Türkiyədə Böyük Birlik Partiyasının (BBP) qurucusu Muhsin Yazıcıoğlu və onu müşayiət edən şəxslərin həlak olduğu helikopter qəzası ilə bağlı istintaq çərçivəsində 36 şübhəli həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırma çərçivəsində şübhəlilər barəsində həbs qərarı çıxarılıb.
Prokurorluğun açıqlamasında bildirilib ki, şübhəlilərin “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) fəaliyyəti çərçivəsində “qəsdən planlaşdırılmış qətl”də iştirak etdikləri və “həqiqətin üzə çıxmasının qarşısını almaq” məqsədilə müxtəlif cinayətlər törətdikləri müəyyənləşdirilib.
Ankara ilə yanaşı, daha 15 vilayətdə ümumilikdə 45 ünvanda axtarış və müsadirə əməliyyatları keçirilib. Həbs qərarı çıxarılan şəxslərdən 10-nun artıq başqa cinayət işi üzrə həbsdə olduğu müəyyən edilib.
Əməliyyatlar nəticəsində ümumilikdə 38 şübhəli saxlanılıb. Onlardan 33-ü sentyabrın 25-də, daha 5-i isə istintaq çərçivəsində sonradan müəyyən edilərək tutulub.
Məlumata görə, 38 şübhəlidən 36-sı həbs tələbi ilə, 2-si isə məhkəmə nəzarəti tədbirinin tətbiqi üçün məhkəməyə göndərilib.
Məhkəmə həbs tələbi ilə göndərilən 36 şübhəlinin hamısının həbsinə qərar verib. Digər iki şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Ankara Baş Prokurorluğu istintaqın hərtərəfli və dəqiq şəkildə davam etdirildiyini bildirib.
Xatırladaq ki, M.Yazıcıoğlunun olduğu helikopter 2009-cu ilin martında Kahramanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılmışdı.
Son xəbərlər
Son Xəbərlər