6 aylıq olanda itirdiyi hissi 29 yaşında geri qazandı... - Reportaj

6-ayliq-olanda-itirdiyi-hissi-29-yasinda-geri-qazandi
Oxunma sayı: 25

“Koxlear implantasiya əməliyyatından təxminən 40 gün sonra qulağına aparat qoyuldu. Həkimə ikimiz getmişdik, qayıdanda hava qaralırdı, çöldə də yağış yağırdı deyə tez-tez yeriyirdik. Birdən dedi ki, ana, dayan, ayaqqabının dabanının səsi qulağıma düşür. Mən bundan o qədər təsirləndim ki, yolboyu ağlaya-ağlaya getdim...” 

Bunu “Qafqazinfo”ya icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı keçirən 29 yaşlı Rüstəmin anası Vəzifə Əliyeva bildirib. Bəlkə də, bu ifadə adi hal kimi səslənə bilər. Amma illərdir arzulayan, buna ömrünü, illərini sərf edən ana üçün oğlunun kiçik taqqıltını da eşitməsi çox böyük hadisədir. 

Həmsöhbətimiz deyir ki, ailə artıq bütün çətinlikləri geridə qoyub, oğlunun eşitməsi get-gedə yaxşılaşır: “Rüstəm 6 aylıq olanda meningit infeksiyası keçirib. Uzun müddət müalicə almasına baxmayaraq, xəstəliyin fəsadı qulağına vurdu. Eşitməsi get-gedə zəiflədi, 6 yaşı olanda qulağına aparat qoyuldu. Eşitmədiyinə görə nitqi də zəif idi. Əməliyyatından hələ çox az – cəmi 6 ay keçib, amma çox böyük irəliləyiş var, eşitməsi xeyli düzəlib”. 

Anası deyir ki, əməliyyat oğlunu həm həyata, həm də 5 ildir çalışdığı aşpaz işinə daha da bağlayıb. Şəhərin mərkəzində yerləşən kafelərdən birində aşpaz olan Rüstəm indi işə daha həvəslə gedir. 

Ölkədə bu əməliyyatı edən azsaylı həkimlərdən olan LOR Hospitalın Qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi uzmanı Xəyyam Məsiyevin sözlərinə görə, artıq pasiyent reabilitasiya keçib. Çox yaxşı eşidir və bu, nitqinə də yaxşı təsir edir. 

Həkim deyir ki, bu əməliyyatı icbari tibbi sığorta hesabına uşaqlarla yanaşı, yaşlı insanlarda da etmək mümkündür: “Koxlear implant cihazı daha çox anadangəlmə eşitmə problemi olan uşaqlara qoyulur. Bu xəstələrdə ən gec bir yaşında implantasiya olunmalıdır ki, onlar eşitməni öyrənə bilsinlər və danışa bilsinlər. Həyatın müəyyən dövründə - 30, 40, yaxud 50 yaşlarında getdikcə eşitmə azalır və bildiyimiz eşitmə cihazlarından fayda görə bilməyən insanlara da koxlear implantasiya tətbiq olunur. Müəyyən reabilitasiya proqramını keçəndən sonra eşitmə yaxşılaşır və insanlar eşitməyə başlayırlar”. 

Məlum olur ki, anadangəlmə eşitmə qüsuru olan uşaqların böyük əksəriyyəti koxlear implantasiya əməliyyatı olunsa da, bəzi yanaşı xəstəlikləri olan uşaqlarda bu əməliyyatın icrası mümkün deyil. Bura daxili qulaq anomaliyaları, eşitmə sinirinin tamamilə olmaması, hər hansı bir ürək qüsuru və ya digər patologiyalar daxildir. 

