7 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya olunub

7-azerbaycan-vetendasi-suriyadan-repatriasiya-olunub
Oxunma sayı: 993

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində fevralın 20-si Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, daha sonra onların Türkiyə ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və onlar ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.