“Atam oxumağımıza icazə verməyib ki, qız uşağı tək qalmamalıdır”

“Atam oxumağımıza icazə verməyib ki, qız uşağı tək qalmamalıdır”
Oxunma sayı: 2251

“15-16 yaşda qız ailə qurmaz, cavanlığını keçirib-görməlidir. Ailə olmalıdır, amma bunu dərk etməlidir. Ata-ana 16 yaşında qızını ərə verir, bunun əksinəyəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Evdəkilərə salam” proqramında erkən nikahdan danışarkən deyib.

Bundan əlavə, M. Əsədova qadın kimi xoşbəxt olmadığını bildirib: “Ailədə üç qız övladı olmuşuq. Məni dünyaya gətirmək istəməyiblər. Dünyaya gəldikdən sonra mələyə bənzəmişəm, buna görə də atam adımı Məleykə qoyub. Daha sonra qardaşım dünyaya gəldi, lakin qısa müddət sonra vəfat etdi.

Atamın ağır xasiyyəti olub. Təhsil almağımıza icazə verməyib ki, qız uşağı tək qala bilməz. Bakıya gəlib oxumağımızı istəmirdi. İndi incə bədənimlə kişi kimi savaşıram. Bir vaxt gələcək, qızım məni xoşbəxt edəcək. Qadın kimi yox, aktrisa kimi xoşbəxtəm. Həyatda çox əziyyət çəkmişəm, hər şeyin arxasınca özüm qaçmışam”.