“Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir” - Ərdoğan Şuşadan paylaşım etdi

qarabag-zeferi-butun-turk-dunyasinin-qurur-menbeyidir
Oxunma sayı: 501

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

Türkiyə lideri Zəfər Gününü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən məmnunluğunu ifadə edib:

“Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarixi, təbiəti və mədəniyyəti ilə seçilən gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum.

Altı il əvvəl qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı qələbə Azərbaycanın haqq mübarizəsinin ən gözəl təzahürü və bütün Türk dünyasının qürur mənbəyi olmaqda davam edir”.

Ərdoğan Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsinin Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyduğunu vurğulayıb.

“Bu gün qarşımızda duran vəzifə döyüş meydanlarında qazanılan qələbəni davamlı sülh və sabitliklə taclandırmaqdır. Biz Azərbaycanın haqq mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə davamlı sülhün təmin olunması istiqamətində səmimi səylərini də dəstəkləyirik”, – deyə Türkiyə Prezidenti bildirib.

Türkiyə lideri Qarabağın yenidən qurulması istiqamətində Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirdiyini də qeyd edib:

“Qarabağda yenidən tüstülənən hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər tarixi irs Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”.