydər Əliyevi görüb.

- Neçə ildir evlisiz?
- 4 il

- Bəzi azərbaycanlı kişilər qadınlarımızı anlayışsız adlandırıb əcnəbi xanımlarla evlənirlər. Sizdəmi elə düşündüyünüz üçün əcnəbi xanımı seçdiz?
- Yox biz təsadüfən tanış olduq. Mənim elə bir niyyətim yox idi, hətta şahidlərimiz də var. Onlardan biri də Xədicə İsmayıldır.Gürcüstana getmişdik, xanımım da “Sülh Korpusu”nda idi. İnanın ki, həyat yoldaşım Azərbaycan dilini qramatik cəhətdən məndən yaxşı bilir. Mən rus dilli məktəbdə oxumuşam.

- Xanımınızın Azərbaycanla nə bağlılığı var ki, dilimizi yaxşı bilir?
- O, Şəkidə azərbaycanlı ailəsində 3 il yaşayıb. Məktəbdə müəllimə işləyib. Daha sonra Bakıda “Turan” agentliyində redaktor olub. Azərbaycan dili ilə yanaşı türk, qazax, rus dillərini də bilir.


- Emin bəy, bu gün özünüzü təhlükədə hesab edirsiz?
- Bu gün Azərbaycanda sərbəst fikir ifadə edən hər kəs təhlükə ilə üzləşə bilər. Mən özümü qismən azad hesab edirəm. Çünki çəkinmədən fikrimi bildirirəm istər yerli, istərsə də xarici mediada. Amma mənim azadlığım kimlərinsə siyasi iradəsi ilə məhdudlaşdırıla bilər. Heç bir cinayət etməyə-etməyə məni həbsə atmaq asan bir şeydir. Ola bilsin məni tutmasınlar yaxınımı tutsunlar. Necə ki, qardaşımı tutmuşdular. Mehman bir gün həbsdə qalsa da, sonradan azadlığa buraxılıb. Amma hələ də cinayət işi açıqdır və o təqsirləndirilən şəxs hesab olunur. Bununla yəqin bizə demək istəyirdilər ki, atdığınız addımlara fikir verin. Amma bu repressiv addımlar bizi işimizdən heç vaxt çəkindirməyəcək. Biz onları acı reallıq kimi qəbul edib, haqlı işimizi davam etdiririk.

Günel Əbilova