264 milyon dollar qazanan “Odissey” 6 min dollarlıq borcu ödəməyib? - Fotolar

264-milyon-dollar-qazanan-odissey-6-min-dollarliq-borcu-odemeyib
Oxunma sayı: 818

Məşhur rejissor Kristofer Nolanın böyük maraqla qarşılanan “Odissey” filmi ilə bağlı gözlənilməz mübahisə yaranıb.

“Qafqazinfo”nun xəbərinə görə, filmin çəkilişində istifadə olunan vikinq gəmisinin sahibləri iddia edirlər ki, çəkilişlərdən sonra zədələnmiş gəminin təmiri üçün tələb olunan təxminən 6000 dollarlıq xərc hələ də ödənilməyib.

İsveçdə fəaliyyət göstərən qeyri-kommersiya “Vikingaleden” vikinq mərkəzi açıqlayıb ki, filmin çəkilişlərində istifadə olunan “Glad av Gillberga” adlı gəmi onlara geri qaytarılarkən müxtəlif hissələrindən, xüsusilə arxa bölməsi və dirəyindən zədələnmiş vəziyyətdə olub.

Təxminən 1040-cı ilə aid Danimarka vikinq gəmi qalıqları əsasında hazırlanan “Glad av Gillberga” tarixi gəmi replikası kimi tanınır. Gəmi əvvəllər Şimal və Baltik dənizlərində, hətta Kanadaya qədər uzun səfərlər edib.

“Vikingaleden” rəhbərliyi bildirib ki, təmir işləri könüllülərin köməyi ilə həyata keçirilib və onlar əməkhaqqı tələb etməyiblər. Təşkilatın istədiyi məbləğ yalnız material xərclərini əhatə edən təxminən 6000 dollardır.

Mərkəzin prezidenti Peter Olausson bildirib ki, çəkilişdən təxminən bir il keçməsinə baxmayaraq, ödəniş həyata keçirilməyib: “Biz yalnız maddi xərclərin qarşılanmasını istəyirik. “Universal”ın bu məbləği ödəyə bilməyəcək vəziyyətdə olmadığını bilirik. Özümüzü unudulmuş hiss edirik”.

Olausson əlavə edib ki, çəkilişdən əvvəl gəmidə yarana biləcək zərərlərin studiya tərəfindən qarşılanacağı barədə razılıq əldə olunub.

Təxminən 250 milyon dollar büdcə ilə çəkilən “Odissey” Homerin məşhur epik poemasına əsaslanır və Troya müharibəsindən sonra Odisseyin vətəninə qayıdış macərasını ekranlaşdırır.

Baş rollarda Mett Deymon, Tom Holland, Enn Heteuey və Zendayaın yer aldığı film ilk həftəsonunda dünya üzrə 264 milyon dollar gəlir əldə edib.

“Glad av Gillberga” filmdə Odisseyin donanmasındakı gəmilərdən biri kimi istifadə olunub. Əsas vikinq gəmisi isə Norveç istehsalı olan “Draken Harald Harfagre” replikası olub.

“Universal Pictures” isə ödənişlə bağlı iddiaları qəbul etməyib.

Studiyanın nümayəndəsi bildirib ki, gəmi ilə bağlı bütün hesablar, o cümlədən, təmir xərcləri tam şəkildə ödənilib. Şirkət həmçinin yaranmış anlaşılmazlığı həll etmək üçün “Vikingaleden” ilə əlaqə saxladıqlarını açıqlayıb.