9 il sonra müsəlmanların sayı xristianları keçəcək

9-il-sonra-muselmanlarin-sayi-xristianlari-kececek
Oxunma sayı: 171

2035-ci ilə qədər dünyada müsəlmanların sayı xristianların sayını üstələyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən “Pew” Araşdırma Mərkəzinin dərc etdiyi hesabatda bildirilir.

Proqnozlara görə, 9 il sonra qlobal müsəlman əhalisi 2,57 milyarda çatacaq, xristianların sayı isə 2,52 milyardla ikinci sıraya geriləyəcək.

Mövcud tendensiyalar davam edərsə, 2020-2070-ci illərdə dünya əhalisinin ümumi artımı 29 faiz təşkil edəcəyi halda, müsəlman əhalisi 80 faiz artaraq 3,64 milyarda (dünya əhalisinin 36 faizi), xristianlar isə 30 faiz artımla 2,96 milyarda (29 faiz) çatacaq. Eyni dövrdə yəhudilərin sayı 20 faiz (62 faizi İsraildə olmaqla), hinduların sayı isə 17 faiz artacaq. Heç bir dinə mənsub olmayanların qlobal payı 24 faizdən 17 faizə enəcək, Şərqi Asiyada əhalinin azalması fonunda buddistlərin sayı isə 23 faiz geriləyəcək.

Müsəlman əhalisinin sürətli artımı üç əsas amillə izah olunur: yüksək doğum nisbəti (qadın başına 3,1 uşaq, qeyri-müsəlmanlarda isə 2 uşaq), gənc yaş strukturu (müsəlmanların orta yaşı 24, qeyri-müsəlmanlarda 33) və Böyük Səhradan cənubdakı Afrikadakı (Qara Afrika) demoqrafik sıçrayış.

2070-ci ilə qədər dünya əhalisinin dörddə birindən çoxunun məhz bu regionda yaşayacağı, Avropanın qlobal payının isə 10 faizdən 6 faizə düşəcəyi gözlənilir.

Hesabata görə, 2070-ci ilə qədər dünya xristianlarının yarıdan çoxu Qara Afrikada cəmləşəcək və Konqo Demokratik Respublikası ən böyük xristian əhaliyə malik ölkə kimi ABŞ-ni geridə qoyacaq. Müsəlman əhalinin sayına görə isə Pakistan birinci yerə yüksələcək. Onu Hindistan, Nigeriya və İndoneziya izləyəcək.