Ankarada Azərbaycan icması ilə görüş - Fotolar

ankarada-azerbaycan-icmasi-ile-gorus
Oxunma sayı: 288

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan icması ilə geniştərkibli görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.

Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüş Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı çıxış edib və belə səmimi görüşlərin təşkil olunmasının, hər zaman Azərbaycan dövlətinin dəstəyinin hiss olunmasının soydaşlarımız üçün çox qiymətli olduğunu bildirib.

Türkiyə Böyük Millət Məclisinin deputatı, əslən Azərbaycandan olan Şamil Ayrım icma fəaliyyəti ilə bağlı bir sıra məqamlara toxunub, Türkiyədəki azərbaycanlılara hər zaman diqqət və qayğı göstərildiyini nəzərə çatdırıb.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə görülən işlər, həyata keçirilən layihələr barədə geniş məlumat verib.

Çıxışlarda diaspor təşkilatları arasında koordinasiyanın artırılmasının və Türkiyə ictimaiyyəti ilə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti uzunmüddətli və sistemli əməkdaşlıq, qarşılıqlı dəstək, peşəkar təşkilatlanma və vahid məqsədlər ətrafında həmrəyliyin möhkəmləndirilməsi üzərində qurulub” - çıxışına bu sözlərlə başlayan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitənin fəaliyyəti, dünya azərbaycanlılarının diaspor şəbəkələri, həyata keçirilən layihələr, qlobal diaspor hərəkatında Azərbaycan diasporunun yeri barədə müfəssəl məlumat verib.

Bildirilib ki, Ankara kimi siyasi və ictimai baxımdan mühüm bir mərkəzdə fəaliyyət göstərən Azərbaycan icmasının fəallığının daha da artırılması, diaspor qurumları arasında əməkdaşlığın gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi ümummilli maraqlar baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüş iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Soydaşlarımız qarşılaşdıqları problemlərdən danışıb, yeni əməkdaşlıq imkanları barədə təkliflərini və təşəbbüslərini diqqətə çatdırıblar.

Görüş çərçivəsində Azərbaycan diaspor fəaliyyətinə verdikləri töhfələrə görə heykəltaraş-rəssam Səyad Rüstəmova və Ankara Universitetinin Hüquq Fakültəsinin professoru Cavid Abdullazadəyə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Ankarada keçirilən görüş Azərbaycan icmasının vahid məqsədlər ətrafında daha sıx birləşməsi, diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və soydaşlarımızın yaşadıqları cəmiyyətdə Azərbaycanı layiqincə təmsil etmələri istiqamətində yeni imkanların müəyyənləşdirilməsi ilə yadda qalıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son bir neçə ildə xaricdə yaşayan azərbaycanlılarla intensiv şəkildə görüşlər təşkil edir. Təkcə 2025-ci ildə komitə sədri və əməkdaşlarının 30 ölkəyə 100-ə yaxın səfəri təşkil olunub, müxtəlif ölkələrdə keçirilən icma görüşlərində minlərlə azərbaycanlı iştirak edib.