Ürək xəstəliklərini necə tanıyaq? - Kardioloq Günay Məhərrəmzadə

urek-xesteliklerini-nece-taniyaq
Oxunma sayı: 2665

Son illər ürək-damar xəstəlikləri əvvəlki illərlə müqayisədə daha gənc yaş qruplarında müşahidə olunmağa başlayıb. Hipertoniya, infarkt, aritmiya və ürək çatışmazlığı artıq yalnız yaşlıların deyil, gənclərin də sağlamlığına ciddi təhlükə yaradır. Bu narahatedici tendensiyanın səbəbləri arasında oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, xroniki stress və fiziki passivlik əsas rol oynayır.

Bu barədə “Referans”ın Nəsimi və Bayıl filiallarının kardioloqu Günay Məhərrəmzadə müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Bu gün insanlar ən çox hansı ürək-damar problemləri ilə bağlı müraciət edirlər? Xəstə profillərində hansı dəyişikliklər müşahidə olunur?

- Son illərdə ürək-damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı əhəmiyyətli dərəcədə artır. Ən çox rast gəlinən problemlər arasında hipertoniya, iskemik ürək xəstəliyi, aritmiya, miokard infarktı və ürək çatışmazlığı yer alır. Əvvəllər bu xəstəliklər daha çox yaşlı əhali arasında müşahidə olunurdusa, bu gün artıq gənclər arasında da qəfil ürəktutmaları, ritm pozğunluqları və digər ciddi ürək-damar pozuntuları ilə bağlı müraciətlər artıb. Bu dəyişikliklərin əsas səbəbləri oturaq həyat tərzi, qeyri-sağlam qidalanma (fast food), piylənmə, xroniki stress, az fiziki aktivlik və texnologiyanın gətirdiyi hərəkətsizlikdir.

- İlkin mərhələdə ürək xəstəliklərini necə tanımaq olar? İnsanlar hansı əlamətlərə diqqət yetirməlidirlər?

- Ürək xəstəlikləri bəzən simptomsuz şəkildə inkişaf edə bilər, lakin əksər hallarda bədən xəbərdarlıq siqnalları verir. Əgər pasiyent sinə nahiyəsində, kürəkdə, mədə hissəsində, alt çənədə və ya sol qolda ağrı hiss edirsə, xüsusilə bu ağrılar fiziki hərəkət, emosional gərginlik və ya təzyiqdən sonra baş verirsə, bu hal ürək problemlərinin əlaməti ola bilər. Eyni zamanda, nəfəs darlığı, ani halsızlıq, tərləmə, başgicəllənmə və ürəkdöyünmə də ilkin mərhələdə diqqətdən qaçmamalıdır. Bu əlamətlər müşahidə olunarsa, mütləq şəkildə kardioloqa müraciət edilməlidir.

- Ümumiyyətlə, insanlar hansı yaşdan etibarən profilaktik olaraq kardioloqa müraciət etməlidirlər?

- Əgər ailədə genetik olaraq ürək xəstəlikləri geniş yayılıbsa, o zaman həmin ailədə doğulan körpələrin erkən yaşlardan, hətta uşaq vaxtlarından ürək müayinəsindən keçməsi tövsiyə olunur. Yaş artdıqca isə bu nəzarət davam etdirilməlidir: 30 yaşdan sonra ildə bir dəfə, 40 yaşdan sonra isə ildə iki dəfə profilaktik kardioloji müayinələr aparılmalıdır.

Əgər genetik risk faktoru yoxdursa, heç bir şikayət olmasa belə 40 yaşdan sonra hər kəs ildə bir dəfə ürəyini yoxlatmalıdır. Ürəyə aid simptomlar varsa, yaşdan asılı olmayaraq müayinə zəruridir.

- Qidalanma və həyat tərzi dəyişiklikləri ürək sağlamlığına real təsir göstərə bilərmi? Hansı tövsiyələriniz var?

- Əlbəttə, düzgün həyat tərzi ürək-damar sağlamlığının qorunmasında əsas amillərdən biridir. Gündəlik minimum 4 min, ideal halda isə 8 min-10 min addım atmaq, aktiv həyat sürmək, stressdən uzaq durmaq və kifayət qədər yuxu almaq vacibdir. Qidalanmada balanslı menyuya üstünlük verilməli, duz, şəkər və doymuş yağlar azaldılmalı, meyvə, tərəvəz, lifli qidalar və omeqa-3 yağ turşularına zəngin məhsullar qəbul edilməlidir. Siqaret və alkoqol istifadəsindən imtina da ürək-damar sağlamlığı üçün son dərəcə önəmlidir. Bütün bu dəyişikliklər ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.

- Ağıllı saatlar, mobil tətbiqlər və digər texnoloji alətlər ürək sağlamlığının izlənilməsində nə qədər etibarlıdır?

- Texnoloji cihazlar, xüsusilə ağıllı saatlar və mobil tətbiqlər ürək ritminin, nəbzin, arterial təzyiqin və saturasiyanın gündəlik izlənməsində istifadə oluna bilər. Bu cihazlar, xüsusilə aritmiya və ya hipertoniya diaqnozu olan pasiyentlər üçün faydalıdır, çünki onlar gündəlik göstəriciləri izləməyə və həkimlə məlumat paylaşmağa imkan yaradır. Bununla belə bu texnologiyalar diaqnoz qoymaq üçün deyil, ilkin məlumat toplamaq və monitorinq məqsədilə istifadə olunmalıdır. Əsas diaqnoz və müalicə yalnız peşəkar tibbi müayinə və kardioloqun rəyinə əsasən aparılmalıdır.

Daha ətraflı məlumat üçün:

https://www.instagram.com/referanspoliklinika/

https://www.instagram.com/referansclc/