28 yaşlı qadın doğuşdan sonra öldü - Yenilənib

28-yasli-qadin-dogusdan-sonra-oldu
Oxunma sayı: 1879

Bərdədə 28 yaşlı qadın doğuşdan sonra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Bərdə şəhər sakini 1997-ci il təvəllüdlü Firuzə Qaçaylı 37 həftəlik hamiləliklə əlaqədar Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsinə yerləşdirilib.

O, gecə saatlarında oğul övladı dünyaya gətirib, lakin az sonra həyatını itirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Doğum Evinin baş həkimi Tünzalə Bəşirova Trend-ə məsələ ilə bağlı açıqlama verib:

“F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00-da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərində güclü ağrılar yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadə olunan “Platfilin” iynəsi vurulub.

Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan oğlan uşağı isə sağdır”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 23:50 radələrində 1997-ci il təvəllüdlü hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə ağır vəziyyətdə hospitalizasiya olunub:

“37 həftə 4 günlük hamiləlik, uşaqlıq üzərində çapıq toxumanın nazilməsi diaqnozu təyin edilən pasiyent dərhal Əməliyyat blokuna yerləşdirilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Cinsi kişi, çəkisi 3 kq. 400 qr., boyu 50 sm. olan yenidoğulmuşa zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.

Əməliyyatdan sonra zahı qadında səbəbi bilinməyən hemoliz, HELLP sindromu və DDLP sindromları müşayiət edilib. Zahı qadının qarın boşluğunda 2 litr həcmində maye toplanması səbəbilə konsilium keçirilib və diaqnostik relaparotomiya, qarın boşluğunun sanasiyası və drenlənməsi əməliyyatının aparılmasına qərar verilib, qarın boşluğu serroz mayenin üstünlüyü ilə qan komponentlərindən təmizlənilib.

Mütəmadi olaraq cərrah, reanimatoloq, hematoloq, uroloqlar ilə konsiliumlar aparılaraq pasiyentin müalicəsi davam etdirilib.

Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, 18.03.2025-ci il tarixində saat 01:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hamilə qadının yaxınlarının sözlərinə görə, 17.03.2025-ci il tarixində saat 22:00 radələrində sözügedən şəxs yaşadığı ərazi üzrə tibbi təhsili olmayan şəxsə müraciət edib və məlum olmayan səbəbdən hamilə qadına infuziya köçürülüb. İnfuziyanın köçürülməsi başlayan andan az müddət sonra qadının ümumi vəziyyəti pisləşib və təcili tibbi yardım xidmətinə müraciət edilib. Müraciətdən sonra isə ağır vəziyyətdə tibb müəssisəsinə hospitalizasiyası baş tutub”.