“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

ana-atam-ates-acir-bizi-oldurecek
Oxunma sayı: 2239

Tanınmış bloqer Oksana Samoylova və reper Ciqanın böyük qızı 15 yaşlı Ariela ilk dəfə atasının narkotik asılılığı, onun psixi pozuntuları və yaşadığı zorakılıq haqqında ətraflı danışıb. 

“Qafqazinfo” xəbər verir ki, Kseniya Sobçakın kanalına verdiyi müsahibədə Ariela həmçinin bu ilin yayında atasının evdə atışma törətməsi və öz işçilərini girov götürməsinin detallarını açıqlayıb.

Ariela atasının həmin gecə narkotik vasitələrin təsiri altında olduğunu bildirib. O, əvvəlcə kiçik bacısı Mayaya gizlənməyi tapşırdığını, sonra isə digər bacısı Leya ilə birlikdə pəncərədən Ciqanın mühafizəçiyə atəş açmağa başladığını gördüklərini söyləyib: “Maya nə baş verdiyini anlayırdı. Çox qorxmuşdum, başa düşürdüm ki, əgər gizlənsəm, daha pis olacaq. Maya və Leya üçün məsuliyyət mənim üzərimdə idi. Sonra anam yazdı ki, indi onun dalınca gələcəklər. O bizə gizlənməli olduğumuzu söylədi”.

Oksana Samoylovа isə öz növbəsində müsahibədə qızı ilə hadisə zamanı apardığı yazışmanı göstərib. Arielanın mesajları onun nə qədər qorxduğunu və yaxınlarının həyatı üçün narahat olduğunu göstərir.

“Ana, biz öləcəyik... O, dəli olub... Tez ol, xahiş edirəm... Qoy bu alçağı həbs etsinlər... O, atəş açır... Başladı... O bizi kilidləyib... Ana, xahiş edirəm, yalvarıram... Xahiş et, kimsə gəlsin... Səni çox sevirəm... O gəlir bizi vurmağa... O bizi öldürəcək”, - Ariela anasına yazıb.

Bununla yanaşı, Ariela atasının narkotik vasitənin təsiri altında ilk dəfə olmadığını etiraf edib. Onun sözlərinə görə, belə bir hal hələ 2020-ci ildə, Oksana kiçik oğlu Davidə hamilə olduğu zaman baş verib. Həmin vaxt atası narkotik maddələrin təsiri altında küçədə çılpaq gəzməyə başlayıb. Qız Ciqanın 2023-cü ildə də oxşar psixi pozuntu yaşadığını, həmin vaxt tüfəngi Samoylovaya yönəltdiyini söyləyib.

O etiraf edib ki, məhz 2023-cü ildə atasının uzunmüddətli gedişindən sonra ilk dəfə onsuz həyatın nə qədər sakit ola biləcəyini hiss edib. Ariela daim anasının və kiçik qardaş-bacılarının təhlükəsizliyi barədə narahat olduğunu söyləyib: “Ondan qorxuram. Qorxuram ki, anamı, uşaqları öldürəcək. Ona etibar etmək olmaz, onun şüuru dəyişib. Ailəsi və uşaqları var, amma yenə də narkotik qəbul etməyi seçir”.

Xatırladaq ki, daha əvvəl Ciqanın yayda Moskva vilayətindəki evində atışma törətdiyi və öz işçilərini girov götürdüyü məlum olub. Baş verənlər fonunda Oksana Samoylovа uşaqlar üzərində fərdi qəyyumluq əldə etmək və keçmiş ərinin valideynlik hüquqlarını məhdudlaşdırmaq üçün məhkəməyə müraciət edib. Reperin özü ittihamları rədd edərək onları yalan adlandırıb. O, malikanədə baş verənlərin musiqi klipinin çəkilişi ilə bağlı olduğunu iddia edib. Hazırda Ciqan İsraildə müalicə kursu keçir. 

2012-ci ilin dekabr ayında ailə həyatı quran Ciqan və Oksana Samoylova bu ilin aprel ayında boşanıblar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.