360 tonluq tarixi qalanı iplərlə çəkdilər - Fotolar

360-tonluq-tarixi-qalani-iplerle-cekdiler
Oxunma sayı: 403

Yaponiyada tarixi Hirosaki qalasının 360 tonluq əsas qülləsi əsrlərdir istifadə edilən ənənəvi üsulla yeni yerinə köçürülür. Əməliyyatın ilk mərhələsində 1800 nəfər 30 metrlik iplərdən istifadə edərək nəhəng qülləni iki metrdən çox hərəkət etdirib.

“Qafqazinfo” xəbər verir ki, Şimali Yaponiyanın Aomori bölgəsində yerləşən Hirosaki qalasında qeyri-adi bərpa işləri aparılır.

Milli əhəmiyyətli mədəni irs obyekti olan qalanın əsas qülləsinin sökülmədən köçürülməsi üçün əsrlərdir Yaponiyada istifadə olunan “hikiya” texnikasına müraciət edilib.

Əməliyyat zamanı iştirakçılar “So-re, so-re” şüarları səsləndirərək qülləni iplərlə tədricən çəkiblər. 80 nəfərlik qruplarla həyata keçirilən işin ilk günündə qüllə 1,13 metr, ikinci günündə isə 1,09 metr yerdəyişib.

Qüllənin köçürülməsi üçün ictimaiyyətin iştirakı da nəzərdə tutulub. İki günlük əməliyyatda iştirak etmək üçün ayrılan 1800 yerə təxminən 8000 nəfər müraciət edib.

Müraciət edənlər arasında Yaponiyanın müxtəlif bölgələrindən olanlarla yanaşı, Cənub-Şərqi Asiya, Avropa və Şimali Amerikadan insanlar da olub.

“Hiya” və ya “hikiya” kimi tanınan bu üsulda tarixi tikili sökülmür. Quruluş xüsusi relslər və diyircəklər üzərinə yerləşdirilir, daha sonra isə insan və ya mexaniki qüvvə ilə bütöv şəkildə hərəkət etdirilir.

Hirosaki qalasının qülləsinin də məhz bu üsulla köçürülməsinin əsas səbəbi tarixi tikiliyə zərər verməməkdir. Qüllənin ümumilikdə 5 metr məsafəyə köçürülməsi planlaşdırılır.

Əməliyyat avqustun sonuna qədər davam edəcək və ümumilikdə təxminən 4100 nəfərin prosesə cəlb olunması nəzərdə tutulur. Qalan məsafə isə xüsusi texnikanın köməyi ilə qət ediləcək.

Hirosaki qalası 1611-ci ildə Tsuqaru klanının qərargahı kimi inşa edilib. Orijinal əsas qüllə 1627-ci ildə ildırımın səbəb olduğu yanğın nəticəsində dağılıb. Bu gün mövcud olan qüllə isə 1810-cu ildə yenidən inşa edilib.

Yaponiyanın qorunub saxlanılan 12 tarixi qala qülləsindən biri olan Hirosaki qalası xüsusilə sakura mövsümündə böyük maraq görür. Qalanın yerləşdiyi parkı hər il təxminən 2 milyon insan ziyarət edir.

Qüllə əvvəlki yerinə qaytarıldıqdan sonra genişmiqyaslı konservasiya və bərpa işləri aparılacaq. Hakimiyyət orqanları tarixi tikilinin 2033-cü ildə yenidən ziyarətçilərin üzünə açılmasını planlaşdırır.