Pişiklərlə ünsiyyət qurmağın gizli yolu - Kəşf olundu

pisiklerle-unsiyyet-qurmagin-gizli-yolu
Oxunma sayı: 1058

Pişiklərlə sürətli mənəvi bağ qurmağın yeni metodu kəşf edilib.

“Qafqazinfo” xəbər verir ki, insanlar gözlərini yüngülcə qıyaraq və yavaş-yavaş göz qırpmaqla pişiklərlə münasibəti sürətlə yaxşılaşdıra bilər.

“University of Sussex” mütəxəssisləri tərəfindən aparılan araşdırmalarda bu üsulun həm tanış, həm də yad pişiklərin insanlara yaxınlaşmaq və onlarla ünsiyyət qurmaq istəyini əhəmiyyətli dərəcədə artırdığı göstərilib.

Pişiklərlə vaxt keçirənlərin yaxşı tanıdığı yarı qapalı göz ifadəsi və ardınca gələn yavaş göz qırpma hərəkəti əslində pişiklərin rahat və sakit olduqları zaman verdiyi reaksiyadır. Mütəxəssislər bu ifadəni bir növ “pişik təbəssümü” kimi izah edirlər. İnsanların da bu hərəkəti təqlid edərək pişiklərə dost münasibət göstərməsi məqsədilə aparılan təcrübələr bu fikri dəstəkləyib.

Fərqli evlərdə yaşayan onlarla pişik üzərində aparılan müşahidələr zamanı sahibləri onlara baxarkən yavaş şəkildə göz qırpdıqda, pişiklərin də eyni şəkildə cavab verdiyi müşahidə olunub.

Daha sonra tanımadıqları tədqiqatçılar da eyni üsulu sınaqdan keçiriblər. Göz qırpmadan pişiklərə baxan insanlarla müqayisədə, yavaş göz qırpıb əlini uzadan tədqiqatçılara pişiklərin daha müsbət reaksiya verdiyi və yaxınlaşıb əllərini iylədiyi müəyyən edilib.

Bu araşdırma yavaş göz qırpmanın insan-pişik ünsiyyətindəki rolunu eksperimental şəkildə araşdıran ilk işlərdən biri hesab olunur.

Pişiklərin niyə məhz bu hərəkəti ünsiyyət vasitəsi kimi seçdiyi tam məlum deyil. Ancaq ehtimal olunur ki, onlar düz və davamlı baxışı təhlükə kimi qəbul etdiklərinə görə, göz qırpmanı xoş niyyət və təhlükəsizlik siqnalı kimi anlayırlar.

Bu cür ünsiyyət üsullarının öyrənilməsi xüsusilə baytarlıq klinikalarında və heyvan sığınacaqlarında stress altında olan heyvanların psixoloji rifahının qorunması baxımından böyük əhəmiyyət daşıyır.