Ailələri qəzaya həsr olunan poçt markasının təqdimatında - Fotolar

aileleri-qezaya-hesr-olunan-poct-markasinin-teqdimatinda
Oxunma sayı: 1774

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, poçt markasının təqdimat mərasimi Azərbaycan Tarixi Muzeyində keçirilib. 

Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Poçt markasının dövriyyəyə buraxılışı AZAL və “Azərpoçt”un birgə təşəbbüsü olub və 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr edilib. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.

AZAL-ın vitse-prezidenti İlham Əmirov poçt markası buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.

“Poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır. Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən-nəslə ötürülür. Bu mənada “J2-8243” reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır,” - İlham Əmirov bildirib.

“Bu layihənin AZAL və “Azərpoçt”un birgə təşəbbüsü kimi həyata keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, iki dövlət qurumunun yalnız funksional deyil, mənəvi məsuliyyəti də bölüşdüyünün göstəricisidir. AZAL bu hadisənin tarixini yaşadan tərəfdirsə, “Azərpoçt” həmin tarixi ölkədən ölkəyə, ünvandan ünvana daşıyan körpüdür,” - “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev qeyd edib.

 

Poçt markasının təqdimatında Azərbaycan Respublikasının Milli Qəhrəmanları olan ekipaj üzvlərinin ailələri də iştirak ediblər.

Layihənin diqqətçəkən cəhətlərindən biri də onun xeyriyyəyönümlü olmasıdır. Xatirə poçt markalarının satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də “J2-8243” nömrəli Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Lamiyə Məmmədova

Fotolar:Xəyal Vəlizadə