“Övladlarının ata qayğısına ehtiyac var” - Fəqan Əhmədov üçün müraciət etdilər

ovladlarinin-ata-qaygisina-ehtiyac-var
Oxunma sayı: 478

Beş il əvvəl arvadını öldürməkdə təqsirli bilinən keçmiş hakim Fəqan Əhmədovun azadlığa buraxılmasını valideynləri ilə yanaşı, qayınatası ilə qayınanası da istəyir. 

“Qafqazinfo” xəbər verir ki, F.Əhmədov cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün Xəzər Rayon Məhkəməsinə müraciət edib. 

Müraciətdə 7 illik cəzanın 3/4 hissəsinin çəkildiyi, cəzaçəkmə müəssisəsinin müsbət rəy verdiyi, məhkumun islah olduğu və əməlindən peşmanlıq çəkdiyi qeyd edilib.

Fəqanın öz valideynləri ilə yanaşı, mərhum Pərvanə Əhmədovanın valideynləri də nəvələrinin atasının azad olunmasına çalışılar. Hər iki ailə 5 il əvvəl baş verən hadisəni ehtiyatsızlığın nəticəsi hesab edir, Fəqan Əhmədovun əməlindən peşman olduğunu deyirlər. Valideynlər artıq yaşlandıqlarını, uşaqlara baxmaqda çətinlik çəkdiklərini dilə gətirirlər. 

Mərhum Pərvanə Əhmədovanın valideynlərinin müraciətində deyilir: “Məhkum Fəqan Əhmədov bizim kürəkənimizdir. Qızımızla Fəqan bir-birini sevərək ailə qurublar. Onlar nikah dövründə mehriban yaşayıblar, aralarında heç vaxt narazılıq olmayıb. Birgə nikahlarından 2-si azyaşlı olmaqla, 3 övladları var. Fəqan övladlarının qayğısına bir ata kimi yaxşı qalırdı. Baş verən bədbəxt hadisə də təsadüfən, ehtiyatsızlıqdan baş verib. 

Kürəkənimiz qızımıza heç vaxt bilərəkdən xəsarət yetirməzdi. Zərərçəkmişin hüquqi varisləri kimi, hazırda ondan şikayətçi deyilik. Fəqan uzun müddətdir həbsdədir, övladlarının isə ata qayğısına ehtiyacı var. Buna görə də övladlarının azyaşlı olmasını, hadisənin təsadüfən baş verməsini və şikayətçi olmadığımızı nəzərə alaraq, Fəqan Əhmədovun cəzadan vaxtından əvvəl azad olunmasına etiraz etmirik”.

Eyni qaydada Fəqanın öz valideynləri də onun azadlığa buraxılması üçün Məhkəmə-Hüquq Şurası rəhbərinə, Xəzər Rayon Məhkəməsinin sədrinə və başqa yerlərə müraciət ediblər. 

Xatırladaq ki, Fəqan Əhmədov hadisə baş verən vaxta kimi Sabunçu Rayon Məhkəməsinin hakimi  işləyib. O, məhkəməsində cinayət işi üzrə özünü təqsirli bilsə də, əməlindən peşman olduğunu, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib.

Sail Ağasəlim