“Əgər uşaqda anadangəlmə eşitmə problemi varsa, belə uşaqlar icbari tibbi sığorta hesabına 5 yaşa qədər, sonradan qazanılmış eşitmə azlığıdırsa, 65 yaşa qədər əməliyyat olunur. Əslində bu da təsadüfi yaş həddi deyil, çünki 5 yaşdan sonra eşitməyə başlasanız belə, danışma sual altındadır. Amma 5 yaşın üzərində olan uşaqlar da əməliyyat oluna bilərlər. Əgər 5 yaşına qədər müəyyən reabilitasiya keçiblərsə, eşitmə cihazı istifadə ediblərsə, az-çox nitq formalaşırsa, belə hallar istisna təşkil edirlər. Koxlear implantasiya ciddi maddi dəstək tələb edir. Cihazın özü bahalıdır, bütün pasiyentlər öz vəsaitləri ilə alıb əməliyyat oluna bilmirlər. Bu əməliyyatın icbari tibbi sığorta ilə qarşılanması həm biz həkimlər, həm də pasiyentlər üçün inanılmaz bir imkan yaratdı. Bu uşaqlar reabilitasiyasız qaldığı zaman biz cəmiyyət olaraq onları itirmiş oluruq. Fiziki qüvvə, sosial fərd itmiş olur, danışma-eşitməsi olmayan əngəlli insana çevrilirlər. Ömür boyu dövlətdən müavinət almaq məcburiyyətində qalırlar. Zamanında koxlear implantasiya olunarsa, düzgün reabilitasiya keçərsə, bu uşaqlar böyüyüb normal tədris alır, universitet oxuyur, aralarında müəllim, həkim, vəkil və digər peşələrə yiyələnənlər olur. İcbari tibbi sığortanın çətiri altında yüzlərlə uşağı əməliyyat eləmişik. Nəticələri də çox gözəl görürük”, - X.Məsiyev əlavə edir. 

Həkim bildirir ki, yenidoğulmuşların skrininqi olana qədər valideynlər çox ayıq olmalıdır. Əgər uşaqlar verilən səsə cavab vermirsə və ya ailədə, nəsildə eşitmə zəifliyi varsa, belə ailələrdə doğulan uşaqlar daha çox risk daşıyırlar. Uşaqların səsə reaksiya verməsində şübhə yarandığı halda, onlar mütləq yoxlanılmalıdır. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin təminatı və ekspertizası departamentinin əməkdaşı Esmira Həsənovanın sözlərinə görə, koxlear implantasiya əməliyyatı eşitmə problemi olan, diaqnozu təsdiqlənmiş vətəndaşlara icra olunan əməliyyatdır: “Bu əməliyyat icbari tibbi sığorta ilə tam paket şəklində qarşılanır. Yəni xəstənin əməliyyatönü bütün müayinələri, əməliyyatı və əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərfiyyat, eləcə də koxlear implant cihazının (həm daxili, həm xarici cihazın) implantasiyası və əməliyyatdan sonrakı reabilitasiya dövrü nəzərdə tutulub. Əməliyyatdan sonrakı reabilitasiya dövrü vətəndaşlara bir il ərzində ən azı üç dəfə nitq prosessorunun (xarici cihaz) tənzimlənməsi daxildir. 36 seans loqoped və 36 seans psixoloq dəstəyi bu xidmətə daxildir. Koxlear implant cihazına gəlincə isə, bu, 22 kanallı və maqnit rezonans müayinəsinə davamlı cihazdır”. 

Koxlear implantasiya əməliyyatı üçün hara müraciət olunmalıdır? 

Agentlik rəsmisinin sözlərinə görə, koxlear implantasiya əməliyyatı zamanı icbari tibbi sığortadan yararlanmaq üçün vətəndaşlar ilkin olaraq TƏBİB-in tabeliyində yerləşən dövlət tibbi müəssisələrinə, eləcə də Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına müraciət edərək lor müayinəsindən, lazım olduqda audiometriya, BERA testi və digər müayinələrindən keçdikdən sonra bu əməliyyat icra edilə bilər. 

“Koxlear implantasiya əməliyyatlarından anadangəlmə ikitərəfli eşitmə azlığı olan vətəndaşlar beş yaşınadək, sonradan yaranmış ikitərəfli eşitmə azlığı olan vətəndaşlar isə 65 yaşınadək yararlana bilər. Əlavə olaraq qeyd edək ki, koxlear implant istifadəçilərinin eşitməsinin daha da yaxşılaşdırılması, nitq qabiliyyətinin formalaşdırılması və onların sosial mühitə adaptasiyası üçün ilin yanvar ayından Xidmətlər Zərfinə 3 yeni xidmət əlavə olunub. Birinci xidmət - vətəndaşın bir il keçdikdən sonra xarici nitq prosessorunun dörd dəfə tənzimlənməsi daxildir. İkinci xidmət isə xarici nitq prosessorunda bir il keçdikdən sonra hər hansı bir texniki nasazlıq yaranarsa və yaxud zəmanət müddəti bitmiş olarsa, həmin cihazın eyni modeli ilə əvəzlənməsi deməkdir. Bu da vətəndaşların sosial həyata adaptasiyası üçün mühüm bir rol oynayır. Üçüncü xidmət isə koxlear implant cihazından istifadə edən vətəndaşların beş il sonra daha üst yeni modellə əvəzlənməsi deməkdir”, - E.Həsənova qeyd edib.

Gülnar Əliyeva

Foto-video: Xəyal Vəlizadə